Logo
news content
User
Kateqoriyalar

Analitika

“Müharibəni yaşayanların qarşısında onu oynamaq süni görünər” – Xalq artisti 
“Qisasçı deyiləm, amma günahı bağışlamıram”

Onunla söhbətimiz çoxşaxəli oldu. Həm sənətdən danışdıq, həm Azərbaycanın qələbəsindən, həm də sənətin o qələbədəki rolundan. 

Həmsöhbətimiz Xalq artisti Nurəddin Mehdixanlıdır. 

- Bu yaxınlarda doğum gününüz oldu, təbrik edirəm, amma deyəsən qeyd etmədiniz...

- Təşəkkür edirəm. 67 yaşım tamam oldu. Düzünü deyim, doğum günü qeyd etmək, neçə yaşımın olması barədə heç vaxt düşünməmişəm. Ya buna vaxtım olmayıb, ya da maraqlı deyil. Maraqlı olan hər gün hansı işi görməyim, nə qədər faydalı olmağımdır. Bir yaş böyük, bir yaş kiçik olmağın da fərqi yoxdur, insan var ki, gəncliyindən kamildir, insan da var, yaşı çoxdur, amma düşüncəsi az. Yaş artdıqca bir çox mətləblər daha aydın görünməyə başlayır. Həyatı anlayırsan və bacardıqca yaxşılıq etmək, iş görmək, iz qoymaq istəyi də artır. Bir də mütaliə etmək tələbata çevrilir. Oxuduqlarını artıq oxumusan, oxumadıqlarını, bilmədiklərini öyrənmək üçün, bəzən axtardığını tapa bilmirsən. Azərbaycanda 5-6 müəllif var, onları oxuyanda yeni nə isə öyrənmək olur. Məsələn, Qismət, Aqşin Yenisey, Salam... bunları oxumaq çox maraqlı gəlir. Mən artıq səhnədə istədiyi obrazları oynamış bir aktyoram, oynamadıqlarımın axtarışındayam. Onu tapmaq üçün isə hökmən ədəbiyyata, dramaturgiyaya baş vurmaq lazım gəlir. Dramaturgiyada isə bu gün bir boşluq var, süstlük hökm sürür. Məsələn, çox istəyirəm ki, bir vaxtlar Ramiz Novruzun “Hələ sevirəm deməmişdilər” pyesinin tamaşasında oynadığım Vətən kişi kimi bir obraz olsun, amma bu dəfə vətənə qayıdan Vətən. Bu gün mənim gözlərim önündə xaraba qoyulmuş yurd yerləri var, bir də o yurd üçün canlarını verən oğullar. Hərəsi bir ailənin övladı idi, arzuları nakam qaldı. Onların ədəbiyyatda, dramaturgiyada, kinoda, teatr səhnəsində bədiiləşmiş obrazlarını görmək istəyirəm. Yurduna geri qayıdıb tikdiyi evi tapa bilməyən Vətən kişinin obrazını oynamaq istəyirəm. Düzdür, yaralar hələ təzədir, müharibənin səhnələşdirilməsi onu yaşayana inandırıcı olmaya bilər, ona görə də onu oynamaq olmaz, onu yaşamadan oynaya bilməzsən.  Qarabağ müharibəsini bu gün səhnədə oynamağın tərəfdarı deyiləm, onu yaşayanların qarşısında oynamaq süni görünür. Ya yaşayaraq oynamalısan, ya da oynamaq olmaz.

- Vətən kişi obrazını xatırlatdınız, Ramiz Novruzun “Hələ sevirəm deməmişdilər” pyesinin tamaşasında məcburi köçkün düşən kişini. Yadımdadır, onun  monoloqunu dediyiniz vaxt tamaşa zalından bir kişi səhnəyə çıxıb, sizi qucaqlayıb, ağladı...

- Mən yaşadıqlarımı oynayırdım. Məcburi köçkün düşməmişəm, qarabağlı deyiləm, amma bir qarabağlıdan artıq qarabağlıyam. Mənim doğulduğum ev yerindədir, o evdə atamın, anamın səsi, əl izləri var. Mən ora gedəndə o dünyanın içinə düşürəm, o aləmə qayıdıram, amma o dünyasını itirən minlərlə həmvətənimiz var, onları düşünməmək olmaz. Mənim yurdumda atamın, anamın qoxusu qalır, sənin yurdunda heç nə qalmayıb. 

- İndi yarama niyə toxunursunuz?

- Bunu unutmayaq deyə, sağalmasın o yara. Bundan sonda, sadəcə olaraq, yaddaşımızdan muğayat olmalıyıq. Bütün başımıza gələnlərin səbəbi yaddaşsızlığımızdır. Yaddaşımıza sahib çıxaq. Yaddaş qoruyucu zirehdir. 

- Yaddaşımız da işğal altında olub, yaddaşımızı silməyə çalışıblar, müəyyən qədər də nail olublar...

- Mən qisasçı deyiləm, amma günahı bağışlamıram. Erməni övladını nifrətlə böyüdür, türkün qatili kimi tərbiyə edir. Biz uşaqlarımızı vətənə sevgi ilə və beynəlmiləl ruhda böyüdürük. Ananı, bacını – vətənini qoru, deyirik. Fərqimiz budur. 

- Bu yalnız tərbiyə deyil, genetik faktor da var. Biz öz doğma yurd yerlərimizdən necə çıxarıldıq, onlar indi bizim torpaqlardan necə yola salınırlar...

- Onların etdikləri yalnız günah deyil, cinayətdir. Cinayətin cəzası var. Bu gün onların başına gələnlərin, çöküşlərinin, əzilməklərinin günahkarı özləridir, verdikləri, aldıqları tərbiyədir. Müqəddəs kitabımız deyir ki, səninlə savaşanla savaşacaqsan. Bağışlamaq olar, amma 2+2-nin 4 elədiyini yadında saxlayacaqsan. Biz baş kəsmədik, qocaları, uşaqları qətlə yetirmədik. Biz torpaqlarımız azad etdik və işğalçı bu gün cavab vermək üçün istintaqa cəlb edilir. Mənim doğum günündə ölkəmdə haqq, ədalət qalıb gəlir, bundan böyük təntənə olarmı... Bu təmtəraq kimə qismət olub? Bu təmtərağı, zəfəri, ədalətin bərpasını həmişə görək deyə, böyük, güclü olmalıyıq. Bunun üçün mədəniyyət böyük qüvvədir, teatrın boynuna daha çox məsuliyyət düşür.  

- Siz də bir əsgərsiniz, hər zaman əsgərin yanında oldunuz, sənətinizlə səngərlərdə oldunuz. Keçək sənətinizə, bəxti gətirən sənətkarsınız?

- O qədər də yox. Kinoda çox işim olmayıb, əsasən teatrda işləmişəm. Bizə kinoda meydan verilmədi. 

- Hər halda, kinoda “Cavad xan” kimi iziniz oldu...

- Yaxşı ki, o filmə çəkilmişəm. Həyatda heç də asan olmadı mənə, harada ağıl lazım idi orda ağılla, harada güc lazım idi, orda yumruqla yol açdım. Haqlı olduğum yerdə heç kimin qabağından çəkilməmişəm. Bizim nəsil sənətdə daha çox iş görə bilərdi... 

O vaxtın teatrını çox şişirdirlər, amma suflyor teatrına yaxşı demək olar? Bu gün aktyor səhnədə 60-cı illərin aktyoru kimi danışsa, onu fitə basarlar. Bizim nəsil teatra yeni nəfəs gətirdi. Özümüzdən əvvəlki sənətkarlara aşağıdan yuxarı baxırdıq. Bizim dövrdə meyllər dəyişdi. Diplom tamaşama baxan Tofiq Kazımov məni Milli Dram Teatrına dəvət etdi. Əsgərlikdən qayıdandan sonra ancaq kütləvi səhnələrə çıxırdım. İlk böyük rolum İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesinin tamaşasında Kamran olub. Tamaşaçı məni bu rolla sevdi. Bu tamaşada 565 dəfə oynamışam. Sənət taleyimə görə müəllimlərimə borcluyam, ilk növbədə Adil İsgəndərova borcluyam. Təkcə öyrətmədi, həm də sənəti sevdirdi o kişi. Deyirdi, qada, böyük sənəti böyük kişilər yarada bilər. 

Bu gün deyirlər ki, teatrda tənəzzül var. Məgər başqa sahələrdə elə deyil? Azərbaycan müharibə aparırdı, hər sahədə tənəzzül vardı. Teatr aktyorlarını sənətdə Ulu öndərin təsisi etdiyi mükafatlar saxladı. 

- Bu gün teatrın əsas problemi nədir?

- Teatr bu gün də yaşayır və yaşadır. Problem teatrda bir dəfə də olsun olmayanın teatrın olmaması barədə iddialı fikir deməyidir. Bu gün teatr da var, sənətkar da. Aktyor da var, rejissor da. İnkişaf yoluna qədəm qoymuşuq, hər şey yaxşı olacaq. Nə qədər gücüm, bacarığım var, teatr sənətinə xidmət edəcəm. Milli Dram Teatrında yaxşı işlər, gözəl hadisələr olacaq. Teatr çox böyük mədəniyyətdir, onu yüksəldib zirvələrdə saxlaya bilsək, millətin mədəni səviyyəsi də yüksək olar.

- İstədiyimiz budur, zatən, bu ümidlə və arzu ilə sağollaşaq sizinlə.

Ramilə Qurbanlı

Xüsusi olaraq, old.pressklub.az üçün