Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya istədiyini aldı: müharibə hələ indi başlayır...
Ukrayna sözünə əməl edərək müharibəni Rusiya ərazisinə keçirib, onlarla obyekt vurulub

Ukrayna Silahlı Qüvvələri müharibə başlayandan bu yana Rusiya ərazinə ən genişmiqyaslı hücum həyata keçirib. Ukrayna tərəfi dronlar vasitəsilə Rusiyanın bir neçə regionunu, eləcə də işğal edilmiş Krım ərazisini və Sevastopol şəhərini vurub.

Ən ciddi zərbə Pskov vilayətinə endirilib. Ukrayna dronları Pskovdakı “Krestı” hava limanını (bu hava limanı həm də hərbi aerodrom kimi istifadə edilir) sıradan çıxara biliblər. “Krestı”da Rusiyanın 334-cü hərbi-nəqliyyat aviasiya polku yerləşir. Nəticədə, Rusiyanın 4 ədəd İl-76 hərbi təyyarəsi və 1 ədəd Tu-22 strateji bombardmançısı sıradan çıxarılıb, daha bir neçə təyyarə zədələnib. Rusiya tərəfi cəmi 2 ədəd İl-76 təyyarəsinin zədələndiyini etiraf etsə də, dünyanın ən ciddi kəşfiyyat xidmətlərindən birinə malik İsrailin “Abu Ali Express” hərbi nəşri də bu faktı təsdiq edib. 

Bundan əlavə, Pskovdakı 104-cü qvardiya desant-hücum alayının bazası da vurulub. Bu alay 2022-ci ildə Ukraynanın Buça şəhərində hərbi cinayətlərdə iştirak edib. Qeyd edək ki, Rusiya müharibənin ilk günündən Pskov hava limanından istifadə edib. Fevralın 24-də Kiyev yaxınlığındakı Qostomel hava limanına enməli olan və hər birinin içində ən azı 126 desantçı yerləşdirilən 10 ədəd İl-76 təyyarəsi bu hava limanından qalxıb. 

Dronlar hava limanındakı yanacaq anbarını da partlada biliblər. Kəşfiyyatın məlumatına görə, partlayış nəticəsində texniki personal və bir neçə pilot məhv edilib. Ümumilikdə isə hücumlar nəticəsində onlarla Rusiya hərbçisinin öldürüldüyü bildirilir.

Ukrayna gecə ərzində Pskov vilayəti ilə yanaşı Lipetsk, Kaluqa, Tula, Bryansk, Belqorod, Orlov, Ryazan, eləcə də Moskva vilayətləri ərazisinə, həmçinin işğal edilmiş Krımda müxtəlif hərbi təyinatlı obyektlərə hücum edib. Bryanskda Rusiyanın ən böyük mikroelektronika istehsal edən zavodlarından olan “Kremniy El” vurulub. Pskovda 64044 saylı hərbi hissənin silah anbarı məhv edilib. Moskva da daxil olmaqla, yuxarıda göstərilən vilayətlərin çoxunda hava limanları bağlanılıb, “Edelveys” və “Xalça” xüsusi əməliyyatlarına başlanılıb.

Gündüz saatlarında isə Ukraynanın işğal edilmiş Zaporojye vilayətində seçki məntəqəsi məhv edilib. Eyni anda Krımın Cankoy və Krasnoperkopsk rayonlarında partlayış səsləri eşidilib. 

Artıq Rusiya tərəfi gecə hücumu ilə bağlı “kəskin” bəyanatla çıxış edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxış edərək bildirib ki, Ukraynanın Rusiya ərazisinə hücumu cavabsız qalmayacaq. Amma Zaxarova bu cavabın nədən ibarət olacağını, daha doğrusu hansı yeniliklərdən ibarət olacağını bildirməyib. Çünki Rusiya onsuz da hər gün nüvə silahını çıxmaq şərtilə arsenalında olan bütün növ silahlarla Ukrayna ərazisini vurur. Eləcə də, Zaxarova 2022-ci il fevral ayının 24-dən etibarən məhz Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hücuma keçdiyini unudub. Yəni, bu halda cavabı Moskva deyil, məhz Kiyev endirib.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Ukrayna tərəfi artıq xeyli müddətdir müharibənin hansısa formada Rusiya ərazisinə keçiriləcəyi anonsunu verir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov müsahibələrində Rusiyada yaşayan insanların da müharibənin nə olduğunu hiss edəcəklərini bildirib. Onun sözlərinə görə, Ukraynanın əlində Rusiya ərazisini vura bilmək üçün özünün istehsal etdiyi silahı var.

Ukrayna prezidenti Ofisinin rəhbərinin müavini Mixail Podolyaka Rusiya əhalisinin sürətlə müharibəyə öyrəşdiklərini və onun tezliklə Rusiya ərazisinə keçəcəyini bildirib: “Müharibə bütün “borclarını” qaytarmaları üçün tezliklə “müharibə müəlliflərinin” ərazisinə keçəcək. Rusiyada baş verəcək hər şey obyektiv tarixi prosesdir. Mənşəyi məlum olmayan daha çox dron, daha çox dağıntı, daha çox vətəndaş qarşıdurması, daha çox müharibə...”

Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov isə tezliklə Rusiyanı daha böyük sürprizlər gözlədiyinin anonsunu vermişdi. 

Yəni, müharibə hələ indi başlayır...

Press Klub