Qərb Moskvanın bütün dünya üçün ciddi təhlükəyə çevrildiyini anlayırmı?
ABŞ-da Rusiyanın İrana kömək rolunu araşdırmağa çalışırlar
25 İyul 2026
ABŞ kəşfiyyatı Fars körfəzində Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) obyektlərinə hücumlar zamanı Rusiyanın İrana hər hansı yardım göstərib-göstərmədiyini araşdırır.
Bu barədə Reuters agentliyi ABŞ xüsusi xidmət orqanlarının fəaliyyəti barədə məlumatlı olan dörd mənbəyə istinadən xəbər yayıb. Agentliyin həmsöhbətləri bildiriblər ki, ABŞ kəşfiyyatının nümayəndələri Rusiyanın CIA obyektlərinə hücumlarda mümkün iştirakına dair hələ yekun nəticəyə gəlməyiblər.
Lakin onlar mümkün sübut kimi zərbələrin yüksək effektivliyini və dəqiqliyini, həmçinin Rusiyanın İrana göstərdiyi genişmiqyaslı texniki dəstəyi göstəriblər.
Reuters və digər KİV-lər daha əvvəl ABŞ rəsmilərinə istinadən xəbər vermişdilər ki, Rusiya Fars körfəzi regionunda yerləşən Amerika obyektlərinə zərbələr zamanı İrana hədəflər barədə məlumat ötürüb və digər texniki dəstək göstərib. Bununla belə, indiyədək ictimaiyyətə Rusiyanın CIA obyektlərinə hücumları dəstəkləməsi ilə bağlı kəşfiyyatın araşdırması barədə məlumat açıqlanmamışdı.
KİV-lərin məlumatına görə, mart ayında ən azı iki CIA obyekti hücuma məruz qalıb. Onlardan biri Səudiyyə Ərəbistanında, digəri isə İraqın şərqində yerləşir. Bəzi mənbələr digər CIA obyektlərinin də hücuma məruz qaldığını iddia etsələr də, bununla bağlı əlavə təfərrüat açıqlanmayıb.
Qərb kəşfiyyat xidmətlərindən birinin daxili hesabatında Rusiyanın CIA-nın regiondakı obyektlərinə hücumlarda müəyyən rol oynadığı qənaətinə gəlinib.
Fars körfəzi regionunda kəşfiyyat hesabatları ilə tanış olan iki Qərb rəsmisi bildirib ki, Səudiyyə Ərəbistanındakı obyektə hücum zamanı İran istehsalı olan, lakin Rusiyanın modifikasiya etdiyi iki “Şahed” pilotsuz uçuş aparatından istifadə olunub.
Onların sözlərinə görə, Rusiya İranın “Şahed” dronlarının hədəfləri vurmaq qabiliyyətinin artırılmasına kömək edib. Analitiklər hesab edirlər ki, Ər-Riyada endirilən zərbə zamanı məhz bu modifikasiya edilmiş versiyalardan istifadə olunub.
Digər mənbənin sözlərinə görə, Rusiya “Şahed-136” dronlarının dəqiqliyini artırmaq üçün Tehrana “Kometa-M” peyk naviqasiya sistemini təqdim edib. Ekspertlərin fikrincə, bu sistem İranın istifadə etdiyi analoji sistemdən daha dəqiqdir və radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılması daha çətindir.
Mənbələr İran dronlarının hücumuna məruz qalan CIA obyektlərinin dəqiq sayını və yerləşdikləri məkanları açıqlamaqdan imtina ediblər. Mənbələrdən biri onların sayının “birdən çox, amma ondan az” olduğunu bildirib. Digər mənbə isə bir neçə obyektin vurulduğunu deyib.
Xatırladaq ki, daha əvvəl mənbələr Rusiyanın ABŞ ilə atəşkəs dövründə İranın raket arsenalının bərpasına kömək edə biləcəyini bildirmişdilər.
Bundan başqa, Rusiyanın ABŞ-a qarşı müharibədə İrana kəşfiyyat məlumatları ilə dəstək verdiyi də xəbər verilmişdi.
Bu fonda Qərbin, xüsusilə də ABŞ-ın Rusiyaya münasibətdə nümayiş etdirdiyi qətiyyətsizlik anlaşılmaz olaraq qalır. Avropanın bir hissəsi olan Ukraynaya qarşı birbaşa hərbi təcavüz, İsrail ərazisində (Qəzzada) terrorçular üçün tunellərin tikintisi, İran rejiminə kəşfiyyat məlumatları və digər vasitələrlə dəstək – bütün bunlar Trampın və digər Qərb liderlərinin heç olmasa Rusiyanı iqtisadi cəhətdən boğmaq məqsədilə ciddi və koordinasiyalı addımlar atması üçün kifayət deyilmi? Əgər onlar Ukraynaya silah tədarükünü maksimum səviyyədə artırmağa hazır deyillərsə, bəs daha nə baş verməlidir ki, nəhayət ayılsınlar və bütün dünya üçün təhlükə yaradan bu qüvvəyə qarşı qəti tədbirlər görməyin vaxtının çatdığını anlasınlar?
Ukraynanın “Strategiya XXI” Qlobal Araşdırmalar Mərkəzinin prezidenti, “Qara dəniz təhlükəsizliyi” jurnalının baş redaktoru Mixail Qonçar bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
.jpg)
O, Trampın ilk prezidentlik dövrünə aid unudulmuş bir hadisəni xatırlatmağı təklif edib.
“Rusiya hərbi kəşfiyyatının (əvvəllər GRU kimi tanınan), xüsusilə də 29155 saylı hərbi hissənin Əfqanıstanda Amerika və koalisiya hərbçilərinin öldürülməsinə görə taliblərə pul mükafatı verdiyi barədə məlumat 2020-ci il iyunun 26-da məlum olmuşdu. Donald Tramp isə bu məlumatlarla hələ 2020-ci ilin mart ayında tanış edilmişdi. The Washington Post, ABC News və digər nüfuzlu KİV-lər təsdiqləmişdilər ki, bu məlumat həqiqətən də ABŞ xüsusi xidmət orqanları arasında dövriyyədə olub.
2020-ci ilin iyulunda CIA və ABŞ Milli Kəşfiyyatının rəhbərləri Konqres üçün qapalı brifinq keçirmişdilər. Həmin vaxt CIA və Xüsusi Əməliyyatlar Komandanlığı bu məlumatı kifayət qədər etibarlı hesab etmişdilər. Milli Təhlükəsizlik Agentliyi (NSA) isə sübut bazasını yetərli saymadığı üçün məlumatı daha aşağı etibarlılıq səviyyəsində qiymətləndirirdi.
2021-ci ilin aprelində artıq digər prezident – Co Bayden administrasiyası kəşfiyyat məlumatlarının yenidən qiymətləndirilməsinin nəticələrini açıqlamışdı. Bildirildi ki, ABŞ kəşfiyyatı Rusiya kəşfiyyatının taliblərə mükafat təklif etməsi və ya ödəməsi barədə məlumatı yüksək etibarlılıq səviyyəsində təsdiqləyə bilmir. Bu isə o demək idi ki, həmin məlumatı nə tam təsdiqləmək, nə də tam təkzib etmək mümkün olub.
Donald Tramp 2020–2021-ci illər ərzində ardıcıl olaraq bu məlumatların etibarlılığını ya kiçildir, ya da ümumiyyətlə inkar edirdi. O bildirirdi ki, nə özü, nə də vitse-prezident Mayk Pens Rusiyanın taliblərə ödəniş etməsi ilə bağlı hər hansı məruzə alıb. Tramp bu məsələni Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı əvvəlki araşdırmalarla əlaqələndirir və onu siyasi motivli kampaniya adlandırırdı”, – deyə analitik bildirib.
Onun sözlərinə görə, o vaxtdan bəri ABŞ xüsusi xidmət orqanlarının fəaliyyətində ciddi dəyişiklik baş verməyib.
“Bəziləri Rusiyanın düşmən xarakterli fəaliyyətini görür, digərləri isə buna şübhə ilə yanaşır. ABŞ prezidentləri isə Putinlə münasibətləri korlamaq istəmirlər. Xüsusilə də Tramp – görünür, o, hələ də Putinə simpatiya hissindən qurtula bilməyib.
Şübhəsiz ki, həm Rusiya, həm də Çin İrana kömək edir və bunu mümkün qədər iz qoymadan etməyə çalışırlar. Müasir rəqəmsal məlumat ötürmə texnologiyaları buna imkan verir. Rusiya isə bu cür ittihamlara cavab olaraq həmişə eyni arqumenti irəli sürür: “Sübut edin!” Adətən məsələ də bununla yekunlaşır.
Çox güman ki, Trampın mövqeyi yalnız o halda dəyişə bilər ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ya onun proksi qüvvələri ABŞ ərazisində “qisas əməliyyatı” həyata keçirsin, yaxud haradasa çoxlu sayda amerikalı hərbçi həlak olsun və ya ABŞ-yə məxsus gəmi və ya təyyarələr şəxsi heyətlə birlikdə məhv edilsin. Bəlkə də yalnız bundan sonra Ağ Evdə bu hücumların kimin dəstəyi ilə həyata keçirildiyi barədə ciddi düşünməyə başlayacaqlar”, – Qonçar bildirib.
Rauf Orucov