Logo
news content
User
Kateqoriyalar

Analitika

Putinin qiyamətə qalmayan qisası
Kreml sahibi vaxtilə “satqınlığı bağışlamıram” demişdi... 

Priqojin öldü. Yaxud, böyük ehtimalla, öldürüldü. Hansı formada, kim tərəfindən öldürülməsi başqa məsələdir. Əsas odur ki, öz əcəli ilə ölmədi, ölümünə səbəb olan təyyarə qəzası da nə texniki problem idi, nə də insan amili ilə bağlı idi.

Təyyarə səmada partlayıb, bu, artıq şübhə doğurmur. Hadisənin şahidləri də qəzadan əvvəl partlayış səsi eşidildiyini bildirirlər. Videogörüntülər də təyyarə yerə çırpılmamışdan əvvəl göydə partlayış olduğunu və təyyarənin bundan sonra yerə çırpıldığını göstərir. 

Burada bəzi məqamlara diqqət yetirmək lazımdır. Təyyarə partlayan zaman təxminən 9 min metr yüksəklikdə uçurmuş. Ekspertlər bildirirlər ki, bu məsafədə olan təyyarəni daşınan zenit-raket kompleksləri ilə vurmaq mümkün deyil. Bunun üçün daha böyük və mükəmməl zenit-raket qurğusu lazımdır. Məsələn, S-300 (Favorit) tipli hava hücumundan müdafiə qurğusu. 

Burada haşiyə çıxaraq qeyd edək ki, bort nömrəsi RA-00795 olan, “Vaqner” hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinə məxsus “Embraer Legacy 600” təyyarəsi Tver vilayətinin Kujenkino kəndi yaxınlığında düşüb. Bu kənd Vladimir Putinin Valdaydakı rezidensiyasının 50 kilometrliyində yerləşir. Rezidensiyanın ətrafında 42-ci zenit-raket alayına məxsus ən azı 4 dvizion S-300 kompleksləri yerləşir. Eləcə də, yaxınlıqda Qərb Hərbi Dairəsinə daxil olan “Xotilovo” hərbi aviabazası var... 

Eyni zamanda, təyyarənin terror aktı nəticəsində partlaması versiyası da irəli sürülür. Guya ki, partlayıcı qurğu təyyarə havaya qalxmamışdan əvvəl ya quyruq hissəsinə yaxın, ya da arxa şassi (təkər) tərəfdə yerləşdirilib. Amma bu versiya da şübhəlidir. Çünki öncə qeyd etdiyimiz kimi, şahidlər havada partlayış səsi eşidiblər. Mütəxəssislər isə gündüz saatlarında (səs-küyün daha çox olduğu zaman) təxminən 9 kilometr hündürlükdə daxili partlayış səsinin yerdə eşidilməsini az inandırıcı hesab edirlər. Bu, bpyük ehtimalla, S-300 kimi zenit-raket kompleksinin səsi ola bilər.

Yeri gəlmişkən, təyyarə yerə düşəndən dərhal sonra hadisə yerində çəkilən foto və videolar da maraqlı məqamları üzə çıxarıb. Bu çəkilişlərdə təyyarənin qanadında müxtəlif ölçülü zədələr görünür. Ekspertlər əminliklə bunun S-300 tipli raketin zərbəsinin izlərinə  oxşadığını bildirilər. 

Amma Rusiya tərəfi “Embraer”in zenit-raket kompleksi ilə vurulmasını qəti şəkildə rədd edərək, daha çox təyyarənin içində terror aktı versiyası üzərində durur. Hətta bunun Ukrayna xüsusi xidmət orqanlarının işi ola biləcəyi ilə bağlı rəsmi televiziya kanalları da versiya səsləndiriblər. Kremlin vəsaiti hesabına təbliğat aparan müxtəlif jurnalistlər, bloqerlər isə bir mərkəzdən təlimat alıbmış kimi “Kiyev faşist rejimini” ittiham edirlər.

İstənilən cinayət araşdırılan zaman bunda kimin maraqlı ola biləcəyi araşdırılır. Priqojinin öldürülməsində də (bunun qətl olduğu isə heç kimdə şübhə doğurmur) kimin maraqlı olduğu və kimin əli ola biləcəyi üzərində düşünmək lazım gəlir. Əslində, “Vaqner” rəhbərinin məhv edilməsi həm Ukrayna tərəfinin, həm Rusiya hərbi rəhbərliyinin, həm də Rusiya prezidentinin marağındadır. Priqojin Ukraynaya qarşı əsas döyüşən qüvvə olaraq Kiyevin gözündə ölümü haqq edib. Elə Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov da şəxsi düşmənə çevrilmiş “Vaqner” rəhbərinin ölümündə maraqlı ola bilərlər. Necə ki, hakimiyyətinə qarşı qiyam qaldırılmış və nüfuzuna indiyə qədər görünməyən zərbə endirilmiş Vladimir Putin də bu qətlin həyata keçirilməsində maraqlı ola bilər.

Kiyevin terrorda əlinin ola biləcəyi çoxları tərəfindən istisna edilir. Əvvəla, Priqojin sıradan şəxs deyildi, on minlərlə hərbçisi, tankları, zirehli texnikası, hətta zenit-raket qurğuları olan, əlindən milyardlarla vəsaitin keçdiyi hərbi qrupun rəhbəri idi və müvafiq şəkildə qorunurdu.  Priqojin Ukrayna xalqının düşməni olsa da, son qiyamdan sonra Rusiya rəhbərliyi tərəfindən döyüşlərdən uzaqlaşdırılmışdı və hətta “Vaqner”in əməliyyat keçirdiyi Afrikaya yenidən “sürgün” edilmişdi. O, Ukrayna üçün təhlükəli olmayan şəxsə çevrilmişdi. Bundan başqa, son zamanlar əməliyyatları ilə dünyaya səs salan Ukrayna xüsusi xidmət orqanları nə qədər mükəmməl olsa belə, hazırkı məqamda Priqojini öldürmək kimi ağır işin altına girmələri az inandırıcıdır. 

Şoyqu və Gerasimovun qətldə əlinin ola biləcəyi mümkündür. Onların əlində istənilən şəxsi aradan qaldırmaq üçün kifayət edən resurs var. Eyni zamanda, şəxsi düşmənçilikdən əlavə, Priqojin onların hakimiyyəti və vəzifələri üçün də təhlükə idi. “Vaqner” rəhbərinin əlində ordu rəhbərliyinə qarşı kompromatların olması da istisna deyildi. Buna baxmayaraq, bir çox bir çox ekspertlər də o fikirdədilər ki, Şoyqu və (və ya) Gerasimov Priqojin kimi şəxsin öldürülməsinə müstəqil şəkildə qərar verə bilməzdilər. Sanksiya daha yüksək yerdən gəlib.

Daha yüksək yer isə sözsüz ki, Rusiya prezidenti Vladimir Putindir. Və Priqojinin məhv edilməsi Kreml sahibinə bir neçə cəhətdən sərf edir. Əvvəla, bir hissəsi Belarusda yerləşdirilən “Vaqner” qruplaşması istənilən an yenidən Moskvaya doğru hərəkət edə bilərdi. Bəzi müşahidəçilər isə təxminən yarım il sonra bunu mümkün hesab edirdilər. Hazırda bütün rəhbərliyi məhv edilmiş qruplaşmanın ümumiyyətlə mövcudiyyətinə son qoyularaq zərərsizləşdiriləcəyi gündəmdədir. 

Priqojin həm də hakimiyyətə real alternativə çevrilmişdi. Bəzi yerlərdə “Priqojin növbəti prezidentimizdir” deyə səslər ucalmağa başlamışdı. Putinin qarşıdan gələn seçkilər ərəfəsində hazırda absurd görünə biləcək bu çağırışları nəzərə almaması mümkün deyildi. 

Nəhayət, Priqojin Rusiya prezidentinin hakimiyyətinə, onun şəxsi nüfuzuna zərbə endirmişdi. Putin 23 illik hakimiyyəti dövründə heç bir zaman bu qədər acı zərbə almamışdı. Onun cəzalandırılması qaçılmaz idi. Cəzalandırılmaması ölkədə Putinin “dişsizliyi” fikri yarada, hansısa digər qrupların (məsələn, Çeçenistan lideri Ramzan Kadırovun, eləcə də əlində real resurslar və qüvvə olan digər şəxslərin) da nə zamansa eyni addım atmasına gətirib çıxarardı.

Putin satqınlığına görə Priqojini cəzalandırmalı idi və bunu etdi. Özünəməxsus şəkildə, qiyamdan sonra iki aylıq pauza verərək, professional “KQB” zabitinə xas olan tərzdə. O, vaxtilə verdiyi məşhur müsahibəsində də bağışlamağı bacardığını, amma hər şeyi bağışlamadığını demişdi. Jurnalistin “nəyi” sualına isə cavabı belə olmuşdu: “Satqınlığı”.

Rusiya tarixinə isə daha bir sirri açılmayacaq qətl yazıldı.

Press Klub