Logo
news content
User
Kateqoriyalar

Analitika

O 12 ölkə haqqı...
Azərbaycanı həmin siyahıya salıb, pul qazanacaqlar...

ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında rəsmi Bakının adı dini etiqad azadlığının pozulduğu ölkələr siyahısında qeyd edilib. 

Hesabat Azərbaycanda təbii olaraq etirazla qarşılanıb. Hətta tənqidçi ekspertlər belə bildirirlər ki, ölkədə söz azadlığı, insan hüquqları və başqa sahələrdə problemlər var, onlarla bağlı istənilən qədər irad bildirmək olar. Lakin dini azadlıqlarla bağlı bunu demək, ən azı, ədalətsizlikdir.

Sahəyə aidiyyatı olan dövlət qurumlarından başqa, ölkədə fəaliyyət göstərən dini icmaların təmsilçiləri də bu hesabata etirazlarını bildirdilər. 

Tolerantlıq və multikulturalizm dəyərlərin təbliğ və himayə edildiyi, qanunla qadağan edilməmiş bütün dini icmalara və baxışlara fəaliyyət imkanı yaradıldığı halda ölkəmizə bu münasibət nədən qaynaqlanır? Kilsələrin, məscidlərin və sinaqoqların birgə fəaliyyət göstərdiyi bir ölkə haqqında ABŞ-nin bəyanatı hansı mənanı daşıyır?

Bu, son zamanlarda Azərbaycanla ABŞ arasındakı gərgin münasibətlə bağlı ola bilərmi Yoxsa, iddia edilən arqumentlərdə həqiqət payı var? 

“Azərbaycan nadir ölkələrdəndir ki, əsrlər boyu burada nə dini, nə də milli zəmində hər hansı kiçik bir insident baş verməyib”.

Bu sözləri Bakı Multikulturalizim Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli saytımızın əməkdaşı ilə söhbətində deyib.

O, bildirib ki, Azərbaycanda insanların fərqli bir dinə mənsub olması diqqət çəkən və problem yaradacaq hadisələrdən olmayıb. Bu, babalarımızdan bizə qalan mirasdır və hər zaman da normal qarşılanıb. Bununla bağlı dövlət səviyyəsində işlər görülür və qərarlar qəbul edilir.

“ABŞ Dövlət Departamenti hər ilin əvvəlində dünyada dini azadlıqların vəziyyəti ilə bağlı hesabat açıqlayır. Hesabatda ölkələrdə olan dini etiqad azadlığının vəziyyəti, dini münasibətlərin forması müxtəlif indekslərlə müəyyənləşdirilir, monitorinq aparılır və bununla bağlı yekun rəy verilir. Çox təəssüf ki, bu il Azərbaycan həmin departamentin xüsusi izləmə siyahısına daxil edilib. Bu, absurd bir mövqedir”.

Müsahibimiz deyir ki, bu hesabatı hazırlayan heyətin nümayəndələri ölkəmizə gəliblər, Bakı Multikulturalizm Mərkəzinin nümayəndələri, dini konfessiya rəhbərləri ilə və milli icmaların nümayəndələri ilə görüşüblər, daha sonra isə hesabat yazıblar. Belə bir hesabatın da ortaya çıxması şübhələr yaradır: “Biz araşdırdıq və bəlli oldu ki, hesabatın məhz Azərbaycanla bağlı olan komissiyasının rəhbəri Daniella Aşbaxyandır. O, Livan ermənisidir və ABŞ-nin əməkdaşı kimi çalışır. Hesabatı hazırlayan komissiyanın üzvü kimi Azərbaycana aid hissəni o yazıb. Təbii ki, erməni əsilli adamın Azərbaycanla bağlı yazdığı rəy təəccüb doğurmamalıdır. O müəllif Azərbaycan haqqında yazanda əslində Ermənistanı yox, ABŞ-ni təmsil edir. Bizi çaşdıran bu məsələdir. Bu hadisə baş verən kimi Azərbaycanda fəaliyyət göstərən bütün icma rəhbərlərinin münasibəti kütləvi informasiya vasitələrində geniş yayılıb. Hər kəs bunu pisləyir və konkret faktlarla göstərilir ki, nümayəndələr Bakıya gəlib və bu bəyanat onların burada gəlib gördüyü reallığı əks etdirmir”.

Yadigar Məmmədli əlavə etdi ki, Departamentin nümayəndələrini yəhudilərin yaşadığı Qubanın məşhur Qırmızı qəsəbəyə, cənub bölgəsinə, Bakının mərkəzindəki sinaqoqlar, pravoslav və katolik kilsələrinə aparıblar. O nümayəndələrin hər biri görüb ki, hər kəs burada öz ayinlərini rahat şəkildə icra edir. Buna baxmayaraq, erməni lobbisinin təzyiqi altında belə bir bəyanat ortaya çıxıb: “Dövlət Departamenti kimi bir qurumun hesabatına onların öz istədikləri rəyi sala bilməkləri təəssüf doğurur. 30 illik işğal dövründə 60-dan çox məscidlərimiz dağıdılıb, talan olundu, müqəddəs yerlərdə donuz saxlanıldı. Dəfələrlə dedik, heç kim buna münasibət bildirmədi. Amma çox təəssüf ki, uydurma iddialarla indi Azərbaycana qarşı belə böhtan atılır”. 

“Bu hesabat ABŞ beynəlxalq dini etiqad komissiyası tərəfindən hazırlanıb”.

Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov saytımıza açıqlamasında deyib. 

Hüquq müdafiəçisi bildirib ki, hesabatdakı tövsiyələrdən biri də bu idi ki, Azərbaycan xüsusi nəzarət siyahısına daxil edilsin. Antoni Blinken də 4 yanvar tarixində bununla bağlı açıqlama verdi ki, Azərbaycan həmin siyahıya daxil olub. O siyahıda əvvəllər Əlcəzair, Mərkəzi Afrika Respublikası, Kamar adaları və Vyetnam var idi. İndi isə Azərbaycanı da oraya əlavə etdilər.

Müsahibimiz deyir ki, xüsusi nəzarət siyahısına dini vəziyyətin narahatlıq doğurduğu, meyarlara tam cavab verməyən, dini etiqad azadlığının ciddi şəkildə pozulduğu ölkələr daxilidir. ABŞ-nin beynəlxalq dini azadlıqlarla bağlı aktı var və həmin akta 2016-cı ildə Frank Volf düzəlişi edilib. Həmin düzəlişə görə, dini baxımdan xüsusi narahatlıqlar doğuran ölkəni siyahıya salmamışdan əvvəl xüsusi nəzarət siyahısına daxil edirlər. İndi həmin siyahıda 12 dövlət var. 

“Bu komissiya həmişə Azərbaycana qarşı qərəzli olub. Xüsusən də Qarabağda lokal xarakterli anti-terror əməliyyatından sonra bu qərəz daha da artıb. Bundan əvvəl “Freedom house” təşkilatı Azərbaycanın xəritəsini verir və həmin xəritədə Qarabağı ayrıca subyekt kimi göstərir. Bununla yanaşı, Azərbaycanı ən aşağı reytinqlər siyahısına da daxil edirlər. İndi də bu komissiya belə bir təklif verdi, biz də ümid edirdik ki, dövlət katibi araşdırma apardıqdan sonra bunu düzəltsin. Amma heç bir araşdırma etmədən bu addımı atdı. Əsaslandırma isə bundan ibarətdir ki, Azərbaycan Ermənistanla münaqişə kontekstində Qarabağ ərazisində hərbi cinayətlər və digər sui-istifadə hallarına yol verməkdə davam edir. Onların hesabatında bu göstərilir və deyirlər ki, Azərbaycan Qarabağda erməni dini abidələrini dağıdır”. 

Sahib Məmmədov deyir ki, onların bu iddialarının heç bir əsası, fakt və sübutu yoxdur. Sadəcə, aşkar və qərəzli şəkildə bunu edirlər. Təbii ki, bunların hamısı saxtadır, yalandır. Eyni zamanda hesabatda göstərilir ki, Azərbaycanın şiə fəalları sıxışdırılır. Halbuki Azərbaycan tolerant ölkədir və bütün dinlərin fəaliyyətinə yüksək imkanlar yaradılıb. ABŞ-nin özü ilə müqayisə etsək Azərbaycan dəfələrlə tolerant ölkədir. Ona görə də bu iddialar absurddur. 

“Onların ikinci və çirkli bir məqsədi də var - pul qazanmaq. İndi Azərbaycan xüsusi monitorinq altında olan ölkələrin siyahısına düşür. Bu komissiya əlavə araşdırmalar üçün Azərbaycana yönələn layihələrə görə ABŞ dövlət büdcəsi üçün pullar əldə edəcək”.

“Ümumiyyətlə, bu hesabatlar illərdir hazırlanır və bu hesabatlarda ilk dəfə deyil ki, Azərbaycan tənqid olunur”.

Bu sözləri ilahiyyatçı jurnalist Kənan Rövşənoğlu old.pressklub.az-a açıqlamasında bildirib.

Müsahibimiz deyir ki, Azərbaycan və ABŞ arasında münasibətlər soyuq olduğu üçün bu dəfə bəyanat daha çox qəzəb və etiraz doğurub. O ki qaldı hesabatda qeyd olunan məsələlərə, əlbəttə, tənqidlərin haqlı tərəfləri var. 

“Əlbəttə, ABŞ rəsmiləri və bu hesabatı hazırlayan nümayəndələr Azərbaycanda dini tolerantlığın hansı vəziyyətdə olduğunu bilir, bu mövzuda Azərbaycan nümunəvi ölkələrdən biridir. Amma fakt odur ki, hesabat dövründə Azərbaycanda çoxlu sayda dindar həbs olunub və hazırda gedən məhkəmə prosesi və hüquq müdafiəçilərinin açıqlamalarından belə görünür ki, onların bir qismi günahsızdır”.

Kənan Rövşənoğlu sonda əlavə edir ki, ötən il dövlətin yeni din siyasətinin tətbiqi prosesində çoxlu sayda din xadimi məscidlərdən uzaqlaşdırıldı. Etiraz aksiyası şəklində olmasa da sosial şəbəkələrdə bundan narazılıqlarını müşahidə etdik. Ölkədə dini idarəçilik sahəsində hər şeyin "güllük-gülüstanlıq" olduğunu demək doğru olmaz. Müəyyən problemlər var, bunu bizim rəsmilər də etiraf edir. Görünür, Bakı-Vaşinqton münasibətlərində soyuqluq olduğu üçün budəfəki hesabat çox qəzəblə qarşılandı.

Mədinə Useynova