Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Moskvada Paşinyana “Saqqal” ləqəbi verilib və hər addımı izlənir
22 May 2026
The Insider-in araşdırmasına görə, Moldova və Macarıstandakı uğursuzluqlardan sonra Kreml əsas gücünü iyunun 7-də parlament seçkilərinin keçiriləcəyi Ermənistana yönəldib. Moskvanın məqsədi Avropa İttifaqı və ABŞ-la yaxınlaşma kursu götürmüş baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının qələbəsinə mane olmaqdır.
Nəşrin məlumatına əsasən, Paşinyana qarşı informasiya kampaniyasını əvvəllər Dmitri Kozakın rəhbərlik etdiyi mədəni əlaqələr idarəsinin əvəzində yaradılmış Prezidentin Strateji tərəfdaşlıq və əməkdaşlıq idarəsi (USPС) koordinasiya edir. Kozak Moldovadakı uğursuzluqdan sonra vəzifədən uzaqlaşdırılıb. USPС-yə Sergey Kiriyenkonun adamı, keçmiş atom sənayesi funksioneri Vadim Titov rəhbərlik edir. O, bundan əvvəl Orbanın sarsıdıcı məğlubiyyəti ərəfəsində Macarıstana uğursuz səfəri ilə diqqət çəkmişdi. İndi isə ona yeni şans verilib.
Ermənistan istiqamətinə Prezident Administrasiyasında birbaşa kuratorluq edən şəxslər USPС departamentinin rəhbəri Valeri Çernışov və onun müavini Dmitri Avanesovdur. Hər ikisinin xüsusi xidmət orqanlarında iş təcrübəsi var: Çernışov Baş Kəşfiyyat İdarəsinin kurslarında diversiya fəaliyyətinin əsaslarını tədris edib, Avanesov isə Federal Təhlükəsizlik Xidmətinin institutunda təhsil alıb.
Rusiya hökumətində Ermənistan istiqamətinə baş nazirin müavini Aleksey Overçuk nəzarət edir. Xarici İşlər Nazirliyi xətti ilə isə seçkilərə MDB ölkələri üzrə Dördüncü departamentin direktoru Mixail Kaluqin cavabdehdir. Nəşr qeyd edir ki, Kaluqinin Litva və Vaşinqtondakı əvvəlki işi kəşfiyyat fəaliyyəti və ABŞ seçkilərinə müdaxilə şübhələri ilə müşayiət olunub.
Kampaniyada Kremlə yaxın strukturlar da iştirak edir: Qorçakov Fondu, Kommunikasiyaların İnkişafı üzrə Milli Tədqiqat İnstitutu (ona Xarici Kəşfiyyat Xidmətinin zabiti Vladislav Qasumyanov rəhbərlik edir), Rusiya Strateji Araşdırmalar İnstitutu (RİSİ – xarici kəşfiyyatın “beyin mərkəzi”).
Təbliğat kampaniyasının ön sıralarında senatorlar Konstantin Kosaçev və Konstantin Zatulin dayanır. Sonuncu “Lazarev klubu”na rəhbərlik edir. Klubun üzvləri arasında Rusiya vətəndaşlığı olan milyarder Samvel Karapetyan da var.
“Yumşaq güc” siyasətini isə keçmiş baş prokurorun oğlu, korrupsiya qalmaqalları və Moldovada Rusiyapərəst müxalifətin maliyyələşdirilməsi ilə tanınan İqor Çaykanın rəhbərlik etdiyi Rossotrudniçestvo həyata keçirir. Qurumun tabeliyindəolan və İrəvanda fəaliyyət göstərən Rus Evinə NTV-nin keçmiş hərbi müxbiri Vadim Fefilov rəhbərlik edir. Burada əsas diqqət gənclərə yönəlib və onlara Ermənistanın gələcəyinin yalnız Rusiya ilə bağlı olduğu aşılanır.
The Insider-in məlumatına görə, Ermənistanda Xarici Kəşfiyyat Xidmətinin rezidenti ticarət nümayəndəsi Aleksey Mışlyavkindir. O, agentura vasitəsilə Moskvanın “Saqqal” operativ ləqəb verdiyi Nikol Paşinyanın hər addımını izləyir. Federal Təhlükəsizlik Xidməti xətti ilə isə Paşinyana Rusiya səfirliyində müşavir işləyən Sergey Kivaçuk nəzarət edir. General rütbəsi daşıyan Kivaçuk əvvəllər Mari El və Altay diyarında fəaliyyət göstərib.
Kreml eyni zamanda iki müxalif blokun da fəaliyyətinə dəstək verir. Onlardan biri Samvel Karapetyanın “Güclü Ermənistan” blokudur. Karapetyan hakimiyyəti ələ keçirmək çağırışına görə həbs olunsa da, onun bloku seçkilərdə iştirakını davam etdirir. Digər qüvvə isə əvvəllər quldurluq və zorlamaya görə məhkum olunan, Paşinyana qarşı sui-qəsd sifarişində şübhəli bilinən və “Vahid Rusiya” ilə əməkdaşlıq edən Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasıdır.
The Insider yazır ki, bu layihələrin maliyyələşdirilməsi Rusiya Prezident Administrasiyasının xüsusi fondları hesabına həyata keçirilir.
Yuxarıda sadalananların hamısından da göründüyü kimi, Paşinyanın yenidən seçilməsinin qarşısını almaq üçün Kreml tərəfindən maliyyələşdirilən geniş və çoxşaxəli şəbəkə fəaliyyət göstərir. Bu isə belə bir təəssürat yaradır ki, Moskva Ermənistanın daxili işlərinə müdaxilə məsələsinə son dərəcə ciddi yanaşır və bu istiqamətdə planlarını sistemli şəkildə həyata keçirir.
Bütün bunlar əslində nə dərəcədə təhlükəlidir? Paşinyanın partiyası seçkilər ərəfəsində mövqelərini daha da gücləndirərsə, həmin rezidenturanın yerli müxalif qüvvələrlə birlikdə çevriliş və ya vətəndaş qarşıdurması ssenarisi hazırlaması ehtimalı varmı?
Pressklub.az-ın suallarına tanınmış erməni ekspertlər cavab veriblər.
“Diqqət mərkəzində” informasiya platformasının müəllifi, jurnalist və bloqer Roman Baqdasaryan hesab edir ki, vəziyyət kifayət qədər təhlükəlidir.

“Bu, çox təhlükəli vəziyyətdir. Məncə, hakimiyyət bunu anlayır və artıq müvafiq tədbirlər görülür. Düşünürəm ki, dövlətə və ölkəyə qarşı çıxmağa cəsarət edən hər kəsi lokallaşdırmaq üçün mümkün olan hər şey ediləcək. Bunun üçün kifayət qədər addımlar atılır və atılacaq.
Lakin digər tərəfdən, bütün bunlar bir daha hər bir vətəndaşa, ümumilikdə isə regionumuzun insanlarına Rusiyanın nə qədər iyrənc şəkildə davrandığını göstərir. Məncə, hətta qonşu Azərbaycanın sakinləri üçün də bu, xalqlarımızın necə əziyyət çəkdiyini bir daha anlamağa imkan verən növbəti faktdır”, – Baqdasaryan fikrini bölüşüb.
Analitik və publisist İşxan Verdyan isə bildirib ki, əgər söhbət Ermənistan vətəndaşlarının baş nazir Nikol Paşinyan əleyhinə mümkün ictimai etirazlarından gedirsə, belə bir ehtimal faktiki olaraq sıfıra bərabərdir və heç bir resurs seçicilərin loyallığını satın ala bilməz.

“Bunun sübutu kimi Paşinyanın hər gün keçirdiyi canlı yayımları göstərmək olar. Həmin yayımlarda insanların əhval-ruhiyyəsi və ona münasibət bütün ölkə üzrə çox aydın görünür. O, şübhəsiz ki, populyar ictimai liderdir və bu amil Ermənistan vətəndaşlarının ona qarşı üsyankar münasibətini avtomatik olaraq istisna edir.
Lakin bu, Moskvanın görmək istədiyi mənzərəni yaratmaq cəhdlərinin olmayacağı anlamına gəlmir. Paşinyana qarşı işləyən və faktiki olaraq limitsiz hesab edilə biləcək resursları nəzərə alsaq, baş nazirə qarşı bütün mümkün addımlar atılacaq. O cümlədən media müstəvisində də bunu görəcəyik. Üstəlik, Paşinyanın Azərbaycan mediasında olduğu kimi rusdilli və ingilisdilli informasiya resursu yoxdur. Yəni, o, həm dövlət xadimi, həm də hakim partiyanın lideri kimi xəbərlərini, analizlərini və mövqeyini dünya media məkanına çatdıra bilmir”, Verdyan qeyd edib.
Rauf Orucov