Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyanın Ermənistanı dəyişmək planı: “Qarabağ” ideologiyasından “real Ermənistan”a
Ekspert: Biz siyasi bəyanatlara deyil, real addımlara diqqət yetirməliyik

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, hökumətin 2026–2031-ci illər üçün yeni proqramında “Qarabağ hərəkatı” məntiqi yoxdur. O, bunu Nazirlər Kabinetinin iclasında hökumətin proqramını təqdim edərkən deyib.

Paşinyanın sözlərinə görə, demək olar, Ermənistanın orta və yaşlı nəslinə mənsub bütün siyasi xadimlər, eləcə də gənc nəslin bir çox nümayəndələri, o cümlədən hakimiyyət təmsilçiləri “Qarabağ hərəkatı” ideologiyası ilə bağlı olublar.

O qeyd edib ki, son illərdə hökumət uzun müddət qapalı qalan tarixi səhifələrə yenidən nəzər salmağa çalışır. Baş nazirin sözlərinə görə, bu, sülhə və “real Ermənistan” konsepsiyasına əsaslanan yeni gündəliyin formalaşmasına gətirib çıxarıb.

Paşinyan vurğulayıb ki, bu istiqamətdə Ermənistan cəmiyyətindən də müvafiq tələb gəlib.

Onun sözlərinə görə, sülh gündəliyi şəraitində hökumət böhran idarəçiliyindən adi idarəetməyə keçmək, insan hüquqlarının müdafiəsinə, iqtisadi diplomatiyaya, süni intellektin inkişafına və səhiyyəyə daha çox diqqət yetirmək niyyətindədir.

Dəyişikliklər çərçivəsində Ermənistan Xarici İşlər Nazirliyinin adının Xarici İşlər və Xarici Ticarət Nazirliyi olaraq dəyişdirilməsi planlaşdırılır.

Proqramın yekun hissəsində bildirilir ki, dövlət ideologiyasında baş verən dəyişikliklərin miqyası nəzərə alınmaqla, Ermənistan Üçüncü Respublikadan Dördüncü Respublikaya keçə bilər.

Məqsəd yaxşıdır və Azərbaycan bunları yalnız alqışlaya bilər. Lakin görəsən, Paşinyan ölkə parlamentində Moskvayönümlü müxalifətin olduğu bir şəraitdə buna nail ola biləcəkmi? Yeri gəlmişkən, Ermənistanda populyar medianın yarısından çoxu hələ də bu insanların əlindədir və onlar ictimai rəyə də təsir göstərirlər. Ermənistanın keçmiş təfəkkürünün dəyişməsi üçün Paşinyan və onun həmfikirləri nə etməlidirlər?

Pressklub.az-ın suallarını müstəqil analitik Rəşad Rzaquliyev cavablandırıb.

Onun fikrincə, bir həqiqəti unutmamalıyıq: erməni dövlət xadimlərinin ictimai bəyanatlarına qətiyyən inanmaq olmaz. “Sözlərə deyil, Ermənistan hakimiyyətinin real addımlarına diqqət yetirmək lazımdır.

Məsələ Ermənistanın 1988-ci ildən formalaşan ərazi iddialarına əsaslanan dövlət ideologiyasından birdəfəlik imtina etdiyini yüksək səslə bəyan etməsində deyil. Əsas məsələ Paşinyan hökumətinin bu etirafı cəmiyyətdə yeni və davamlı milli kimliyin formalaşmasına çevirə bilib-bilməyəcəyidir. Yoxsa bu, sadəcə bir seçki dövrü üçün nəzərdə tutulan siyasi gediş olaraq qalacaq.

Əslində, Nikol Paşinyan qarşıdan gələn Avrasiya geosiyasi qarşıdurmaları ərəfəsində indiki Ermənistanı ölkəsi üçün daha təhlükəsiz və əlverişli istiqamətə yönəltməyə çalışır. Lakin onun öz ölkəsində hakimiyyəti qoruyub saxlaya biləcəyi, yoxsa bilməyəcəyi hələ də açıq sualdır.

İdeoloji və təşkilati baxımdan “Qarabağ” hərəkatından çıxmış Rusiyayönümlü müxalifət Ermənistanda hələ də güclüdür. Onlar təkcə parlament tribunalarına deyil, həm də ictimai rəyin formalaşmasına təsir edən media resurslarına, ciddi maliyyə imkanlarına və keçmiş metropoliyanın – Kremlin idarəetmə mərkəzi ilə əlaqələrə malikdirlər. Erməni dünya diasporu – “spürk” də “tarixi vətənini” öz maraqlarına uyğun istiqamətləndirmək uğrunda mübarizəsini davam etdirir”, – ekspert bildirib.

Onun fikrincə, Ermənistanda hakimiyyət uğrunda mübarizə, böyük ehtimalla, “qeyri-ənənəvi” üsullarla daha da sərtləşəcək, cəmiyyətdəki parçalanma isə sürətlə dərinləşəcək.

İndi isə erməni cəmiyyəti haqqında qısaca bir neçə söz… Birincisi, XX əsrdə və XXI əsrin əvvəllərində bir neçə nəsil erməninin kimliyinin formalaşmasına əsas verən əsas erməni mifini dəyişmək bir seçki dövrünün deyil, ən yaxşı halda, bir neçə onilliyin işidir. Hakimiyyətin demokratik yolla dəyişdirilməsi prosesi hətta tam sakit və problemsiz şəraitdə belə parlamentdəki siyasi qüvvələrin nisbətindən asılı olacaq. Bunun da öz nəticələri var.

İkincisi, Paşinyan və onun komandası “real Ermənistan” konsepsiyasını irəli sürsələr də, qonşularla sülhün real faydalarını öz xalqına hələ göstərə bilməyiblər. Azərbaycan və Türkiyə ilə sülh müqaviləsinin imzalanması, sərhədlərin və nəqliyyat yollarının açılması, ticarət dövriyyəsinin artması və digər imkanlar Ermənistanda hələlik konkret nəticələrə çevrilməyib, yalnız yüksək səslənən media şüarları səviyyəsində qalır. Erməni “Qarabağ hərəkatı” ideologiyası yalnız Paşinyanın yeni siyasi kursunun hər bir sıravi seçici üçün iqtisadi baxımdan real fayda verdiyi zaman məğlub edilə bilər.

Üçüncüsü, yeni ideologiyanı opponentlərə qarşı inzibati təzyiq və sərt tədbirlər yolu ilə qəbul etdirmək cəhdi Ermənistanda 2018-ci ildən formalaşan parlament siyasi sistemi və siyasi mədəniyyətlə ziddiyyət təşkil edir. Bu isə gözlənilməz sosial gərginliklərə və ciddi qarşıdurmalara yol aça bilər.

Bütün bunlar xüsusi nikbinlik üçün əsas vermir. Ermənistanda gedən prosesləri diqqətlə və ayıq-sayıq izləmək lazımdır”, – Rzaquliyev yekunlaşdırıb.

Rauf Orucov