Neft ixracatçısından bazar oyunçusuna: SOCAR-ın İtaliya sərgüzəşti bizə nə verəcək?
Avropa Komissiyasının təsdiqlədiyi 99,82%-lik alış Azərbaycanın enerji strategiyasında yeni mərhələ açır
22 Fevral 2026
Avropa Komissiyası (Avropa İttifaqının hökuməti) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) API Holding-dən İtaliyanın Italiana Petroli (IP) şirkətinin səhmlərinin 99,82%-nin əldə etməsi ilə bağlı sövdələşməni təsdiqləyib. Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sövdələşmə əsasən xam neft və neft məhsullarının tədarükü ilə bağlıdır. Komissiyanın qiymətləndirməsinə görə, sövdələşmədən sonra tərəflərin bazarda məhdud mövqeləri nəzərə alınsa, bu alış rəqabət mühitində problem yaratmayacaq. Elə buna görə də, məsələyə birləşmə üzrə sadələşdirilmiş prosedur çərçivəsində baxılıb.
Italiana Petroli İtaliyada ən iri inteqrasiya olunmuş downstream platformalardan biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ümumi illik gücü təxminən 10 milyon ton olan iki neft emalı zavoduna malikdir. Eyni zamanda bitum, aviasiya yanacağı və sürtgü materiallarının satışını həyata keçirir. Bundan başqa, ona ölkənin bütün ərazisini əhatə edən logistika şəbəkəsi də məxsusdur.
Daha əvvəl xəbər verilmişdi ki, SOCAR ilə API Holding arasında Italiana Petroli-nin 99,82% səhminin alınmasına dair saziş 23 sentyabr 2025-ci ildə imzalanıb.
Bu sövdələşmə SOCAR-ın Avropa enerji bazarında mövcudluğunun genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Gözlənilir ki, bu, həmçinin Azərbaycan ilə İtaliya arasında iqtisadi və enerji əməkdaşlığının möhkəmlənməsinə, eləcə də Avropanın enerji təhlükəsizliyinin və dayanıqlı inkişafının gücləndirilməsinə töhfə verəcək.
Maraqlıdır, Azərbaycanın Dövlət Neft Şirkətinin İtaliyanın neft sektorunda aparıcı struktura sahib olması ölkəmizə konkret olaraq nə qazandırır? Bu addım Azərbaycan vətəndaşlarına hansı faydanı verə bilər?
Tanınmış ekspertlər bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüblər.
Cənubi Koreyanın Hankuk Xarici Dillər Universitetinin professoru, politoloq Rövşən İbrahimov bildirib ki, bu sövdələşmə, hətta ona daha geniş mənada Avropa İttifaqı bazarı kontekstində baxılsa, bütövlükdə İtaliya bazarının monopoliyalaşdırılmasına səbəb olmayacağı əvvəlcədən aydın idi.

“Lakin müəyyən prosedur mövcuddur. Aydındır ki, SOCAR şirkətə məxsus olan xam neft tədarüklərinə, eləcə də hazır məhsulun istehsalına və onun bazarda paylanmasına nəzarət etməyəcək. Yəni bu seqmentlərin heç birində SOCAR monopolist mövqedə deyil.
Ümumilikdə Azərbaycan SOCAR vasitəsilə bu siyasəti artıq uzun müddətdir həyata keçirir. İtaliyanın neft emalı zavodu Italiana Petroli-nin səhmlərinin alınması ilk növbədə gəlirlərin artırılmasına yönəlmiş addımdır ki, şirkət yalnız xam neftin satışı ilə kifayətlənməsin, eyni zamanda hazır məhsul da realizə etsin. Oxşar nümunəni Türkiyədə görürük: SOCAR orada neft-kimya məhsullarının satışı ilə kifayət qədər fəal məşğuldur və bu da əlavə dəyər şəklində gəlir gətirir.
Bundan başqa, İtaliya artıq uzun illərdir SOCAR-ın tərəfdaşıdır. Bu ölkəyə əsas neft tədarükü Azərbaycandan həyata keçirilir. Məhz həmin neftin emalı və sonradan paylanması mümkündür. Mənim anladığıma görə, SOCAR yalnız İtaliya bazarı ilə məhdudlaşmayacaq. Nəticə etibarilə, bu həm də qiymətli təcrübə, eləcə də yeni bazarlara – Qərbi Avropa bazarlarına çıxış imkanı deməkdir”, – İbrahimov izah edib.
Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze isə öz növbəsində bildirib ki, bu, sadəcə korporativ xəbər deyil, strateji addımdır.

“SOCAR minlərlə yanacaqdoldurma məntəqəsinə, illik gücü təxminən 10 milyon ton olan iki neft emalı zavoduna və inkişaf etmiş logistika şəbəkəsinə malik iri İtaliya downstream strukturunu – Italiana Petroli-nin səhmlərinin 99,82%-ni əldə edir. Söhbət hasilatdan deyil, emal və pərakəndə satışdan – yəni əsas əlavə dəyərin formalaşdığı zəncir halqasından gedir.
Uzun illər Azərbaycan əsasən xammal tədarükçüsü kimi çıxış edib, halbuki mənfəət marjası emal və son satış mərhələsində qalırdı. İndi isə SOCAR neftin təkcə ixracına deyil, onun Avropa İttifaqının ən böyük iqtisadiyyatlarından birində emalı və satışına da nəzarət etmək imkanı qazanır. Bu, ixracatçı rolundan Avropa yanacaq bazarının tamhüquqlu iştirakçısına keçid deməkdir.
Mühüm məqam ondan ibarətdir ki, bu, şirkət üçün ilk xarici təcrübə deyil. Təxminən 15 il əvvəl SOCAR Gürcüstan bazarına daxil olub, qazpaylayıcı şəbəkələri modernləşdirib və qazın pərakəndə satışına başlayıb. Xarici yurisdiksiyada və tənzimlənən mühitdə fəaliyyət təcrübəsi şirkət üçün ciddi idarəetmə məktəbinə çevrilib. İtaliya sövdələşməsi isə artıq daha yüksək miqyaslı mərhələdir.
Azərbaycan üçün bu, yalnız iqtisadi deyil, həm də siyasi addımdır: İtaliya Avropa İttifaqında əsas tərəfdaşdır və onun enerji infrastrukturunda institusional mövcudluq Bakının mövqelərini gücləndirir. Bununla belə, vətəndaşlar üçün effekt dolayı olacaq. Hər şey idarəetmənin səmərəliliyindən asılıdır: əgər aktiv mənfəətli və şəffaf şəkildə idarə olunarsa, bu, büdcənin dayanıqlığını artıracaq və xammal qiymətlərindən asılılığı azaldacaq. Əks halda, sövdələşmə səs-küylü, lakin simvolik alış kimi qalacaq”, – Vasadze qeyd edir.
Rauf Orucov