Logo
news content
User
Kateqoriyalar

Analitika

Qazaxıstan və Özbəkistan üçün “miqrant tələsi”
Avropa İttifaqı öz yükünü niyə türk dövlətlərinin üstünə atmağa çalışır?

Qazaxıstan və Özbəkistan Avropa İttifaqı (Aİ) ölkələrində sığınacaq almaq müraciəti rədd edilmiş miqrantların saxlanılması üçün mərkəzlərin yaradıla biləcəyi potensial ölkələr kimi nəzərdən keçirilir. Bu barədə Avropa diplomatlarına istinadən Politico nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Avropa İttifaqının üzvü olan bir qrup dövlət deportasiya edilməli olan miqrantlar üçün “geri qaytarılma mərkəzləri”nin yaradılması barədə blokdan kənarda yerləşən 8–10 ölkə ilə danışıqlara başlamağa hazırlaşır. Diplomatlardan birinin sözlərinə görə, mümkün tərəfdaşlar sırasında Qazaxıstan və Özbəkistanın da adı var. Təşəbbüsü Niderland, Avstriya, Danimarka, Almaniya və Yunanıstan irəli sürür. Əvəzində, belə mərkəzləri qəbul etməyə razılıq verən ölkələrə inkişaf üçün maliyyə yardımı və ya viza rejimində müəyyən güzəştlər təqdim oluna bilər.

Politico qeyd edir ki, Avropadakı ölkələrin hakimiyyət orqanları sağçı partiyaların populyarlığının artması və mövcud deportasiya sisteminin aşağı effektivliyi fonunda miqrasiya siyasətini sərtləşdirməyə çalışırlar. Eurostatın məlumatına görə, Aİ ərazisini tərk etmək göstərişi verilən miqrantların cəmi 28 faizi faktiki olaraq ölkələrinə qaytarılır.

Bununla yanaşı, Avropa ölkələrinin hökumətləri hələlik layihədə iştirak edə biləcək dövlətlərin adlarını açıq şəkildə çəkməkdən yayınırlar. Bu ehtiyatlılıq oxşar təşəbbüslərə yönəlmiş tənqidlərlə bağlıdır. Belə ki, Böyük Britaniyanın miqrantları Ruandaya göndərmək planı uğursuzluğa düçar olub, İtaliya ilə Albaniya arasında bağlanmış saziş ətrafında isə məhkəmə mübahisələri hələ də davam edir.

Gözlənilir ki, ilin sonunadək Avropa İttifaqı bu mərkəzlərin fəaliyyət formatını dəqiqləşdirməyə və rəsmi danışıqlara başlamağa hazır olan ölkələri müəyyənləşdirməyə çalışacaq.

Aprelin 22-də məlum olub ki, 2025-ci ildə Avropa İttifaqında miqrantların sayı rekord həddə – 64 milyona çatıb. Bir il ərzində miqrantların sayı 2,1 milyon nəfər artıb.

Bəs Mərkəzi Asiya ölkələri özləri üçün belə bir yeniliyə razı olacaqlarmı? Axı, Yaxın Şərqdən və Afrikadan gələcək “naməlum” miqrantların axını onlar üçün əvvəllər məlum olmayan yeni problemlər vəd edir. Onları necə yerləşdirmək olar? Nə ilə qidalandırmaq lazımdır? Onlara rəsmi əmək fəaliyyəti ilə məşğul olmağa icazə verilməlidirmi? Və bunun müqabilində Avropa İttifaqının təqdim etməyə hazır olduğu üstünlüklər nə dərəcədə böyükdür? Ola bilərmi ki, Brüssel gələcəkdə Qazaxıstan və Özbəkistan ərazisindəki xüsusi mərkəzlərə göndərilmiş qeyri-qanuni miqrantlarla bağlı hər hansı addım atmaqdan imtina etsin? Yəni onların orada həmişəlik qalması riski istisna edilirmi?

Pressklub.az-ın suallarını tanınmış xarici ekspertlər cavablandırmağa razılıq veriblər.

Almaniyalı politoloq, Potsdamdakı WeltTrends Beynəlxalq Siyasət İnstitutunun professoru Aleksander Rar bildirib ki, hazırda Avropa İttifaqı, milli hökumətlər və Avropa bürokratiyası miqrasiya problemləri ilə həddindən artıq yüklənib.

“Miqrasiya böhranı Avropa üçün ən ağrılı problemlərdən biridir. Avropa hakimiyyət orqanları onun yaratdığı çağırışların öhdəsindən gələ bilmirlər. Miqrasiya axınlarını müəyyən qədər yavaşıtmaq mümkün olur, lakin artıq Avropada yaşayan 65 milyon miqrantla bağlı problem həll edilməyib. 2015-ci ildən bəri davam edən bu güclü qaçqın axını Avropa dövlətlərinin sosial sistemlərini ağır sınaq qarşısında qoyur. Əsas problemlər isə hələ irəlidədir – və bunlar sosial və ya iqtisadi deyil, mədəni və sivilizasiya xarakterli problemlərdir. Avropanın bəzi iri şəhərlərinə baş çəkəndə artıq belə bir təəssürat yaranır ki, gec-tez Avropa İttifaqında xilafət meydana çıxa bilər.

Eyni zamanda, mən səmimi olaraq anlamıram ki, Mərkəzi Asiya ölkələri niyə Avropa İttifaqının bu təkliflərinə razılıq verməlidirlər. Avropa türklərə etdiyi kimi onlara da pul ödəyə bilər, amma mən Daşkənd və Astana üçün belə mərkəzlərin hansı fayda gətirəcəyini görmürəm. Mən onlara ilk növbədə Türkiyənin suriyalı qaçqınlarla bağlı təcrübəsini öyrənməyi tövsiyə edərdim”, – Rar qeyd edib.

Qazaxıstanlı siyasi analitik Kazbek Beysebayev isə ilk növbədə bildirib ki, son iki-üç ildə Qazaxıstanda, xüsusilə də Almatı küçələrində Afrikadan olan insanların görünməsi nəzərə çarpmağa başlayıb.

İlk növbədə qeyd etmək lazımdır ki, onlar buraya qanuni şəkildə gəliblər və hazırda da qanuni əsaslarla qalırlar, yəni Qazaxıstanın səfirliklərindən viza alıblar. Başqa sözlə, Qazaxıstanda Afrikadan gələn qonaqların dəvət edilməsi ilə məşğul olmuş və görünür, indi də məşğul olmaqda davam edən təşkilatlar var. Bu dəvətlərin səbəbi nədir, bunu demək çətindir, lakin onların bir çoxu sonradan aldadılmış və taleyin ümidinə buraxılmış vəziyyətdə qalıb. Afrikalıların bir hissəsi Qazaxıstanın müxtəlif bölgələrində qeyri-qanuni işə düzəlib, digər hissəsi isə Qazaxıstandan Avropaya keçid məntəqəsi kimi istifadə edib. Həmçinin qeyd etmək lazımdır ki, KİV-də Afrikadan gəlmiş qeyri-qanuni miqrantların Qazaxıstandan deportasiya olunması barədə məlumatlar da yayılmışdı. Şübhəsiz ki, Asiyanın uzaq ölkələrindən də oxşar miqrantlar olub, lakin onlar daha az nəzərə çarpıblar”, – ekspert vurğulayıb.

O hesab edir ki, Avropa İttifaqının qeyri-qanuni miqrantların saxlanılması üçün mərkəzlər yaratmaq məqsədilə Qazaxıstan və Özbəkistanı potensial ölkələr kimi nəzərdən keçirməsi barədə məlumat təsadüfən ortaya çıxmayıb.

Çox güman ki, Astana və Daşkəndlə bu mövzuda danışıqlar artıq uzun müddətdir aparılır. Bununla əlaqədar olaraq bir məqamı qeyd etmək lazımdır. Son vaxtlar Qazaxıstan vətəndaşları üçün Şengen vizası almaq sadəcə çətin deyil, olduqca çətinləşib. Müraciətlərə baxılması çox uzun çəkir, əlavə sənədlər tələb olunur, vizalar bəzən uçuşdan cəmi bir gün əvvəl verilir. Hətta elə hallar olub ki, Qazaxıstan vətəndaşları vizalarını vaxtında ala bilməyiblər və bunun bütün mənfi nəticələri ilə üzləşiblər.

Bu ildən vəziyyət daha da pisləşib – viza mərkəzində görüş üçün növbə aylarla gözlənilir.

Mən hesab edirəm ki, Brüssel Avropadan göndərilən qeyri-qanuni miqrantların yerləşdirilməsi üçün mərkəzlərin açılmasını Qazaxıstan vətəndaşları üçün viza verilməsi prosedurlarının sadələşdirilməsi ilə əlaqələndirir.

Özbəkistan barədə heç nə deyə bilmərəm, amma bizim Xarici İşlər Nazirliyi dəfələrlə Avropa İttifaqı ilə Qazaxıstan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi barədə danışıqlar aparıldığını bəyan edib. Buna görə də hesab edirəm ki, bu mərkəzlər mövzusu da müzakirə olunub.

Qazaxıstan Xarici İşlər Nazirliyi artıq bu məlumatı təkzib etsə də, eyni zamanda Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi üzrə danışıqların getdiyini təsdiqləyib. Bizdə bu barədə belə bir məsəl var: “Külək olmasa, ot tərpənməz”, – Beysebayev söyləyib.

Rauf Orucov