Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya Qazaxıstandan benzin və dizel istəyir
Dron zərbələri ölkəni yanacaq qıtlığı ilə üz-üzə qoyub

Rusiya yanacaq çatışmazlığı səbəbindən Qazaxıstana 100 min ton benzin tədarükü xahişi ilə müraciət edib. Bu barədə “Reuters” agentliyi üç mənbəyə istinadən məlumat yayıb. Həmsöhbətlərdən biri agentliyə bildirib ki, məsələ artıq razılaşdırılıb.

Qazaxıstan hakimiyyəti isə bu məlumatı təkzib edib. “Rusiya Energetika Nazirliyindən belə bir müraciət daxil olmayıb”, - “İnterfaks” agentliyi Qazaxıstanın energetika nazirinin müşaviri Şınqış İlyasova istinadla sitat gətirib.

“Mühüm hekayələr” nəşrinin mənbələri Rusiya hakimiyyətinin belə bir xahişinin səbəbini Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbələrin Rusiyanın neft emalı imkanlarının 15%-dən çoxunu sıradan çıxarmasında görür. Nəşr NATO-dakı anonim mənbədən sitat gətirir: “Zərərin miqyasından asılı olaraq, təmir xeyli vaxt apara və əhəmiyyətli xərclər tələb edə bilər”.

Rusiyada həftəlik benzin və dizel yanacağının istehsalı Ukraynanın pilotsuz təyyarələrin neft emalı zavodlarına hücumları səbəbindən azalmağa davam edir. Rosstatın məlumatına görə, Rusiyada martın sonuna benzin istehsalı illik ifadədə 14%, dizel yanacağı isə 7% azalıb.

Daxili bazarda yanacaq qıtlığı riski ilə əlaqədar Rusiya Belarusdan benzin alışını kəskin şəkildə artırıb. Əgər Rusiya fevralda Belarusdan 590 ton benzini idxal edibsə, martda bu həcm artıq üç min tona çatıb.

“Bloomberg” isə yazır ki, Rusiya dəniz dizel yanacağının ixracını 5 aylıq minimuma endirməyi planlaşdırır.

Mart ayında “Rosneft Ryazan” neft emalı zavodu və Nijni Novqorod vilayətindəki Kstovodakı “Lukoyl” zavodu kimi obyektlərə hücum edilib. Bunların hər ikisi Rusiyanın ən böyük 10 neft emalı zavodu sırasına daxildir və Moskvanı benzinlə təmin edir. Onların ilkin neft emalı qurğuları zədələnib, təmirin nə qədər davam edəcəyi barədə isə məlumat verilməyib. Krasnodar vilayətindəki Slavyanski neft emalı zavodu və Samara vilayətindəki Sızran və Kuybışev neft emalı zavodlarına da hücum edilib.

Ümumilikdə, ilin əvvəlindən Rusiyanın 10 regionunda 15 neft emalı zavoduna zərbə endirilib. Onların ümumi emal gücü ildə 192 milyon ton neft təşkil edir. Rəsmi Kiyev Rusiya neft zavodlarına edilən hücumlara görə məsuliyyəti üzərinə götürməyib.

“Financial Times” üç mənbəyə istinadən yazıb ki, Vaşinqton Kiyevi Rusiyanın enerji infrastrukturuna hücumları dayandırmağa çağırıb. Birləşmiş Ştatlar bu obyektlərə hücumların neftin dünya qiymətlərinin artmasına səbəb ola biləcəyinə və Moskvanın enerji infrastrukturu ilə bağlı cavab tədbirlərinə səbəb ola biləcəyinə diqqət çəkib.

Turqut