Logo
news content
User
Kateqoriyalar

Analitika

Qalibafın “neft ultimatumu”
Bakı üçün də dolayısı təhdidlər və geosiyasi risklər yaradır...

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın “X” sosial şəbəkəsindəki hesabında paylaşdığı son bəyanat Yaxın Şərqdə və geniş regionda gərginliyin kritik həddə çatdığını nümayiş etdirdi. ABŞ-nin İrana qarşı dəniz blokadasını bərpa etdiyi bir vaxtda Tehranın dilə gətirdiyi “Ya hamısı, ya heç kim!” prinsipi ilk baxışdan Bəsrə körfəzinə və Vaşinqtona ünvanlanmış kimi görünsə də, onun daxilindəki geosiyasi altşəkillər Azərbaycan üçün də diqqətlə izlənilməsi vacib olan ciddi siqnallar ehtiva edir.

Qalibafın bu kəskin bəyanatının pərdəarxasını anlamaq üçün son bir ayda regionda cərəyan edən proseslərə nəzər salmaq vacibdir:

İyunun ortalarından iyulun 14-dək olan dövrdə ABŞ və İran arasında əldə olunmuş müvəqqəti razılaşma və dəniz blokadasının dondurulması nəticəsində Tehran ixracı kəskin artırmışdı. “TankerTrackers” və UANI platformalarının məlumatına görə, İran bu qısa müddətdə 70-80 milyon barrel xam neft və neft məhsulları ixrac edərək 5-6 milyard dollar gəlir əldə etmişdi. Bu neftin böyük hissəsi Çin və Asiya bazarlarına yönəlmişdi.

İyulun əvvəlində Hörmüz boğazında baş verən insidentlərdən sonra Vaşinqton İrana qarşı hərbi-dəniz blokadasını bərpa etdiyini açıqladı. Bundan sonra İran limanlarından yeni neft yükləmələri yenidən kəskin zəiflədi.

İranın hazırkı imkanlarına gəlincə, ABŞ-nin blokadanı bərpa etməsinə baxmayaraq, boğazda hərəkət tam dayanmayıb. İran dəniz qüvvələrinin nəzarətindəki şimal koridoru vasitəsilə əsasən İran və Çin tankerləri məhdud şəkildə hərəkət edir. Eyni zamanda Tehran dənizdə saxladığı 30-60 milyon barrel həcmindəki üzən neft anbarlarından və identifikasiya sistemlərini söndürən “kölgə donanması”ndan istifadə edərək satışı davam etdirməyə çalışır. İyulun ilk yarısında yola salınan böyük neft partiyaları isə hazırda Asiya limanlarına çatmaqdadır.

Məhz limanlardan fiziki çıxışın yenidən daralması və iqtisadi halqanın sıxılması fonunda Qalibaf açıq şəkildə bildirdi: “Əgər Tehranın özü neft ixrac edə bilməyəcəksə, İran regionda heç kimə neft satmağa imkan verməyəcək. Əgər təhlükəsizliyimiz təmin olunmasa, heç bir infrastruktur obyekti təhlükəsiz qalmayacaq”.

Birbaşa hədəf Bəsrə körfəzi və qlobal neft bazarı

İran spikerinin bəyanatında birinci hədəf, şübhəsiz ki, Bəsrə körfəzində yerləşən ərəb ölkələri (Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər) və bölgədəki ABŞ hərbi varlığıdır. Tehran Hörmüz boğazı üzərindəki nəzarət imkanlarından istifadə edərək qlobal neft bazarını iflic etmək, bununla da Vaşinqtona və Qərb müttəfiqlərinə psixoloji və iqtisadi təzyiq göstərmək istəyir.

SEPAH-a və mühafizəkar qanada yaxınlığı ilə tanınan Qalibafın bu ultimatumu dəniz ticarət yollarının və neft terminallarının birbaşa hədəf alına biləcəyinə dair açıq xəbərdarlıqdır.

Azərbaycan üçün dolayısı təhdidlər və risklər

Bəs bu eskalasiya Cənubi Qafqaz və Azərbaycan üçün necə xarakterizə olunmalıdır? Məsələnin görünməyən tərəfləri Bakı üçün bir neçə vacib məqamı ön plana çıxarır:

“İsrailə neft vuran ölkələr” bəhanəsi və BTC xətti

İranın hərbi-siyasi elitası uzun müddətdir ki, İsrailin enerji təchizatında rol oynayan dövlətləri hədəf göstərən ritorikadan istifadə edir. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Aralıq dənizinə nəql edilən Azərbaycan neftinin bir hissəsinin dəniz vasitəsilə İsrailə də çatdırılması faktı Tehranın təbliğat maşınında mütəmadi olaraq qabardılır.

Qalibafın “heç bir infrastruktur obyekti təhlükəsiz qalmayacaq” ifadəsi geniş mənada Tehranın təsir imkanlarının çatdığı regional enerji koridorlarını - o cümlədən Yaxın Şərq, İraq və Suriya üzərindən keçən və ya bu bölgələrə yaxın olan strateji infrastruktur xətlərini də hədəf dairəsinə ala biləcəyini göstərir. İranın Yaxın Şərqdəki proksi qüvvələri vasitəsilə BTC-nin Ceyhan terminalı və ya digər birləşmə nöqtələri ətrafında hibrid təhlükələr yaratmaq ehtimalı gözardı edilməməlidir.

Regional təhlükəsizlik və alternativ enerji dəhlizləri

İranın “regionda heç kim neft sata bilməyəcək” formulası təkcə Fars körfəzi ilə məhdudlaşmır. Tez-tez regional “güc mərkəzi” iddiası ilə çıxış edən Tehran qlobal neft qıtlığı yaradaraq qiymətləri qaldırmağa çalışır. Azərbaycan isə Xəzər-Aralıq dənizi dəhlizi vasitəsilə Avropaya və qlobal bazarlara neft və qaz çıxaran əsas alternativ mənbələrdən biridir. İranın yaratmaq istədiyi xaos və sabitliyin pozulması riskləri dolayısı ilə Xəzər hövzəsinin və Cənubi Qafqazın da risk reytinqini artırır.

Hərbi-siyasi ritorikanın sərtləşməsi

Qalibafın bu bəyanatı İran daxilindəki radikal qanadın xarici siyasətdə kompromissiz xətt seçdiyini göstərir. Bu cür aqressiv ritorika təkcə ABŞ və ərəb ölkələri ilə deyil, İranın qonşuluğunda yerləşən və Qərblə, İsraillə normal iqtisadi-siyasi əlaqələri olan bütün dövlətlərə (o cümlədən Azərbaycana) qarşı gələcəkdə potensial təzyiq aləti kimi istifadə oluna bilər.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da Pressklub.az-a şərhində Birləşmiş Ştatlar və iran arasında gərginliyin yeni fazaya keçdiyini xatırladır: “Artıq iki həftədir Amerika İranın vacib infrastrukturunu bombalayır, İran da ona cavab verir. Məsələnin kökündə duran nədir? Əvvəla zərbələrdən əvvəl neftin qiyməti 72 dollara düşmüşdü, hazırda 100 dollardır. Martda olduğu kimi 100 dolları çox keçməyib. Deməli, bazar iştirakçıları hazırda baş verənləri uzunmüddətli deyil, müvəqqəti gərginlik kimi qiymətləndirilər. Tramp da deyir, Venesuela yanımdadır, Hörmüzdə nə istəyirsən elə. Biz görürük ki, İranın hərbi imkanları əvvəlki kimi deyil. Düzdür, tankerlər İranın açdığı keçiddən kənarda minalara düşürlər, bu faktdır, amma ABŞ-nin təzyiqi daha effektlidir. Bu baxımdan İranın səsləndirdiyi, həmin bəyanat o deməkdir ki, artıq İran ABŞ-nin nəzarətindən kənar bazara neft çıxara bilmir”.

Qalibafın bəyanatının Azərbaycana birbaşa təhlükə olduğunu vurğulayan İ.Şaban bildirir ki, əgər Tehran belə avantüraya əl atarsa, onu “aşsüzənə” döndərəcklər. “Bu konfliktə ABŞ-yə mütləq qələbə lazımdır, çünki qarşıdan aralıq seçkilər gəlir”, - deyə şərhçi fikirlərini yekunlaşdırıb. 

Beləliklə, Məhəmməd Baqir Qalibafın bəyanatı ilk baxışdan ABŞ-yə qarşı cavab reaksiyası kimi görünsə də, mahiyyətcə regional sabitliyi sarsıdan bir ultimatumdur. Azərbaycan üçün bu bəyanat birbaşa hərbi elan olmasa da, strateji enerji infrastrukturlarının təhlükəsizliyinin qorunması, regional risklərin düzgün qiymətləndirilməsi və mümkün proksi hücumlarına karşı ayıq-sayıqlığın artırılması baxımından ciddi bir siqnaldır.

Turqut