"Taliban" dövründə ana ölümləri artır
14 Avqust 2026
Əfqanıstanda 22 yaşlı Kübra doğuş zamanı çoxlu qan itirib. O, hamilə vaxtı qanazlığı və qida çatışmazlığından əziyyət çəkirdi. Qan itirən qadın komaya düşərək ölüb, həkimlər onun körpəsini də xilas edə bilməyib.
Kübranın bacısı onun ərinin yoxsul olduğunu, Kübranın yaxşı qidalanmadığını deyirlər.
Hər il Əfqanıstanda minlərlə qadın doğuş zamanı həyatını itirir. Ölkə dünyada ana ölümü göstəricisinə görə öncül yerlərdən birini tutur.
BMT-nin 2023-cü il hesabatına görə, hər 100 min doğuşa azı 521 ana ölümü düşüb. 2024 və ya 2025-ci illər üzrə rəsmi rəqəmlər yoxdur. Real rəqəmlər daha yüksək ola bilər, çünki ucqarlarda bəzi hallar qeydə alınmır.
BMT bildirir ki, ölüm hallarının çoxu qarşısı alına bilən hamiləlik fəsadları ilə bağlıdır. İxtisaslı həkim çatışmazlığı, səhiyyə sisteminə yetərincə maliyyə ayrılmaması da səbəblər sırasındadır.
"Taliban" 2021-ci ildə hakimiyyəti ələ keçirəndən beynəlxalq donorların maliyyə yardımı azalıb. Bundan əvvəl ölkənin səhiyyə sistemi təxminən 20 il ərzində xarici yardımlar hesabına maliyyələşib.
Üstəlik, "Taliban" qadınların universitetlərdə təhsil almasını yasaqlayıb, mamaçalıq və tibb bacısı ixtisasları təklif edən özəl məktəbləri bağlanıb. Radikal qruplaşma qadınların səhiyyə sektorunda işləmək imkanlarını da ciddi məhdudlaşdırıb.
Tibbi yardıma çıxış
Ucqar ərazilərdə yaşayan qadınların tibbi yardıma çıxışı qəlizdir. Tibb ocağına gedib çatmaq saatlarla çəkə bilər. Bir çox qadın da övladını evdə dünyaya gətirməli olur.
Şimaldakı Pərvan vilayətindən Nəbilə deyir ki, anası evdə doğuş zamanı ölüb. Körpəsi də həyatını itirib. O, "Taliban" dövründə bu problemlərin daha da ağırlaşdığını vurğulayır.
Xəstəxanaya çata bilən qadınların həyatına isə doğuşdan sonrakı qanaxma, digər fəsadlardan təhlükə yarana bilər. Qan ehtiyatı, ixtisaslı tibbi personal, təcili mamalıq xidmətlərinin məhdudluğu da riskləri artırır.
"Taliban"ın hakimiyyəti ələ keçirməsi ilə durum daha da ağırlaşıb. BMT-nin məlumatına görə, Əfqanıstanın 40 milyonluq əhalisinin təxminən 45 faizinin humanitar yardıma ehtiyacı var.
BMT-nin Əhali Fondu (UNFPA) bildirir, Əfqanıstanda hər dörd hamilə qadından yalnız biri hamiləlik dövründə azı dörd dəfə tibbi müayinədən keçir. Bu, tövsiyə olunan göstəricidir.
2026-cı ildə 1.2 milyon hamilə və süd verən qadının kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi proqnozlaşdırılır. Bu isə həm analar, həm də körpələr üçün riski artırır.
Gələcək daha qaranlıqdır
"Taliban" qadınların universitetlərdə təhsilini qadağan edəndə Yasəmin tibb fakültəsində oxuyurdu. Təhsilini davam etdirmək üçün o, özəl mamaçalıq proqramına yazılıb.
"Ümid edirdik ki, [mamaçalıq] təhsilini başa vurub ölkəmizə xidmət edə biləcəyik. İndi bu yol da üzümüzə bağlanıb və bütün ümidlərimiz puç olub", – Yasəmin Azadi Radiosuna deyib.
BMT-nin Uşaq Fondu – UNICEF bildirib ki, qızların təhsilinə və qadınların işləməsinə məhdudiyyətlərdən dolayı Əfqanıstan 2030-cu ilədək 5 min 400-dək qadın tibb işçisini itirə bilər.
"Taliban" hökuməti isə səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdığını iddia edir, ana ölümlərini qadınların hamiləlik dövründə tibbi yardım üçün müraciət etməməsi ilə əlaqələndirir.
"Taliban"ın İctimai Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman iddia edib ki, ötən il doğuş zamanı təxminən 200 ana ölüb.
"Məqsədimiz onların hər birinin həyatını xilas etməkdir, amma təəssüf ki, hələ də problemlər qalır. Bir səbəb budur ki, qadınlar hamiləlik dövründə mütəmadi müayinədən keçməli, səhiyyə ocaqlarına davamlı müraciət etməlidirlər ki, həm körpənin, həm də ananın sağlamlığına nəzarət olunsun", – o, Azadi Radiosuna söyləyib.