Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyan KTMK “kitabını bağlayıb” – Bəs sonra?
Ermənistan baş naziri faktiki olaraq Ermənistanın bu formatda iştirakına nöqtə qoyub

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) gələcək iştirakı məsələsi “artıq bağlanmış hesab olunur” və o, “əvvəlki formata qayıdış üçün real perspektivlər görmür”.

2021 və 2022-ci illər vardı, lakin biz daim həmin nöqtədə qala bilmərik. Münasibətlərimizin geniş gündəliyi və ciddi potensialı var və biz irəli getməliyik. Bu məsələlərdə hər kəsin öz həqiqəti var, lakin eyni mövzulara sonsuz şəkildə qayıtmağa dəyməz”, – baş nazir qeyd edib.

Onun sözlərinə görə, əvvəllər müzakirələrə ehtiyac olub, lakin tərəflər artıq mövqelərini bölüşüb, nəticələr çıxarıb və onları “qarşılıqlı hörmət mühitində” bir-birinə təqdim ediblər.

O, bu sözləri hökumətin iclasından sonra keçirilən brifinqdə Rusiya prezidenti Vladimir Putinlə bu mövzunun müzakirə olunmasının mümkünlüyü barədə suala cavab verərkən səsləndirib.

Xatırladaq ki, Ermənistan rəhbərliyi 2024-cü ildə respublikanın KTMT-də iştirakının faktiki olaraq dondurulduğunu elan etmişdi. Paşinyan bildirmişdi ki, İrəvan təşkilatın tədbirlərində iştirakını dayandırıb və blok çərçivəsində əməkdaşlıq formatını yenidən nəzərdən keçirir. Ermənistan hakimiyyəti bunu kollektiv təhlükəsizlik mexanizmlərinin effektivliyindən narazılıqla izah etmişdi.

Artıq neçə ildir ki, bir çox ciddi müşahidəçilər KTMT-ni yarıölmüş, hətta tamamilə ölü struktur kimi qiymətləndirirlər. Təşkilat bu gün öz sıralarında belə mövqe birliyini nümayiş etdirmir. Buna İkinci Qarabağ müharibəsi və onun nəticələrinə münasibət aydın nümunə oldu. Ermənistan Azərbaycanla sərhədlərinin qorunması üçün qoşunların yeridilməsini tələb etdikdə, məlum oldu ki, təşkilatın türkdilli üzvləri, hətta Belarus Azərbaycanla qarşıdurmada iştirak etmək üçün birgə kontingentin tərkibinə daxil olmağa hazır deyil.

Bəs, İrəvan indi nə edir? O, bu hərbi ittifaqdan çıxmaq istiqamətində addımları tədricən davam etdirirmi? Onun KTMT-dən çıxışı blokun digər üzv dövlətləri üçün də ondan uzaqlaşmağa siqnal ola bilərmi? Bu, KTMT üçün nə ilə nəticələnə bilər?

Mövzu ilə bağlı Pressklub.az-a danışan müstəqil siyasi ekspert Nəsimi Məmmədli xatırladıb ki, Azərbaycanla müharibədə məğlubiyyətdən sonra Ermənistan KTMT ilə bağlı mövqeyini dəfələrlə açıq şəkildə bəyan edib.

Ermənistan bu istiqamətdə yalnız sözlərlə deyil, konkret praktiki addımlarla da irəliləyirdi. Əsas xarici təhdidlər kimi Azərbaycan və Türkiyə göstərilirdi, lakin 2025-ci ildə Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra bu təhlükə demək olar aradan qalxdı. Hazırda Ermənistan artıq Rusiyanın iştirakı ilə qurulan hərbi təhlükəsizlik strategiyasından uzaqlaşıb. Digər tərəfdən, Rusiyanın Ukraynada apardığı müharibənin gedişi göstərdi ki, KTMT üzvləri Rusiya ilə birgə hərəkətlərdən yayınırlar; faktiki olaraq təşkilat funksionallığını itirib.

Əslində, KTMT Rusiyanın hərbi-siyasi maraqlarını qoruyan bir struktur kimi yaranmışdı”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın zəifləməsi ilə təşkilata üzv dövlətlərin yanaşması da dəyişir.

Rusiya ilə birbaşa sərhədin olmaması, ABŞ və Avropa ilə siyasi əlaqələrin dərinləşməsi, həmçinin regionda sülh prosesinin uğurla irəliləməsi fonunda İrəvan daha inamlı qərarlar qəbul edir.

Rusiyanın zəifləməsi ilə onun təsir imkanları azalır və KTMT-nin digər üzvləri də baş verən proseslərin dinamikasına uyğun hərəkət edəcəklər. KTMT artıq hərbi-siyasi ittifaq kimi cəlbediciliyini itirib və onun sonu yaxındır”, – Məmmədli hesab edir.

Rauf Orucov