Regionda böyük müharibə başladı
ABŞ və İsrail İranda hədəflərinə çata biləcəkmi?
28 Fevral 2026
Fevralın 28-də səhər saatlarından etibarən ABŞ və İsrail hərbi qüvvələri Körfəzə gətirilən təyyarədaşıyan gəmilərdən, ətraf ölkələrdəki hərbi bazalardan, eləcə də aviasiyadan istifadə etməklə İrana zərbə endirməyə başlayıb. Beynəlxalq KİV-in yaydığı məlumata görə, paytaxt Tehran, Kirmanşah, İsfahan və s. şəhərlərdəki hərbi hədəflər — SEPAH bazaları, hərbi-kəşfiyyat qurumlarının binaları hədəfə alınıb. Qeyri-rəsmi məlumatlara görə, hərbçilər arasında itkilər var.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, məqsəd İrana qabaqlayıcı zərbələr endirmək, İran rejiminin yaratdığı təhdidləri aradan qaldıraraq, Amerika xalqını qorumaqdır. “Bu bəyanatı rahat çatdırmıram. İran rejimi öldürmək istəyir. Azadlıq saatınız yaxındadır”, – Tramp müraciətində deyib.
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail dövləti özünə təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı hücuma başlayıb.
Yüksək vəzifəli iranlı rəsmi “Al Jazeera” telekanalına müsahibəsində İsrailə sərt xəbərdarlıq edib: “Biz İsrailə açıq şəkildə deyirik: gələnlərə hazır olun. Cavabımız açıq olacaq və heç bir qırmızı xətt olmayacaq. Bütün variantlar masadadır, o cümlədən əvvəllər nəzərdən keçirilməyən ssenarilər”, – iranlı rəsmi bildirib.
Beləliklə, tərəflər arasında qarşılıqlı zərbələr yeni mərhələyə qədəm qoyur. SEPAH-ın “genişmiqyaslı əməliyyat” bəyanatı və Tehranın “qırmızı xətlərin olmayacağı” barədə xəbərdarlığı regionda daha geniş hərbi toqquşma riskini artırır. Son məlumatlara görə, İran ordusu İsrailə və ətraf ölkələrdə yerləşən ABŞ hərbi bazalarına raket zərbələri endirməyə başlayıb.
ABŞ-İsrail hücumu regionda genişmiqyaslı müharibəyə çevrilə bilərmi, İrandakı teokratik rejimin devrilməsi mümkündürmü? Çin hansı reaksiyanı verəcək?
Politoloq Zərdüşt Əlizadə Pressklub.az-a şərhində bildirib ki, ABŞ-İsrail qüvvələrinin İrana qarşı hərbi əməliyyatları beynəlxalq hüquqa tamamilə ziddir:
“İranı vurmaq üçün elementar bəhanə belə yox idi. Çünki İranın dini lideri bəyan edib ki, kütləvi qırğın silahları əldə etmək İslam əxlaqına ziddir. Daha sonra rəsmi Tehran bəyan edib ki, onun nüvə silahları yaratmaq niyyəti yoxdur. MAQATE müfəttişləri də bir neçə dəfə bildiriblər ki, İranın hərbi nüvə proqramı yoxdur. Amerika kəşfiyyatı dəfələrlə Prezident Trampa məruzə edib ki, İranda atom bombası mövcud deyil. Ötən ilin yayında Tramp da, Pentaqon da bəyan etdilər ki, İranın nüvə obyektləri məhv edilib. İndi nə baş verib ki, İrana hücum edirlər? İsrail-ABŞ cütlüyü tələb edir ki, ballistik raket proqramını ləğv et. Bu, faktiki olaraq İranı İsrail qarşısında kapitulyasiya etməyə məcbur etməkdir. Daha sonra Rza Pəhləvini İranın başına keçirib, onu diz çökdürüb əllərini öpdürmək istəyirlər”.
Politoloq hesab edir ki, İran öz suverenliyini güzəştə getməyəcək və müqavimət göstərəcək: “Hələlik, müharibənin birinci günüdür. Hesab edirəm ki, İran İsrailə və ABŞ-ın hərbi bazaları olan ətraf ölkələrə zərbələr endirəcək. Bu dəfə daha böyük miqyasda zərbələrin olacağı gözləniləndir. Bu, İran üçün qanuni hədəflərdir. Mən gözləyirəm ki, qarşıdakı günlərdə Körfəzdəki ABŞ hərbi gəmilərinə də zərbələr ediləcək, daha sonra dünya neftinin 37 faizinin keçdiyi Hörmüz boğazının bağlanması da baş verə bilər”.
Z. Əlizadə bildirir ki, müharibə uzanarsa, ABŞ-İsrail Rusiyanın Ukraynada düşdüyü vəziyyətə düşəcəyinə inanmır, çünki resurslar fərqlidir. “Amma Əfqanıstan, Vyetnam təcrübəsi var, bu kasıb ölkələrdə Birləşmiş Ştatlar rüsvayçı duruma düşdü, İranda da onu belə bir perspektiv gözləyə bilər”, - o vurğulayıb.
İranla strateji münasibətlərə malik olan Çin hansı mövqeni tuta bilər? Z. Əlizadə hesab edir ki, Pekin ənənəvi siyasətini davam etdirəcək və müharibəyə qarışmayacaq: “Çinin əsas hədəfi hərbi və iqtisadi cəhətdən güclənməkdir. Onlar görürlər ki, ABŞ, Rusiya axmaqlıq edir, özlərinə problemlər yaradır, deyir, qoy daha dərinə batsınlar. Ona görə də İrana dolayı dəstək versələr də, birbaşa prosesin iştirakçısı olmayacaqlar”.
Politoloq Xaləddin İbrahimli Pressklub.az-a deyib ki, hazırda ABŞ və İsrailin İrana qarşı birgə hava zərbələri regionda açıq hərbi qarşıdurma mərhələsinə keçdiyini göstərir. O bildirib ki, hücumlar Tehran və digər şəhərlərdə hərbi və strateji obyektləri hədəfə alıb və ABŞ rəhbərliyi əməliyyatları “böyük hərbi əməliyyatlar” kimi xarakterizə edib. İbrahimli qeyd edib ki, ABŞ hərbiçilərinin itkiləri də mümkündür.
Politoloq əlavə edib ki, İran cavab olaraq İsrailə raket və dron zərbələri endirib və ABŞ bazalarını hədəf kimi elan edib. Münaqişə artıq Körfəz regionuna yayılmağa başlayıb: “Bəhreyndə ABŞ 5-ci Donanmasının qərargahı raket hücumuna məruz qalıb və İran raketlərinin bir hissəsi region ölkələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Bu vəziyyət göstərir ki, münaqişə artıq lokal zərbələr mərhələsindən çıxaraq regional hərbi eskalasiyaya doğru gedir”.
Politoloq bildirib ki, ABŞ əməliyyatlarının bir neçə gün və ya daha uzun müddət davam edə biləcəyi gözlənilir. O deyib ki, münaqişənin qısa müddətdə bitməsi mümkün olsa da, hava və raket zərbələri ilə davam edən həftələr və ya aylar çəkən məhdud müharibə daha real görünür. Müharibənin müddəti əsasən İranın cavab zərbələrinin miqyasından asılı olacaq.
X. İbrahimli deyib ki, ABŞ bazaları olan Orta Doğu ölkələrinin müharibəyə qoşulması riski artıq real xarakter daşıyır. Əgər İran ABŞ bazalarına hücumları genişləndirərsə və müttəfiqi olan silahlı qruplar münaqişəyə qoşularsa, bu, bütün regionu əhatə edən böyük müharibəyə çevrilə bilər. Politoloq bildirib ki, hazırda region ölkələri əsasən müdafiə mövqeyində qalmağa çalışır, lakin eskalasiya riski yüksəkdir.
Politoloq qeyd edib ki, ABŞ rəhbərliyi İran rejiminin dəyişməsini açıq şəkildə gündəmə gətirsə də, qısa müddətdə rejim dəyişikliyi ehtimalı aşağı qiymətləndirilir. Yalnız uzunmüddətli müharibə və ya daxili siyasi böhran nəticəsində rejim dəyişə bilər. İbrahimli qeyd edib ki, İran molla rejiminin sonu yaxınlaşır və liderlərə yönəlik sui-qəsd xarakterli hücumlar davam edəcək, potensial hakimiyyət iddiaçıları fiziki olaraq ortadan qaldırılacaq.
Politoloq ən real üç inkişaf ssenarisini də açıqlayıb:
- Məhdud regional müharibə – İbrahimli deyib ki, müharibə hava və raket zərbələri ilə davam edəcək, ABŞ və İsrail zərbələr endirəcək, İran isə İsrailə və ABŞ bazalarına cavab verəcək. O bildirib ki, bu mərhələ həftələr və ya aylar davam edə bilər, lakin quru müharibəsi ehtimalı aşağıdır.
- Böyük regional müharibə – Politoloq deyib ki, əgər İran ABŞ bazalarına geniş hücumlara başlayarsa və regiondakı silahlı qruplar münaqişəyə qoşularsa, müharibə bütün Yaxın Şərqi əhatə edə bilər və Körfəz ölkələri birbaşa tərəf olacaq.
- Qısa müharibə və siyasi razılaşma – İbrahimli bildirib ki, az ehtimal olunan ssenariyə görə bir neçə gün və ya həftəlik zərbələrdən sonra tərəflər atəşkəsə razılaşa bilər, rejim dəyişməz və münaqişə müvəqqəti dayanmış olar.
Politoloq deyib ki, hazırkı vəziyyətə əsasən ən realist ehtimal məhdud regional müharibədir və ABŞ–İsrail zərbələri ilə İranın cavab zərbələri artıq münaqişənin genişlənmə mərhələsinə keçdiyini göstərir. O bildirib ki, hələlik tammiqyaslı müharibə əlamətləri müşahidə olunmur.
Turqut