Logo
news content
User
Kateqoriyalar

Analitika

Müəmmalı perspektiv, manevr imkanları və... pul məsələsi
Paşinyanın KTMT-də çıxmamasının əsasında hansı səbəblər durur?

Ermənistanın KTMT-də gələcək iştirakına dair qərar ağlabatan müddətdə qəbul edilməlidir. Bunu təşkilatın baş katibi Taalatbek Masadıkov bildirib.

Ermənistanın KTMT-də iştirak perspektivləri ilə bağlı qərarın ağlabatan müddətdə qəbul edilməli olduğunu düşünürük”, – Masadıkov qeyd edib.

Təşkilatın baş katibinin bu bəyanatı Rusiyanın KTMT yanında daimi nümayəndəsi Viktor Vasilyevin Ermənistanın təşkilatın orqanlarında səsvermə hüququndan məhrum edilməsi üçün bütün üzvlərin konsensusunun tələb olunacağı barədə sözlərindən sonra səslənib.

Rusiyalı diplomatın sözlərinə görə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək. O, həmçinin təşkilata üzv ölkələrin liderlərinin görüş zamanı Ermənistanın KTMT-də iştirakı məsələsini müzakirə edə biləcəklərini istisna etməyib.

Doğrudan da, Ermənistan niyə bu qərarı ləngidir? Axı İrəvan artıq neçə ildir ki, KTMT-də üzvlüyün dondurulduğunu təkrarlayır. Obrazlı desək, “dondurucu” yorulmayıb? Bu qəribə tərəddüdü necə izah etmək olar? Üstəlik, hakim “Mülki müqavilə” partiyası yaxınlarda keçirilən parlament seçkilərində qalib gələrək mandatını bir daha təsdiqləyib. Yəni, ilk baxışdan, Paşinyanın əsaslandırılmış çıxış edərək Ermənistanın KTMT-dən çıxması barədə qərarını elan etmək imkanı var. Amma bu addım atılmır. Ermənistanın baş nazirini bu addımdan çəkindirən hansı səbəblər, hansı mülahizələr ola bilər?

Bu sualları Pressklub.az-a açıqlamasında rusiyalı siyasi analitik Mixail Neyjmakov cavablandırıb.

Onun sözlərinə görə, Nikol Paşinyan həqiqətən də dəfələrlə KTMT-ni kifayət qədər sərt şəkildə tənqid edib. “Məsələn, 2026-cı il mayın sonunda seçki kampaniyası çərçivəsində keçirilən tədbirlərdən birində çıxışı zamanı bildirmişdi ki, ölkənin bu təşkilata üzvlüyü üçüncü ölkələrin nümayəndələrinin Ermənistana silah tədarükündən imtina etməsi ilə bağlı bəyanatlarına səbəb olub. Onlar “siz bu texnologiyaları KTMT-yə ötürə bilərsiniz” deyiblər. Bununla yanaşı, rəsmi İrəvan indiyədək bu təşkilatla formal əlaqələri tam kəsmək istiqamətində addım atmaqdan çəkinib. Məsələn, 2026-cı ilin iyununda Nikol Paşinyan qeyd etmişdi ki, “əgər KTMT-yə üzv dövlətlər Ermənistanın təşkilatdan çıxarılması barədə qərar qəbul etsələr, biz bu qərarı nəzərə alacağıq”. Bunu belə başa düşmək olardı ki, İrəvan hələlik təşkilatdan özünün çıxacağını bəyan etmək niyyətində deyil.

Görünür, rəsmi İrəvan bu məsələni həm Moskva, həm də Qərb aktorları ilə danışıqlar predmeti kimi nəzərdən keçirir. Tamamilə mümkündür ki, Nikol Paşinyan Ermənistanın təhlükəsizliyi sahəsində Qərb tərəfdaşlarının hansısa mühüm addımları fonunda KTMT-dən rəsmi çıxışı sürətləndirə bilər. Bununla yanaşı, nə KTMT rəhbərliyinin, nə də Moskva nümayəndələrinin Ermənistanın təşkilata üzvlüyü ilə bağlı açıqlamaları hələlik “körpülərin tam yandırılmasından” xəbər vermir”, – analitik bildirib.

Onun fikrincə, Nikol Paşinyanın bu vəziyyətdəki taktikasının öz məntiqi var. “KTMT-də formal üzvlüyün saxlanılması Ermənistanı heç nədə məhdudlaşdırmır. Məsələn, Kollektiv Təhlükəsizlik haqqında Müqavilənin 1-ci maddəsində nəzərdə tutulur ki, iştirakçı dövlətlər “hərbi ittifaqlara qoşulmayacaq və dövlətlərin hər hansı qruplaşmalarında iştirak etməyəcəklər”. Amma rəsmi İrəvanın yaxın vaxtlarda başqa bir hərbi bloka qoşulmasından söhbət getmir. Müqavilənin 4-cü maddəsinin tələbi – üzv dövlətlərdən birinə hücum ediləcəyi təqdirdə digərlərinin “dərhal, o cümlədən hərbi yardım göstərməsi” öhdəliyindən isə istənildiyi halda yan keçmək mümkündür. Yəni hazırda İrəvanın KTMT-dən formal çıxış qərarını sürətləndirməsi üçün aşkar səbəblər yoxdur və bu son addımı atmamaq onun potensial manevr imkanlarını daha da genişləndirə bilər.

Bununla yanaşı, İrəvanın KTMT ilə bağlı hazırkı taktikasının əlavə bir səbəbi də ola bilər. KTMT Nizamnaməsinin 19-cu maddəsində nəzərdə tutulur ki, təşkilatdan çıxmaq barədə qərar qəbul edən dövlət “təşkilat çərçivəsində öz öhdəliklərini tənzimlədikdən sonra” bu barədə bildiriş təqdim edir. Bu isə təşkilat rəhbərliyinə Ermənistanın üzvlük haqlarını ödəməsinin zəruriliyini dilə gətirməsinə əsas vermiş olardı. Müqayisə üçün eyni məsələ Moldovanın MDB-dən çıxması ilə bağlı da gündəmə gətirilir. Yəni onsuz da fikir ayrılığı üçün əsas yaranır. Və İrəvanla KTMT rəhbərliyi bu məsələni Ermənistanın KTMT-dən çıxmasından əvvəl danışıqlar yolu ilə həll etməli olacaqlar”, – Neyjmakov izah edib.

Rauf Orucov