Logo
news content
User
Kateqoriyalar

Analitika

O “əjdaha”dan indi Ukraynda da var...
Prezident Zelenski: “ATACMS”-lar özlərini göstərdilər”

Volodimir Zelenski Ukrayna hərbçilərinin uzaqvuran ATACMS raketlərindən istifadə etdiyini təsdiqləyib. Kiyev keçən ilin yayından bu raketlərin verilməsini Vaşinqtondan xahiş edirdi. BBC bu silah haqqında məlum olanlar və onların cəbhədə vəziyyətə təsir perspektivi barədə yazır.

“Bu gün  Birləşmiş Ştatlara xüsusi təşəkkür düşür. Bizim prezident Baydenlə sözləşmələrimizə əməl olunur. Çox dəqiq əməl olunur – “atakams”lar özlərini göstərdilər”, - Ukrayna prezidenti videomüraciətində deyir.

Ondan əvvəl Ukrayna Xüsusi əməliyyat qüvvələri Rusiya qoşunlarının müvəqqəti işğal olunmuş Berdyansk və Luqanskdakı aerodromlarına zərbələr endirdiyini xəbər verirdi. İddia olunur ki, zərbələr nəticəsində müxtəlif modifikasiyalı 9 helikopter, xüsusi texnika, HHM start qurğusu, sursat anbarı məhv edilib, eləcə də uçuş zolağı zədələnib.

Rusiya tərəfi itkilər barədə heç nə demir, amma rus hərbi teleqram kanalları böyük itkilərdən yazır və gecə zərbəsini Rusiya-Ukrayna müharibəsi başlayandan bəri “ən ciddilərdən biri” adlandırırlar. 

“Wall Street Journal” yazır ki, bu zərbə üçün Ukrayna ilk dəfə Amerika istehsalı olan MGM-140 ATACMS əməliyyat-taktiki raketlərindən istifadə edib. Bu raketlər növündən asılı olaraq 165 km, ya da 300 km uzaqlığa malikdirlər. 

WSJ-in istinad etdiyi məlumatlı mənbələr deyirlər ki, az sayda raketlər son günlər məxfi şəkildə Ukraynaya göndərilib. Məhz nə qədər – məlum deyil. 

Raketin “qısa” versiyası?

Rusiya teleqram kanallarında peyda olan şəkillərdə guya Berdyansk aerodromuna zərbə yerindən tapılmış raket qalıqları və partlamayan subsursatlar əks olunur. Həmin şəkillərin həqiqiliyini təsdiqləmək hələ mümkün olmayıb. 

Subsursatlar kasetli sursatın – raketin, bombanın və ya mərminin – partlaması nəticəsində səpələnən xırda bombalara deyilir. Onlar zədələnmə sahəsini böyüdürlər.

Şəkillərin birində görünən kiçik obyekt kaset başlıqlı ATACMS raketlərində istifadə olunan M74 subsursatına bənzəyir. 

Başqa bir şəkildə raketin markalanmış hissəsi görünür, ona əsasən söyləmək olar ki, MGM-140 ATACMS-ın ən erkən seriyasına (M39) aiddir və 1996-cı ilin oktyabrında istehsal olunub. Əgər şəkil həqiqidirsə, bu raketin uzaqlığı 165 km-dir, amma daha güclü döyüş başlığına malikdir. 

Raketlərin sonrakı modellərinin uzaqlığı 300 km-ə qədərdir, amma döyüş başlıqları daha zəifdir. 

Pentaqonun saytında deyilir ki, Müdafiə nazirliyi raketlərin erkən versiyasını modernləşdirmək proqramını hazırlayıb, nəticədə onların da uzaqlığı 300 km-ə çatır. Amma nə qədər M39 modernləşdirildiyi məlum deyil.

Müxtəlif ATACMS

Ukrayna ATACMS raketlərini hələ 2022-ci ildə almaq istəyirdi, amma ABŞ USQ-nin həmin raketlərlə Rusiya ərazisinə zərbə endirəcəyindən və buna görə Vaşinqton-Moskva münasibətlərinin gərginləşəcəyindən ehtiyat edirdi.

Bunun əvəzində Ukraynaya 90 km məsafədə hədəfləri vurmağa qadir olan GMLRS raketlərilə M142 HIMARS və M270 MLRS yaylım atəş sistemləri verildi. Bu start qurğuları ATACMS raketlərini də buraxa bilər. 

MGM-140 raketləri ya qəlpə-fuqas, ya da kasetli döyüş hissəsi ilə təchiz olunur. Hər ikisi açıq məkanda zəif müdafiə olunan hədəfləri – aerodromda təyyarə və helikopterləri, artilleriya mövqelərini, HHM batareyalarını, anbarları və canlı qüvvə yığnağını – vurmaq üçün yararlıdır.

MGM-140 raketlərinin erkən versiyası iki variantda buraxılırdı – MGM-140A və ya M39 cəmi 165 km uça bilir, amma döyüş hissəsinin 950 subsursatı var. Daha uzaqvuran MGM-140B və ya M39A1 isə 300 km uça bilir, amma cəmi 300 subsursat daşıyır. 

Sonrakı illər ABŞ daha güclü, amma çox da uzaqvuran olmayan raketlərdən imtina etdi və MGM-140-ın inkişafı dəqiqliyi yaxşılaşdırmaq istiqamətində getdi. 

USQ-nin indiyə qədər istifadə etdiyi silahlarla müqayisədə MGM-140 bir sıra üstünlüklərə malikdir. 

İlk növbədə, uzaqlıq. MGM-140A-da uzaqlıq 300 yox, 165 km-dir, amma bu hər iki tərəfin indiyə qədər istifadə etdiyi “Toçka U” taktiki raketlərindən çoxdur. 90 km uzaqlıqdakı hədəfləri vuran GMLRS raketləri ilə müqayisədə ATACMS-ın radiusu daha böyükdür. 

İkincisi, döyüş hissəsinin qüvvəsi. Raketin erkən versiyasının döyüş hissəsi daha ağırdır, deməli hədəfi daha effektli vura bilər.

Nisbətən az dəqiqliyini passivinə saymaq olar. Raketin ən erkən versiyası inersiyal naviqasiya sistemi ilə təchiz olunub, o da radius üzrə hədəfdən 250 metr yayına bilər. 

Amma döyüş hissəsinin gücü və bu raketin adətən yönəldildiyi hədəflər nəzərə alınarsa, belə az dəqiqlik böyük problem olmamalıdır. 

Əvəzində inersiyal naviqasiya sistemi radioelektron mübarizə (REM) sistemlərinin təsirinə daha dayanıqlıdır. REM adətən ya raketin idarə olunduğu radiosiqnala, ya da naviqasiya peykinin siqnalına təsir göstərir. İnersiyal sistem radioəlaqədən istifadə etmir və ona təsir göstərmək daha çətindir. 

ATACMS nəyi dəyişə bilər?

Ukrayna 2022-ci ildə ABŞ-dan yüksək dəqiqlikli GMLRS raketlərinə malik HİMARS sistemini aldıqda, onları müəyyən taktika çərçivəsində istifadə etməyə başladı. USQ raketlərlə hərbi anbarları vurur, bununla da cəbhədəki hissələrin - əsasən də artilleriya hissələrinin – təchizatını pozurdu. 

Bu, logistikanı xeyli çətinləşdirdi, çünki ruslar təchizat sistemini başqa cür qurmalı oldular: cəbhə xəttindən uzaqda çoxlu sayda kiçik anbarlar yaratdılar. Bu da yük maşınlarının, personalın sayını artırmağı tələb edirdi. 

USQ buna az sayda start qurğuları ilə nail oldu.

Bu kampaniyanın uğurlu alınmasının əsas amili – zərbələrin ardıcıllığı və konkret məqsədə köklənmək idi. 

Buna görə də Ukraynanın müharibənin gedişini dəyişəcək möcüzə-silah əldə etdiyini söyləmək olmaz. Aviasiya obyektlərinə bir-iki zərbə vəziyyəti dəyişə bilməz.  Buna yalnız müəyyən vahid təyinatla əlaqəli hədəflərə ardıcıl zərbələr endirməklə nail olmaq mümkündür. 

ATACMS-ın xarakteristikası yaxşı möhkəmləndirilmiş hədəfləri vurmağa çətin ki, uyğun gəlsin. Hətta Ukrayna raketin daha uzaq versiyasını əldə etsə və onunla Krım körpüsünü vursa belə, qəlpə-fuqas, ya da kasetli döyüş hissəsi iri beton konstruksiyalara qarşı effektli olmayacaq. 

Bu səbəbdən də USQ belə raketlərlə, ehtimal ki, açıq məkandakı böyük, amma pis qorunan hədəfləri vurmağa çalışacaq. Məsələn, HHM və ya artilleriya mövqeləri, anbarlar və ola bilər, Rusiya ordusunun canlı qüvvəsini. 

Rusiya ballistik raketlərlə mübarizə aparmağa qadir HHM komplekslərinə malikdir, məsələn, S-400. Amma onlar indiyə qədər belə raketlərlə üzləşməyiblər və ola bilər, yeni təhlükəni nəzərə alaraq müdafiəni başqa cür təşkil etməli olacaqlar. 

Ukraynanın nə qədər raket alacağı məlum deyil. 

Kombinasiyalı zərbələr

ATACMS-dan əlavə Ukrayna yaxın zamanlarda başqa döyüş sursatı almağı planlaşdırır – atəş uzaqlığı 150 km-ə qədər olan Ground-Launched Small Diameter Bomb (GLSDB) aviabombaları. 

Onlar yerdən buraxılmaq üçün modifikasiya edilmiş yüksək dəqiqlikli GBU-39 aviabombalarıdır. Ukraynalıların artıq malik olduqları M270 MLRS və M142 HIMARS start qurğuları üçün hazırlanıblar. Bu qurğular həm də ATACMS raketləri buraxa bilər. 

GLSDB bombaları ATACMS-dan fərqlənir. Birincisi, onların döyüş hissəsi möhkəmləndirilmiş hədəfləri vurmaq üçündür (bomba 1 metrə qədər dəmir-betonu keçə bilir). Onlar hədəfə yönəlmək üçün peyk naviqasiyasından istifadə edirlər. 

Bundan əlavə, nisbətən ucuz silahdır. GLSDB artıq mövcud olan və ehtiyatı nisbətən çox iki döyüş sursatı əsasında istehsal olunur. 

Ukraynanın artıq istifadə etdiyi digər vasitələr - Storm Shadow (SCALP) qanadlı raketləri və ya AGM-88 HARM radiolokasiya əleyhinə aviaraketlər nəzərə alınsa, USQ kombinasiyalı zərbələr endirə bilər, bu zaman bir silahın xüsusiyyəti digərindən fərqlənəcək. Belə zərbələri dəf etmək çətin olacaq.  

Rusiya Ukraynanı qanadlı raketlər və dronlarla atəşə tutmaqla kombinasiyalı zərbələrdən istifadə edir. Qanadlı və ballistik raketlərin istifadə olunduğu zərbələri dəf etmək daha çətindir. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/cl4rm54mvlno