Logo
news content
User
Kateqoriyalar

Analitika

“Yabloko”nun sirri: “Alma almaya... bənzəmir?”
Müharibənin əleyhinə çıxan insanların yeganə ümidi də əllərindən alındı

Rusiya Ali Məhkəməsi “Yabloko” partiyasının (Azərbaycan dilində “Alma” partiyası – red.) Dövlət Dumasına seçkilərdə federal namizədlər siyahısındakı qeydiyyatını ləğv edib. Hakim Vyaçeslav Kirillov “Rodina” partiyasının iddiasına və tərəflərin arqumentlərinə baxdıqdan sonra müvafiq qərar qəbul edib. O, qərarın əsaslandırıcı hissəsini elan etməyib. “Rodina”nın “Yabloko”ya qarşı irəli sürdüyü iddialar arasında “ekstremizmə” çağırışlar, xaricdən maliyyələşmə və müəllif hüquqlarının pozulması da olub. Son iki ittiham Mərkəzi Seçki Komissiyasının, Baş Prokurorluğun və “Rosfinmonitorinq”in nümayəndələri tərəfindən dəstəklənib.

Məhkəmə prosesi səkkiz saatdan çox davam edib. Partiyanın mətbuat xidməti qərardan apellyasiya şikayəti veriləcəyini bildirib. Mərkəzi Seçki Komissiyası iyulun 29-da “Yabloko”nu Dövlət Dumasına seçkilərdə iştirak üçün qeydiyyatdan keçirib. Namizədlərin federal siyahısına 269 nəfər daxil edilib. Apellyasiya şikayəti təmin olunmasa, partiya 1993-cü ildən bəri ilk dəfə olaraq Duma seçkilərini buraxmalı olacaq. “Yabloko” fraksiyasının parlamentin aşağı palatasında sonuncu fəaliyyəti III çağırış dövrünə – 1999-2003-cü illərə təsadüf edib.

“Yabloko” Rusiyada müharibə əleyhinə sıxan yeganə partiyadır. Onun lideri Nikolay Rıbakov “Rodina”nın bütün iddialarını rədd edib və seçkilərdə qeydiyyatın bərpa olunması uğrunda mübarizə aparacağını bildirib. “Çünki çox sayda insanın sülhün, insanların ölməsinin dayandırılmasının tərəfdarı olduğunu görürük”, – Rıbakov məhkəmə iclasından sonra deyib. Rıbakov vurğulayıb ki, partiyanın “tarixində müxtəlif dövrlər olub”, lakin o, fəaliyyətini davam etdirəcək. “Demək istəyirəm ki, bu gün sizin çoxunuz üçün hər şey yenidən başlayıb”, – o əlavə edib.

“Yabloko”nun seçkilərdən kənarlaşdırılmasından dərhal sonra hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmənin qarşısına gəlib və izdihamdan dağılışmağı tələb ediblər. “İndi sizi yığıb aparacağıq. Əgər kiminsə başında nəsə varsa, sizdən xahiş edirəm, metroya, diskotekalara gedin. İki-üç dəqiqəniz var, əgər dağılmasanız, inciməyin. Gənclər, artıq sizi hərbi komissarlıqdan götürməyə heç kim gəlməyəcək”, – hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri bildirib.

Beləliklə, Rusiya Federasiyasının Ali Məhkəməsi “Yabloko” partiyasını sentyabrda keçiriləcək parlament seçkilərində iştirakdan kənarlaşdırıb. Sual yaranır: bəs, əvvəlcə onun seçkilərdə iştirakını niyə qeydiyyata almaq lazım idi? Axı indiki Rusiyada hər şey hakimiyyətin nəzarətindədir və hansısa “inandırıcı” bəhanə ilə ona elə əvvəlcədən imtina cavabı vermək heç də çətin deyildi. Bəs hakimiyyət kifayət qədər azsaylı və böyük ölçüdə nəzarət altında olan müxalifət partiyasını niyə yalnız indi seçkilərə buraxmamaq barədə qərar verib? Bəlkə, “Yabloko”nun müharibəni dayandırmaq çağırışlarının xalq arasında gözlənilmədən geniş dəstək qazana biləcəyini və bunun, öz növbəsində, kütləvi narazılığa, eləcə də hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmasına gətirib çıxara biləcəyindən qorxublar? Bütün bunlar ümumilikdə rejimin sabitliyini sarsıda bilərdimi? Yoxsa səbəblər başqadır?

Rusiyalı siyasi analitik, After Empire portalının baş redaktoru Olqa Kurnosova bununla bağlı fikirlərini Pressklub.az-la bölüşməyə razılaşıb.

Onun sözlərinə görə, müasir Rusiyada ictimai siyasət mövcud olmadığı üçün seçkilər də sözün normal mənasında seçki deyil. “Siyasi partiyalar da digər ölkələrdə olduğu kimi, sözün normal mənasında siyasi partiyalar deyil. Ona görə də sentyabrın 20-də baş verəcək hadisəyə müxtəlif imkanların mövcud olduğu bir hadisə kimi baxmaq lazımdır. “Yabloko”nun seçki bülletenində yer alması imkanı insanların müharibə əleyhinə mövqelərini həqiqətən də tam təhlükəsiz şəkildə ifadə etməsinə imkan verə biləcək müəyyən vasitə idi. “Yabloko”nu qeydiyyata aldıqları vaxt bu qərarı verənlər düşünürdülər ki, partiya çoxdan bütün çəkisini itirib, onun yalnız nəzərəçarpacaq dəstəyə malik bir neçə əsas regionu var, qanunverici orqanlara seçkilərdə iştirak etmək üçün siyahıları isə artıq ləğv edilib.

Ölkənin qalan hissəsində partiya artıq demək olar unudulub, reytinqləri çox aşağıdır, ona görə də heç bir təhlükə yaratmır. Əgər 15 faiz səs toplasa, asanlıqla demək mümkün olacaq ki, müharibə əleyhinə mövqedə olan rusiyalıların sayı 15 faizdir”, – ekspert bildirib.

Onun sözlərinə görə, amma “Yabloko” qeydiyyata alınan kimi ona dəstək artıb, ilk növbədə sosial şəbəkələrdə partlayış xarakterli artım başlayıb. “Müxalifətdə olan mühacirlərin də qəfildən onun dəstəyinə qoşulduğunu unutmayaq. Birdən anladılar ki, bu, yalnız qeydiyyatdan sonrakı ilk həftədir. Bəs sonra hər yerdə, o cümlədən televiziyada 40 günlük rəsmi seçkiqabağı təşviqat vaxtı nə olacaq? Aydındır ki, real reytinq və bülletenlərdə real nəticələr ikirəqəmli göstəricilərə, hətta 30 faizə qədər çata bilərdi.

Hakimiyyət həqiqətən də seçkiləri ciddi şəkildə saxtalaşdırmağa məcbur qalacağı vəziyyətə düşə bilərdi. Bu da öz növbəsində təkcə məsələdən xəbərdar olan insanların deyil, başqalarının da seçkilərin tamamilə tamaşa olduğunu anlamasına səbəb olardı. Ən əsası isə 2011-2012-ci illərdə mövcud olan ictimai əhval-ruhiyyənin yenidən yaranması mümkün idi. Həmin vaxt insanlar aldadıldıqlarını düşündülər və kütləvi etiraz aksiyaları başladı. Bütün bunlar sistemi qanuni vasitələrlə sarsıtmaq imkanı yaradırdı. Lakin indiki sistem diktaturaya yaxındır və onun nümayəndələri 1990-cı ilin təkrarlanmasına imkan verməyəcəklər. O zaman kommunistlər etiraz səslərinin hesabına seçkilərdə hakimiyyəti itirdilər. Buna görə də, bu hakimiyyət heç bir etiraz səsverməsinə yol verməyəcək.

Müvafiq olaraq, müharibə əleyhinə mövqedə olan rusiyalıların istifadə edə biləcəyi yeganə vasitə onların əlindən alındı. Beləliklə, bu gün hansı vasitələrin mövcud olduğunu düşünmək lazım gələcək. Mənim fikrimcə, bu gün belə vasitələr yoxdur, deməli, onları yaratmaq lazım olacaq”, – Kurnosova hesab edir.

Rauf Orucov