Moskva İrəvanda hərbi çevriliş hazırlayır?
Silahlı şəxslərin Paşinyanı hədələməsinin arxasında hansı qüvvələrin dayanması maraq doğurur...
20 May 2026
Ermənistanda baş nazir Nikol Paşinyana qarşı təhdidlər yağdırılan video ilə bağlı cinayət işi açılıb. Armenpress-in məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib.
Məlumata əsasən, bir qrup şəxs tərəfindən sui-qəsd hazırlanması, kompüter sabotajı, eləcə də odlu silah və döyüş sursatının qanunsuz dövriyyəsi faktları üzrə cinayət işləri başlanıb.
Hadisəyə aidiyyəti olan şəxslərin müəyyən edilməsi məqsədilə ilkin istintaq aparılır.
Mayın 18-də sosial şəbəkələrdə yayılan videoda əllərində avtomat silah olan şəxslər Ermənistan və “Dağlıq Qarabağ Respublikasının” bayraqları fonunda baş nazir Nikol Paşinyanı ölümlə təhdid ediblər. Video müəllifləri hökumət başçısı ilə “hesablaşacaqlarını”, onu “məhv edəcəklərini” bildirir və guya “Artsaxın xilası” naminə hərəkət etdiklərini iddia edirlər.
Videoda onlar Paşinyana müraciətlə belə deyirlər: “Sən hər şeyə görə cavab verəcəksən”.
Paşinyan videotəhdidə kəskin reaksiya verib. Onun sözlərinə görə, həm maskalar, həm də avtomatları bir-bir onların sahiblərinin “müvafiq yerlərinə” soxacaq.
“Ey küçüklər, maskalarınızı çıxarın, axmaqlar. Mən o maskaları bir-bir üzünüzdən çıxarıb lazım olan yerinizə soxacağam. Bilirsiniz niyə maskadasınız? Çünki onları çıxarsanız, sizin həmin o qorxub qaçanlar, əsgərlərimizi qoyub gedən qorxaqlar olduğunuz görünəcək. Ermənistana gəlib maska və avtomat oyunu oynayırsınız – mən sizi diz çökməyə məcbur edəcəyəm”, – baş nazir bildirib və onlara maskalarını çıxarıb könüllü şəkildə təslim olmağı tövsiyə edib.
Daha sonra Ermənistan İstintaq Komitəsi cinayət işinin açıldığını açıqlayıb. Qurumdan bildirilib ki, naməlum şəxslər qapalı kompüter şəbəkəsindəki məlumatlara qanunsuz giriş əldə edib və baş nazirin dövlət və siyasi fəaliyyəti zəminində onun qətlinə dair təhdidlər səsləndirilən videonu canlı yayım vasitəsilə yayıblar.
Bu arada İrəvanda olayda xarici izlərin ola biləcəyi barədə versiyalar da səsləndirilir. “Məlumatlı Vətəndaşlar İttifaqı” (Union of Informed Citizens) QHT-sinin rəhbəri Daniel İoannisyan videonu “Rusiya tərəfindən həyata keçirilən saxta bayraq əməliyyatının parlaq nümunəsi” adlandırıb.
Belə təhdidləri nə dərəcədə ciddi hesab etmək olar? Bunun arxasında hansı qüvvələr və ya dövlətlər dayana bilər? Ermənistanın müxtəlif bölgələrində insanlarla açıq görüşlər keçirən Nikol Paşinyanın seçkilər ərəfəsində təhlükəsizliyinin gücləndirilməsi üzərində ciddi şəkildə düşünməsinin vaxtı çatmayıbmı?
Bu barədə Pressklub.az-a danışan hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisayanın (Tbilisi) sözlərinə görə, bu fakt Rusiyanın hibrid hücumlar və hətta dövlət çevrilişi formasında hibrid müharibə elementləri hazırladığı ilə bağlı onun əvvəl səsləndirdiyi versiyanı təsdiqləyir.

“Dövlət çevrilişləri müxtəlif tipologiyada olur: gizli və ya açıq hərbi müdaxilə, hərbi çevriliş və sair. Bu kontekstdə belə faktlar göstərir ki, faktiki olaraq dövlət çevrilişinə hazırlıq gedir. Bu mənim şəxsi fikrimdir – ola bilsin, yanılıram, amma düşünürəm ki, artıq ilkin əlamətlər mövcuddur. Dövlət çevrilişi ssenariləri hazırlananda hər şey informasiya və informasiya-psixoloji hazırlıqdan başlayır”, – hərbi ekspert qeyd edib.
Maisaya bildirir ki, ən vacib məqam gizli qruplar yaradılması və onların əhali arasında təşviqat işi aparması, psixoloji təzyiq göstərməyə başlaması ilə bağlıdır. Bundan sonra isə hərbi çevrilişin və dövlət hakimiyyətinin daxildən devrilməsinin hazırlığı mərhələsinə keçilir. “Faktiki olaraq biz mümkün dövlət çevrilişinin birinci fazasını görürük. 7 iyuna sayılı günlər qalmasını xüsusi nəzərə almaq lazımdır.
Bu kontekstdə Kreml artıq müvafiq göstərişlər verib. Rusiya informasiya məkanında müəyyən hərbi qüvvələrin Gümrüdəki 102-ci hərbi bazadan istifadə etməklə Ermənistan ərazisinə hərbi təzyiq və “qapalı” (açıq olmayan) hərbi müdaxilə üçün istifadəsinə birbaşa işarə edilir. Bu faktlar mənim əvvəlki müsahibədə Ermənistan daxilində hərbi çevrilişin hipotetik ssenarisini təsvir edərkən dediklərimi dolayısı ilə təsdiqləyir.
Təbii ki, bütün bunlar xarici qüvvələrin təsiri və istifadəsi ilə baş verir. Mən bu ssenarinin reallaşmasını istəmirəm, lakin hesab edirəm ki, mövcud məqamlar mənim əvvəllər dediklərimin dolayı təsdiqidir”, – Vaxtanq Maisaya nəticə çıxarıb.
Rauf Orucov