Logo
news content
User
Kateqoriyalar

Analitika

Putin dəmir barmaqlıqlardan qorxur!
Hətta dost ölkələrə getməyə ürək etməyən Rusiya liderinin Türkiyə səfəri niyə ləğv edilib?

Rusiya prezidenti Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyə səfəri düyünə düşüb. Putinin uzun müddət müzakirədən sonra güclə razılaşdırılan səfəri baş tutmayacaq.

Qeyd edək ki, Ərdoğan-Putin görüşü artıq bir neçə aydır müzakirə edilir. İki ölkə liderinin görüşü bir neçə səbəbdən vacibdir. Son zamanlar Türkiyə prezidentinin atdığı addımların (Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş zamanı Kiyevin NATO üzvlüyünü dəstəkləməsi, “Azov” hərbi birliyinin komandirlərinin Ukraynaya qaytarılması, Ukraynaya hərbi tədarük, Rusiya sülhməramlılarının Qarabağdan çıxması ilə bağlı açıqlaması və s.) Rusiya prezidentini qane etməməsi, eyni zamanda Putinin “taxıl sazişi” ilə bağlı tutduğu mövqeyin Ərdoğanın xoşuna gəlməməsi iki lider arasında görüşü qaçılmaz edir. Liderlər görüşərək, bu məsələləri yoluna qoymağa çalışmalıdırlar. Amma nə sirdirsə, əvvəllər tez-tez görüşən, hər addımbaşı telefonla danışan prezidentlərin görüşü baş tutmur.

Liderlərin görüşü ilə bağlı hələ yaz aylarından başlayan danışıqlar uzun müddət nəticəsiz qalmışdı. Türkiyə tərəfi may ayından etibarən dəfələrlə Putinin gələcəyi barədə anons versə də, tərəflər Rusiya liderinin səfərini ancaq iyul ayının sonunda razılaşdıra bilmişdilər. Amma o zaman da səfərin nə zaman baş tutacağı dəqiqləşdirilməmişdi. Bəzi mənbələr Putinin Türkiyəyə avqustun əvvəlində, digərləri sonunda, üçüncülər isə sentyabr ayında gedəcəyini bildirirdilər. 

İndi isə məlum olur ki, Putin, ümumiyyətlə, Türkiyəyə getmək planlarından imtina edib. Əvəzində isə Ərdoğan sentyabrda Rusiyaya gedərək, Putinlə görüşəcək.

Bəs Rusiya liderinin özünü bu formada “naza qoymasının” səbəbi nə ola bilər? Bəzi ekspertlər bunu Putinin vaxtilə barəsində çox xoş sözlər dediyi, hətta “sözünün üstündə duran kişi” adlandırdığı Ərdoğandan inciməsi ilə əlaqələndirilər. Amma belə olsaydı, Putin görüşdən tamamilə imtina edərdi. Demək, səbəb başqadır. 

Son zamanlar beynəlxalq məhkəmə tərəfindən barəsində həbs qərarı çıxarılan Putinin ölkədən çıxmadığı nəzərə alınsa, əsas səbəb də bu sayıla bilər. Putin qorxur! Rusiya lideri bütün təhlükəsizlik tədbirlərinə, həbs olunmayacağı ilə bağlı ona verilən bütün təminatlara baxmayaraq, ölkədən çıxmağa ürək etmir. Onun bu günlərdə Cənubi Afrika Respublikasında keçirilən BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) dövlətlərarası birliyin işində iştirak etməməsi də bununla bağlıdır. BRICS-də iştirak edən dost ölkələrin liderlərinin görüşünə qatılmayan Putinin düşmən NATO-nun üzvü olan Türkiyəyə səfər etməməsi məntiqlidir. Hətta bu dövlətin başında Ərdoğan kimi “sözünün üstündə duran kişi adam” olsa belə.

Ərdoğan Putinlə görüşmək üçün yenə də Moskvaya getmək məcburiyyətində qalacaq. Sözsüz ki, bu görüş ümumiyyətlə baş tutsa. Çünki son zamanlar baş verən dəyişikliklər, qərarların qəbulundakı çətinliklər, artıq qəbul edilən qərarların isə gözlənilmədən dəyişməsi nəzərə alınsa, görüşün ləğv edilməsini də gözləmək olar.

Press Klub