Logo
news content
User
Kateqoriyalar

Analitika

“Növbə kimindir?”
İranlılar ölkənin ali rəhbərliyinin aradan götürülməsi üçün İsraillə əməkdaşlığa başlayıblar

İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, artıq bütün istiqamətlər üzrə “ciddi sürprizlər” gözlənilir və bu, müharibəni yeni mərhələyə çıxaracaq.

Onun sözlərinə görə, İsrail Müdafiə Ordusuna “hədəfləmə dövrü” başa çatdıqdan sonra istənilən İran rəsmisini əlavə razılaşdırmaya ehtiyac olmadan məhv etmək səlahiyyəti verilib.

Məlumdur ki, ABŞ İranın hərbi obyektlərinə zərbələri davam etdirir, İsrail isə diqqətini rəhbər şəxslərin – ölkə liderlərindən və təhlükəsizlik strukturlarının rəhbərlərindən tutmuş, əhalinin nəzarəti və ictimai narazılığın yatırılmasına cavabdeh olan daha aşağı rütbəli komandirlərə qədər – hədəfli şəkildə aradan götürülməsinə yönəldib.

The New York Times” qeyd edir ki, baş nazir Benyamin Netanyahunun strategiyası rejim daxilində stabilliyi pozmaq və xalq üsyanı üçün şərait yaratmağa hesablanıb. Ekspertlər və keçmiş İsrail hərbçiləri tərəfindən real sayılmasa da, bu strategiya ardıcıl şəkildə həyata keçirilir.

The Wall Street Journal yazır ki, İsrail bu planın icrasında təhlükəsizlik strukturlarının obyektlərini, bölmələrini və rəhbərlərini sistemli şəkildə məhv etməklə yanaşı, adi iranlıların da köməyindən istifadə edir.

İsrail çərşənbə axşamına keçən gecə məlumat əldə edib ki, xalq üsyanının amansız şəkildə yatırılmasında iştirak edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Bəsic” könüllü qüvvələrinin rəhbəri Qolamreza Süleymani müavinləri ilə birlikdə Tehrandakı meşə-parkda çadırda gizlənib. WSJ-nin yazdığına görə, İsrail “Bəsic”in idarəetmə binalarını və komanda məntəqələrini planlı şəkildə bombalayaraq məhz buna nail olmağa çalışırmış – rəhbərliyi açıq məkanlara çıxmağa məcbur etmək.

Nəticədə Süleymani və onun müavini həmin meşə-parkda endirilən zərbə nəticəsində öldürülüb. Həmin gecə İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani də məhv edilib. O, müharibənin ilk günündə ayətullah Əli Xameneinin öldürülməsindən sonra ölkənin faktiki lideri hesab olunurdu.

Laricaninin öldürülməsi İsrail xüsusi xidmət orqanlarının Tehran sakinlərindən əldə etdiyi qiymətli kəşfiyyat məlumatları sayəsində mümkün olub”, – İsrail rəsmisi “Iran International” nəşrinə bildirib.

WSJ-nin məlumatına görə, İsrail hərbi kampaniyası SEPAH, “Bəsic” və digər təhlükəsizlik qurumlarının komanda məntəqələrini vurmaqla kifayətlənməyərək, zərbələri nəzarət-buraxılış məntəqələrinə və blokpostlara qədər artırıb. Bu zaman kamikadze dronlardan da istifadə olunur.

Qəzetin yazdığına görə, zərbələr üçün məlumatların əhəmiyyətli hissəsi yerli sakinlərdən əldə edilir.

İsrailin məlumatına əsasən, müxtəlif güc strukturlarına aid 2200-dən çox obyektə zərbələr endirilib və minlərlə əməkdaş öldürülüb. Çərşənbə günü müdafiə naziri İsrael Kats İranın kəşfiyyat naziri İsmayıl Xətibin də “zərərsizləşdirildiyini” açıqlayıb.

Onun sözlərinə görə, o və Netanyahu hərbçilərə hədəf siyahısında olan istənilən yüksək vəzifəli İran rəsmisini əlavə təsdiq olmadan məhv etmək səlahiyyəti veriblər.

The New York Times” yazır ki, bu qədər dəqiq və effektiv kampaniya İran rəsmiləri arasında ciddi qorxu mühiti yaradıb.

Qəzetə danışan bir məmur bildirib ki, həmkarlarından liderlərin və özlərinin təhlükəsizliyi ilə bağlı çoxsaylı zənglər alır. Onun sözlərinə görə, hamını bir sual düşündürür: “Növbə kimindir?

Başqa bir rəsmi isə Laricaninin öldürülməsi xəbəri ilə bağlı zəng aldıqda sarsıldığını deyib. Onun sözlərinə görə, dövlət strukturlarında hamı qorxur ki, İsrail bütün liderlər və İslam Respublikası məhv edilənədək dayanmayacaq.

2022-ci ilə qədər İsrail hərbi kəşfiyyatında İran şöbəsinə rəhbərlik etmiş polkovnik-leytenant Şahar Koyfman hakim rejimə qarşı üsyan ehtimalını şübhə altına alır.

“Bəsic” çoxsaylı və yaxşı silahlanmış qurumdur və onlar təslim olmayacaqlar. Onların həyatı və ailələrinin taleyi bundan asılıdır”, – o NYT-yə bildirib.

Analitik Rza Salehi hesab edir ki, liderlərin aradan götürülməsi effektiv üsul deyil. Onun fikrincə, Xameneinin öldürülməsi göstərdi ki, “bu ölkədə elə bir fiqur yoxdur ki, onun ölümü müharibənin gedişini köklü şəkildə dəyişsin”.

Keçmiş yüksək rütbəli İsrail hərbçisi, briqada generalı Eran Ortal isə Netanyahunun strategiyasında müəyyən məntiq görür: artıq başlamış daxili dağılma prosesi repressiv strukturlar zəiflədildikcə sürətlənə bilər.

Onun sözlərinə görə, sayı 600 min ilə 1 milyon arasında dəyişən “Bəsic” üzvləri təşəbbüssüzdür və əsasən komandirlərin əmrlərinə arxalanır. Bu səbəbdən rəhbərliyin aradan götürülməsi bu qüvvələrin effektivliyini ciddi şəkildə zəiflədə bilər.

WSJ yazır ki, İsrailin bombardman hədəflərinin siyahısı qərargah və komanda məntəqələrindən genişlənərək təhlükəsizlik strukturlarının əməkdaşlarının toplandığı digər məkanları da əhatə edir. Bunlara idman kompleksləri (məsələn, “Azadi” stadionunda yüzlərlə hərbçi və təhlükəsizlik əməkdaşı həlak olub), meşə-parklar, polis idarələri və digər obyektlər daxildir.

Məlumatlı mənbələrin sözlərinə görə, İsrail kəşfiyyatının əməkdaşları bəzi iranlı komandirlərə zəng edərək, mümkün xalq üsyanına mane olmağa çalışacaqları təqdirdə onların özlərini və ailələrini hədələyiblər.

Lakin müşahidəçiləri düşündürən əsas sual qalır: bundan sonra nə olacaq? Milyonlarla əhalisi olan bir ölkədə rejimin hərbi və siyasi rəhbərlərini, onların müavinlərini və tərəfdarlarını nə qədər müddət ərzində aradan götürmək mümkündür? Onlar aqressiv hakimiyyətin mahiyyəti dəyişmədən bir-birini nə qədər əvəz edə bilər?

Hamı başa düşür ki, bu müharibənin ideal nəticəsi hakimiyyətə atom silahı yaratmaq və ondan İsrailə və ya başqa ölkələrə qarşı istifadə etmək niyyətindən uzaq qüvvələrin gəlməsi ilə nəticələnəcək inqilab olardı. Lakin belə bir xalq üsyanının nə vaxt baş verə biləcəyi barədə real təsəvvür varmı?

Əgər belə bir üsyan baş verməsə, bu rejim daha nə qədər müddət ballistik raketlər və pilotsuz aparatların istehsalını davam etdirərək region ölkələrinə zərbələr endirmək imkanını qoruyub saxlayacaq? Üstəlik, unutmaq olmaz ki, bu prosesdə onu dünyanın ən güclü iqtisadiyyatlarından biri olan Çin və Pekinin təsiri altında olan Rusiya da dəstəkləyə bilər.

Tanınmış israilli jurnalist və tarixçi Şimon Briman bu məsələlərlə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

O qeyd edib ki, müxtəlif keçmiş hərbçilər və ekspertlər Netanyahunun strategiyasını “real olmayan” adlandıranda, onda belə bir sual vermək istəyi yaranır: bir il əvvəl kimsə 10 milyon əhalisi olan İsrailin döyüş aviasiyasının səkkiz ay ərzində iki dəfə 90 milyonluq İranın hava məkanına tam nəzarəti ələ keçirməsini real hesab edirdimi?

Kimsə belə bir ssenarini mümkün sayırdımı ki, İranın Hərbi Hava Qüvvələri, hava hücumundan müdafiə sistemi və Hərbi Dəniz Qüvvələri üç həftə ərzində demək olar ki, tam məhv ediləcək, ayətullah rejiminin raket sənayesi isə 80 faiz sıradan çıxarılacaq?

Biz elə bir dövrdə yaşayırıq ki, nəhəng dəyişikliklər baş verir və qeyri-mümkün görünənlər mümkünə çevrilir. İsrail ABŞ-ın dəstəyi ilə İran İslam Respublikasının hərbi potensialını maksimum dərəcədə məhv etməyə yönəlmiş strategiyanı həyata keçirir. Hərbi-siyasi rəhbərliyin yuxarı və orta təbəqəsinin ardıcıl, lakin amansız şəkildə aradan götürülməsi isə Hegelin dediyi kimi, “kəmiyyətin keyfiyyətə keçidi” effektini yaradır.

Məhv edilən rejim rəhbərlərinin sayı təkcə sağ qalanlar arasında panika yaratmır, həm də labüd şəkildə keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq – rejim daxildən çökməyə başlayacaq. Əvvəl bir məmur və bir general, sonra daha üç nəfər, daha sonra vilayət rəhbərləri və hərbi bölmə komandirləri yaşamaq istəyəcək – ya İsrail və ABŞ-la əlaqəyə çıxacaqlar, ya da sadəcə ölkədən qaçacaqlar”, – ekspert bildirib.

Onun fikrincə, xalq üsyanı artıq hazırlanır və müxalif mövqedə olan iranlılar hakimiyyət obyektlərini ələ keçirmək üçün siqnal gözləyirlər.

İsrail rejimin dayaqlarına hər gün endirdiyi hava zərbələri ilə onlara kömək edir. Müxtəlif hissələrdən yığılan və yalnız zorakılıq və qan hesabına ayaqda qalan bu kövrək konstruksiya ABŞ, İsrail və daxili müxalifətin birgə zərbələri altında mütləq dağılacaq.

Bunun nə vaxt baş verəcəyini bilsəydim, mütləq totalizatorda ayətullah rejiminin süqutuna mərc edərdim”, – deyə Briman yekunlaşdırıb.

Rauf Orucov

P.S. Məqalə hazırlanandan sonra İsrailin İranda yüksək vəzifəli daha üç hərbçisini öldürdüyü açıqlanıb. Bunlar İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri İsmayıl Əhmədi, SEPAH-ın rəsmi nümayəndəsi general Əli Məhəmməd Naeini və SEPAH-ın Hərbi Kosmik Qüvvələrinin komandanı Mehdi Kureyşidir.