Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiyaya qarşı almaz qiyamı
Dünya nəhəngləri bu bahalı daşın rus hərbi maşınını gücləndirməsinə imkan vermək istəmirlər

Avropa İttifaqı və “Böyük yeddilik” Rusiya Federasiyasına qarşı 12-ci sanksiyalar paketi çərçivəsində Rusiya almazları ilə ticarətə məhdudiyyətlər tətbiq edib. Həmin ölkələrin ərazisində yalnız Rusiya markası olmayan almazların alışına, satışına və emalına icazə veriləcək.

Bu qiymətli daşların ticarətinin və emalının dünya mərkəzi – Antverpen şəhəri – yerləşən Belçika Rusiya almazları ticarətinin qadağan olunmasının lehinədir. Böyük Britaniya da 2024-cü il yanvarın 1-dən Rusiya almazının idxalını qadağan edəcək. 

Niyə Rusiya almazlarına yönəlik Amerika sanksiyaları işləmədi, amma Belçika sanksiyalarına ümid var? Rusiya almazlarına yeni məhdudiyyətlər Antverpenin keçmiş əzəmətini necə bərpa edə bilər? Necə oldu ki, məhz Antverpen sayəsində Rusiyanın almazçıxaran “Alrosa” şirkətinin dünya bazarında payı 30 faizə çatdı? old.pressklub.az bütün bunlar barədə “Nastoyaşşee vremya”nın hazırladığı xüsusi reportajı təqdim edir.

*** 

Antverpen Avropanın brilyant paytaxtıdır. Belçikanın bu liman şəhəri həmin statusu artıq 500 ildir ki, qoruyur. Harri Potterin dekorasiyasını xatırladan və şəhərin zəngin tarixinin simvolu sayılan dəmiryolu vağzalı ilə yanaşı brilyant məhəlləsi də var. Bərq vuran zərgərlik məmulatları ilə dolu vitrinlərə turistlər boylanır.

Amma ən böyük pullar burada, zərgərlik mağazalarının rəflərində deyil, almazların topdan satıldığı qonşu küçədə dövr edir. Məhz bu fəaliyyət Antverpenə Avropanın brilyant paytaxtı statusunu qazandırıb. 

Adi arxitekturalı ofislərə baxanda buradan hər gün 250 milyon, ildə isə 50 milyard avroluq brilyantların keçdiyini deməzsən. Dünyadakı emal olunmamış almazların 85 faizinin yolu ən azı bir dəfə buradan keçir. Onların üçdə biri Rusiyadandır. 

Almaz və brilyantlar dolu qutular buraya dünyanın müxtəlif yerlərindən gəlir: Afrika, Kanada və Rusiyadakı mədənlərdən, pardaqlanmış halda Hindistandakı fabriklərdən, qarışıq və çeşidlənmiş şəkildə Dubaydan. Mədəndən zinət əşyasına qədərki yolda almaz onlarla əldən keçə bilər. Antverpendə onlara yenidən baxılır, yenidən dəyərləndirilir, partiyalar halında formalaşdırılır, satılır, ya da işlənmək üçün Hindistana göndərirlər. Bəzən burada da cilalayırlar, amma cüzi miqyasda. Bu işlə məşğul olan mini-fabriklər qonşu küçələrdə yerləşir. 

Almaz mövzusu Rusiyanın Ukraynaya təcavüzə başlamasından sonra siyasiləşib. Almazlar Rusiyaya hər il 4,5 milyard avro qazandırır və AB-nin sanksiyaları altına düşməyən ən gəlirli Rusiya ixracıdır. 

Rusiyanın almaz bazarında önəmli oyunçu rolunu qazanmasında Antverpenin rolu az deyil. 2000-ci illərin əvvəllərində Qərbdə “qanlı almazlar” termini yarandı. Termin vətəndaş müharibəsinin getdiyi Afrika ölkələrindən gətirilən almazlara aid edilirdi. Döyüşən tərəflər məhz qiymətli daşların satışından əldə olunan gəlirlə silah alırdılar. 

Antverpen brilyantları mənfi imicdən qurtarmağın yollarını axtarırdı, Rusiya isə o zaman perspektivli ticarət tərəfdaşı kimi etibara malik idi. Belçikanın baş naziri 2007-ci ildə Moskvaya səfəri zamanı Rusiyanı ölkəsinin almaz sənayesi ilə daha sıx əməkdaşlığa çağırdı. Bu da işə yaradı. 

2004-2012-ci illərdə brilyant məhəlləsindəki treydinq kompaniyasında işləyən Devid van Turnhaut o dövrü xatırlayır. Daha sonra peşəsini araşdırmaçı-jurnalistliyə dəyişən Turnhautun sonuncu materiallarından biri antverpenli treyderlərin Rusiyanın “Alrosa” şirkəti ilə əməkdaşlığa başlaması haqdadır. 

“Əvvəlcə çətin idi, çünki Rusiya almaz bazarı təşkil olunmamışdı. Haradasa 2007-ci ildə, almaz bazarında ciddi böhrandan sonra Putin Rusiya almaz bazarını yenidən təşkil etmək və onu daha peşəkarlaşdırmaq qərarına gəldi. Bu da Antverpen brilyant treyderləri üçün fürsətlər pəncərəsi oldu”, - Turnhaut yazır. 

Moskva “Alrosa”nın inkişafına dövlət büdcəsindən yüz milyonlarla avro ayırdı. Kompaniya almazların Antverpendə satışı üçün britaniyalı peşəkar taparaq onu amerikalı rəqiblərindən qamarladı. 

“Onlara təcrübəli birisinin köməyi lazım idi və uzun müddət “De Beers”ə işləmiş, Antverpen bazarını yaxşı bilən mütəxəssis tapdılar, - Turnhaut davam edir. – O da Antverpendəki adamlarda “Alrosa” ilə əməkdaşlıq istiqamətində entuziazm yaratmağa çalışdı”.

Entuziazm ajiotaja çevrildi. “Alrosa” böyük həcmdə almazlar təklif edirdi - bu isə bazarda az təsadüf olunur - və onunla iyirmiyə qədər müştəri sövdələşmə bağladı. Van Turnhautun sözlərinə görə, onların arasında həm kiçik, həm də böyük şirkətlər vardı. 

“Mən şirkət tanıyıram ki, bazarda kiçik idi, qısa müddət ərzində çox varlandı. O zaman almaz sektorunda işlədiyimdən ofislərində olurdum və böyük partiyalarla – az qala vedrələrlə - almazların gəldiyini görürdüm. Bu brilyantlardan bazarın sadəcə ağlı çaşmışdı”.

Sonra “Alrosa” özü üçün daha sərfəli olan çoxillik müqavilələrə keçdi, buna görə Antverpen treyderləri böyük və sabit həcmdə almaz partiyaları almalı idilər. Rusiya dünya işlənməmiş almaz ticarətində öz payını tədricən 30 faizə çatdırdı. Və indi də bazarda duruş gətirməyə imkan verən addım atdı.

“Onlar öz müştərilərinin boynuna təkcə Antverpendə deyil, Dubayda da ofis açmaq öhdəliyi qoydular. İndi, Ukraynada müharibə başlayandan sonra bazarın bir çox oyunçuları Rusiya brilyantlarını birbaşa Dubaya, Dubaydan Hindistana göndərirlər, oradan Belçikaya isə hind məhsulu kimi qayıdır”, - ekspert izah edir. 

Məhz Hindistanda, Surat şəhərində dünyadakı bütün almazların 95 faizini, o cümlədən Antverpendən göndərilənləri doğrayır və cilalayırlar. Bu işlə yarım milyona qədər insan məşğul olur. Qərb 2022-ci ilin martında Rusiyanı SVIFT beynəlxalq ödəniş sistemindən ayıranda, eləcə də ABŞ, Kanada, Böyük Britaniya brilyant sanksiyaları tətbiq edəndə bəzi şirkətlər üçün Rusiya ilə əməkdaşlıq etmək çətinləşdi. 

Qucarat ştatında almaz sənayesi işçilərinin həmkarlar ittifaqının vitse-prezidenti Bhaveş Tankın sözlərinə görə, Ukrayna müharibəsinə görə Suratda 30-50 min arası insan işini itirib. “Əgər müharibə tezliklə bitməsə, yaxın vaxtlarda işlərin nə qədər pisləşəcəyini təsəvvür etmək belə çətindir”, - Tank deyir. 

“Alrosa” üçün də işlər çətinləşib, amma düşünüldüyü qədər deyil. Amerika sanksiyaları Rusiya almazlarının ən böyük istehlak bazarına girişini bağlamalı idi: dünyadakı brilyant əşyaların 58 faizini ABŞ alır. Amma 2022-ci ildə “Alrosa”nın satışları yalnız 25 faiz azalıb. 

Tədqiqatçı Hans Merket deyir ki, sanksiyaların problemi Rusiyadan birbaşa ABŞ-a gələn emal olunmamış almazları əhatə etməsidir. Gerçəkdə isə daşlar Hindistanda cilalandıqdan və pardaqlandıqdan sonra Birləşmiş Ştatlara gətirilir.

“Rusiya almazları Hindistanda işlənəndən və pardaqlanandan sonra ABŞ gömrüyü tərəfindən Hindistan brilyantları kimi qəbul edilir, buna görə də asanlıqla bazara girirlər”.

Hans Merket “Rusiya almazları və Ukrayna müharibəsi” adlı hesabatın müəllifidir. Müəllif Rusiyanın indiyə qədər almazlardan milyardlarla gəlir əldə etməsi ilə yanaşı, “Alrosa” ilə rus hərbçilərin birbaşa əlaqəsinə diqqət ayırır. 

İndi Merketi ekspert qismində Rusiya almazlarına sanksiya ilə bağlı G7 ilə məsləhətləşmələrə cəlb edirlər. Ukraynaya təcavüzün ilk ilində Antverpen bazarı zərərə düşməmək üçün sanksiyalara müqavimət göstərirdi: almazlar Belçikanın ixracının 5 faizi və 30 min iş yeri deməkdir. Amma müqavimətin xeyri olmadı – Antverpen treyderləri onsuz da daha Rusiya xammalını ala bilmirdilər. 

“Bu, maliyyə sisteminin müxtəlif növ məhdudiyyətləri, sərnişin reysləri ilə bağlı logistik məhdudiyyətlər üzündən baş verdi, axı almazları çox vaxt sadəcə baqajla daşıyırdılar. Bundan əlavə, istehlakçıların bu brilyantlara nifrəti çoxaldı. Beləliklə, birbaşa idxal indi çox aşağıdır”, - Hans Merket deyir. 

Bunu “brilyant məhəlləsi”ndəki treyderlər də təsdiq edir – kimisi şəxsi söhbətlərdə, kimisi kameraya: burada kimsə Rusiya almazlarına bulaşmaq istəmir. Honkonq brilyant şirkətinin satış meneceri Deniş Patın sözlərinə görə, onların müştəriləri aldıqları məhsulun Rusiya mənşəli olmadığını bilmək istəyirlər. 

Amma Rusiya daşlarının Antverpendə, sonra da məşhur zərgərlik brendlərinin zinət əşyalarında yenidən peyda olmayacağına təminat vermək olmaz. 

“Həmin almazlar ticarət habında başqa ölkələrin almazları ilə qarışdığından, ya da Hindistanda işlənildiklərində mənşə sənədləşməsini itirirlər. Beləliklə, onlar radardan yayına bilirlər və bunu yoxlamaq çox çətindir”, - Merket izah edir. 

Rəqiblərinin – Hindistan və Dubay – ticarət hablarındakı bütün bu prosesləri izləyən, bazarı itirən Belçika, nəhayət, ticarət sanksiyalarına razılaşdı. Belçikanın baş naziri bunu təcavüzün başlamasından ilyarım keçdikdən sonra, Zelenskinin oktyabrda Brüsselə səfəri zamanı səsləndirdi. 

Belçika sanksiyalara dünyanın ən güclü iqtisadiyyatlarını – G7 ölkələrini cəlb etməklə ciddi effektə nail olmaq istəyir. Brilyant məmulatlarının 70 faizini məhz “böyük yeddilik” ölkələri alır. İdeya ondan ibarətdir ki, almazların mənşəyini izləməklə yalnız G7, yəni Belçika məşğul olacaq. Almaz mədəndən zinət əşyasına qədər yolun ilk dayanacağını məhz Antverpendə etməlidir, daha Hindistanda və ya Dubayda yox. Bu, həm sanksiyaların etibarlılığını təmin edər, həm də sivil bazarı yenidən Antverpenə yönləndirər. 

AB və G7-nin brilyant sanksiyaları yanvarın 1-dən qüvvəyə minir. İlk mərhələdə az effektli olacaq: Amerika sanksiyaları kimi onlar da Rusiyadan işlənməmiş almazın birbaşa idxalını əhatə edəcək. Amma sonrakı iki mərhələdə - 2024-cü ilin martında və sentyabrında – artıq işlənmiş daşların izlənilməsi sistemi Antverpendə işə düşəcək. Məhdudiyyətlərin gerçək təsirinin başlanğıcı məhz həmin tarixlər olacaq.

Bundan sonra Rusiya almazları ilə nə baş verəcək? Ekspertlər deyir ki, onlar ödəniş qabiliyyəti daha aşağı olan Asiya, Latın Amerikası və digər regionların bazarlarına keçəcəklər və müvafiq olaraq, ucuzlaşacaqlar. Antverpendə deyirlər ki, hətta yaxın vaxtlarda müharibə qurtarsa da, Rusiya Ukraynaya təzminat ödəməyənə qədər sanksiyalar ləğv edilməyəcək. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.currenttime.tv/a/iz-rossii-brillianty-postupali-prakticheski-vedrami/32725701.html