Logo
news content
User
Kateqoriyalar

Analitika

Pressklub-un əməkdaşı bölgədən xəbər verir: "Qəzzada daha 400 nəfər öldürülüb"

İsrailin HƏMAS yaraqlılarının hücumuna cavab olaraq Qəzza zolağında hava əməliyyatı davam edir. old.pressklub.az-ın bölgəyə ezam edilmiş əməkdaşı Seymur Kazımovun Sderot şəhərindən verdiyi məlumata görə, İsrail qüvvələri bu gecə də Qəzza zolağını atəşə tutublar.

İnformasiyaya görə, son sutka ərzində Qəzza zolağında İsrail zərbələri nəticəsində daha 400 nəfər həyatını itirib. HƏMAS mənbələri bildirilər ki, bununla da Qəzzada ölənlərin ümumi sayı 5 min nəfəri keçib. Ölənlərin böyük əksəriyyətinin mülki şəxslər olduğu qeyd edilir.

Bu arada, müharibə başlayandan dərhal sonra İsrailin bölgədə quru əməliyyatı keçirəcəyi bəyan edilsə də, hələlik ordu Qəzzaya girməkdən çəkinir. İsrail ordu radiosu hərbi mənbələrə istinadən iddia edir ki, komandanlıq bölgəyə göndərilən ABŞ qoşunlarını gözləmək qərarına gəlib.

Qeyd edək ki, ABŞ Livanın Hizbullah təşkilatının və İranın proksi-qüvvələrinin, eləcə də bölgədəki digər ərəb dövlətlərinin İsrailə qarşı müharibəyə qoşulmaq təhlükəsini nəzərə alaraq, bölgəyə qoşun göndərmək barədə qərar qəbul edib. Artıq ABŞ donanması bölgədə olsa da, İsrailə əlavə olaraq bir neçə minlik piyadanın da göndərilməsi gözlənilir. İsrail ordusu da ancaq bundan sonra əməliyyata başlamaq üçün gözləmək qərarına gəlib.