Logo
news content
User
Kateqoriyalar

Analitika

NATO sammiti və “müharibə dayanacaq” illüziyası
Ekspert: NATO hələ də “qorxuya düşənlərin alyansı” olaraq qalır, Amerikanın isə qətiyyəti yoxdur

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Ukrayna Prezidenti bu barədə özünün Facebook səhifəsində yazıb.

Zelenski bildirib ki, telefon danışığı zamanı Donald Trampı ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edərək, Ukraynaya göstərdiyi dəstəyə görə ona təşəkkür edib.

ABŞ-ın müstəqilliyimizi qorumaq yolunda bizə dəstək verməsini son dərəcə yüksək qiymətləndiririk. Ukraynanın və Avropanın gələcəyinə biganə qalmayan hər bir amerikalıya minnətdaram. Azadlığı dünyanın hər yerində dəyər hesab edən hər kəsə də təşəkkür edirəm”, – Zelenski yazıb.

O əlavə edib ki, Donald Trampla telefon danışığı zamanı cəbhə xəttindəki vəziyyəti və Ukraynada müharibənin dayandırılması istiqamətində diplomatik səyləri də müzakirə ediblər.

Bu müharibəyə son qoymaq üçün real perspektiv var və ABŞ-ın qətiyyəti həlledici rol oynayacaq. NATO-nun Ankarada keçiriləcək sammitində bu müzakirələri davam etdirmək barədə razılığa gəldik”, – Zelenski vurğulayıb.

Bundan əlavə, iyulun 7–8-də Ankarada keçiriləcək NATO sammitinin əsas mövzularından biri də Ukrayna olacaq. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanettin Duran məlumat verib.

Sammitdə hərtərəfli yanaşma konsepsiyası çərçivəsində müdafiə büdcələrinin artırılması ilə bağlı qəbul edilmiş qərarın icrası istiqamətində atılan addımlar, həmçinin alyansın çəkindirmə və müdafiə sahəsində göstərdiyi səylər qiymətləndiriləcək. Bundan başqa, liderlər səviyyəsində Avroatlantik region üçün təhdidlər, risklər və çağırışlarla bağlı strateji kontekstdə fikir mübadiləsi aparılacaq. Ukraynadakı vəziyyət və NATO-nun cənub cinahında baş verən son hadisələr də müzakirə olunacaq”, – o bildirib.

Məlumata görə, sammitdə 32 ölkə dövlət və hökumət başçıları səviyyəsində təmsil olunacaq, həmçinin tədbirə 100-ə yaxın nazir qatılacaq.

Beləliklə, Ankarada keçiriləcək sammitdə Ukrayna ilə bağlı konkret hansı məsələlər müzakirə olunacaq? Doğrudanmı hazırda bu müharibənin dayandırılması üçün real perspektiv yaranıb? Və nə üçün məhz ABŞ-ın qətiyyəti bu məsələdə həlledici rol oynaya bilər?

Pressklub.az-ın suallarını Ukraynanın “Strategiya XXI” Qlobal Araşdırmalar Mərkəzinin prezidenti, “Qara dəniz təhlükəsizliyi” jurnalının baş redaktoru Mixail Qonçar cavablandırıb.

Onun fikrincə, müxtəlif beynəlxalq platformalarda “Ukraynada müharibənin” deyil, “Rusiyanın təcavüzünün dayandırılması” məsələsi müzakirə olunmayana qədər heç bir irəliləyiş olmayacaq.

Müzakirələrin harada keçirilməsinin heç bir əhəmiyyəti yoxdur – istər Ankara, istər Vaşinqton, istər Brüssel, istər NATO və ya Aİ sammiti, istərsə də BMT Baş Assambleyasının, ATƏT-in və digər qurumların iclasları.

NATO hələ də “qorxuya düşənlərin alyansı” olaraq qalır və ondan təcavüzkar dövlətə qarşı daha sərt addımlar gözləməyə dəyməz. Alyansın Ukraynaya yardım göstərilməsi və koordinasiya istiqamətində etdikləri, üstünlük təşkil edən eskalasiyadan yayınma davranış modeli çərçivəsində bacara biləcəklərinin maksimumudur.

Müharibənin dayandırılması üçün real perspektiv yoxdur. Təcavüzkar dövlət olan Rusiya Kremldəki fürerinin dili ilə bu yaxınlarda bir daha təsdiqlədi ki, qondarma “Xüsusi Hərbi Əməliyyat”ı dayandırmaq niyyətində deyil”, – ekspert xatırladıb.

Onun sözlərinə görə, Kiyevə endirilən son raket zərbələri də bunun təsdiqidir.

Ona görə də müharibənin dayandırılması üçün guya hansısa yeni imkanların yarandığı barədə bütün söhbətlər əsassız mülahizələrdən başqa bir şey deyil. Müharibəni yalnız Rusiyanın hərbi məğlubiyyəti, onun hərbi-iqtisadi potensialının dağıdılması yolu ilə dayandırmaq mümkündür və Ukraynanın Müdafiə Qüvvələri də məhz bununla məşğuldur.

ABŞ hələ də hərbi və iqtisadi gücünə görə dünyada bir nömrəli dövlət olduğu üçün onun qətiyyəti həlledici ola bilərdi. Ancaq indiki Amerikanın heç bir qətiyyəti yoxdur. O, Avropadakı mövcudluğunu azaldır və Trampın hakimiyyətdə olduğu son 1,5 il göstərdi ki, Rusiya təcavüzünə hansısa formada qarşı çıxmaq niyyətində deyil. ABŞ-ın bu cür “müqavimətsizliyi” isə avtomatik olaraq Kreml üçün Ukraynaya qarşı müharibəni davam etdirmək və Avropanın daxilindən Aİ-yə qarşı dağıdıcı fəaliyyəti gücləndirmək stimuluna çevrilir.

Ona görə də ABŞ, NATO və Ankaradakı sammitlə bağlı heç bir illüziya qurmağa dəyməz. Çoxlu bəyanatlar səslənəcək, amma real nəticə sıfırdan fərqlənməyəcək”, – Qonçar proqnozlaşdırır.

Rauf Orucov