Məşhur azərbaycanlı futbolçunun qızı mollaları niyə qəzəbləndirib?
Şəriət sistemi İran cəmiyyətində deqradasiyanı gücləndirir
14 Mart 2024
“The İnsider” portalı yazır ki, İranın dini fanatikləri özlərinə yeni düşmən tapıblar - 13 yaşlı Nura Dayi, Münhen “Bavariya”sının keçmiş hücumçusu Əli Dayinin qızı (Əli Dayi Ərdəbildə dünyaya gəlib, etnik azərbaycanlıdır - Press klub). İfrat dindar siyasətçilər videoda hicabsız görünən qızın da, atasının da, videoçarxın müəllifinin də cəzalandırılmasını tələb edirlər.
Şəriət qarşısında hamı bərabərdir. Bəzilərindən başqa
Əli Dayi futbolçu karyerasını hələ 2007-ci ildə bitirib, amma hələ də İranda çox populyardır. O, milli komandaların ən məhsuldar hücumçuları siyahısında indi də ikinci yeri tutur - Kristian Ronaldodan sonra. İran İslam Respublikasının ən populyar futbolçusu olan Əli Dayi mühüm idman hadisələrinin müzakirə edildiyi teleproqramların əsas qəhrəmanlarından biri kimi qalmaqda davam edir.
Fevralda Dayinin evinə internet üzərindən yayılan “Football 360” şousunun çəkiliş qrupu gəlib. Çəkiliş zamanı otağa Əlinin qızı daxil olub, atasını qucaqlayıb və bir-birilərinə mehriban sözlər deyiblər. Şounun aparıcısı - idman jurnalisti və ailənin köhnə dostu Ardel Ferdosipur mənzərədən təsirlənir və qızın saçını sığallayır.
Veriliş yayılanda ona futbolsevərlərlə yanaşı, dini qanun güdükçüləri də fikir verdilər. X və digər sosial şəbəkələrdə belə davranışın yolverilməzliyi haqda yazılar peyda oldu. Futbolçu, qız və jurnalist İran qanunlarını pozmaqda təqsirləndirildilər: həmin qanunlara görə, 9 yaşdan böyük qızlar naməhrəm yanına hicabsız çıxa bilməz, naməhrəm də onlara toxuna bilməz. Yazı müəllifləri çəkiliş iştirakçılarının məsuliyyətə cəlb olunmasını tələb edir, prokurorluq və məhkəmənin videoçarxa diqqət ayırmamasından təəccüblənirlər.
Etirazların əks-sədası
Hakimiyyət, ola bilər, Dayi ailəsinin və Ferdosipurun təqibinin baha başa gələ biləcəyini anlayır. Əli Dayi 2022-ci ildə baş verən etirazları dəstəkləmişdi, amma hakimiyyət əleyhinə birbaşa çağırışlar etməmişdi. Keçmiş futbolçunun sosial şəbəkələrdə milyonlarla izləyicisi var, onun fikrinə xeyli iranlı qulaq asır, buna görə də mərkəzi hakimiyyət onun heyranlarını qıcıqlandırmaqdan çəkinir. Ferdosipurla bağlı da oxşar vəziyyətdir. İnadcıl jurnalist özünün liberal mövqeyi ilə çoxdan hakimiyyətdə narazılıq doğurur, amma məmurlar onu televiziyadan qovub internet auditoriyası ilə işləməyə məhkum etməkdən daha artığına risk etmirlər. Onun da iranlılar arasında populyarlığı xeylidir.
Belə tanınmış şəxslərə qarşı repressiyalar hakimiyyətin böyük qan bahasına yatıra bildiyi etirazlara yeni nəfəs verə bilər. Hüquq müdafiəçilərinin məlumatına görə, hökumət əleyhinə etirazların başlanmasının birinci ildönümünə, 2023-cü ilin sentyabrına qədər nümayiş iştirakçılarından ən azı 551 nəfər öldürülüb, 20 mini də tutulub. BMT hesab edir ki, 2023-cü ildə İranda edamların rekord səviyyəyə çatması etirazlarla və hakimiyyətin bütün narazılara öz niyyətinin ciddi olduğunu göstərmək istəyi ilə əlaqədardır. BMT məlumatına görə, keçən il İranda ən azı 834 nəfər edam olunub.
Radikallar hesab edirlər ki, Dayi kimilərə qarşı sərtlik deyil, əksinə, yumşaqlıq etirazlara təkan verə bilər. “İslam inqilabının sabitlik cəbhəsi” adlı ifrat sağçı parlament birliyinin saytında Dayi ailəsinin və jurnalist Ferdosipurun dərhal məsuliyyətə cəlb edilməsinə çağırış yer alıb. Həmin mətnlərdə deyilir ki, belə populyar adamların qanun pozuntularını qeydə almayan məhkəmə sisteminin ayrı-seçkiliyi “ictimai rəyi qəzəbləndirə və möminləri qeyzləndirə” bilər. Buna görə də qıza və atasına mütləq cəza kəsilməlidir.
Yeni radikalizm dövrü
“Sabitlik cəbhəsi” İslam inqilabının ən radikal tərəfdarlarının birliyidir. Bu birlikdən olan deputatlar İran parlamentində 290 yerdən 23-nü tuturlar. Nisbi say azlığına baxmayaraq, dini doktrinalara maksimum ciddi riayət olunmasını tələb edən radikalların xeyli nüfuzu var. Məsələn, hicabsız qadın şəkilləri olan başdaşılarına qadağa qoyulmasını məhz “Sabitlik cəbhəsi” ilə bağlayırlar. Məzarlıq idarələrinə nəinki ciddi normalara uyğun olmayan başdaşıların qoyulmasına mane olmaq, hətta artıq qoyulanları uçurmaq tapşırılıb.
Məzarlıq təşəbbüsləri hakimiyyətin kütləvi etirazlara cavabı oldu. Tehran əvvəlcə nümayişçilərə güzəştə getməyə hazır olduğunu göstərdi, hətta çoxlarının nifrət etdiyi əxlaq polisinin ləğvinin mümkünlüyünə eyham vurdu. Amma tezliklə liberalizm oyunbazlığını yığışdırdı və daha da sərtləşdi. Radikalların bəyənmədiyi başdaşıların uçurulmasını hələ yumşaq addım saymaq olar.
“Amnesty International” təşkilatının məlumatına görə, yüzdən çox məktəbdə yuxarı siniflərdə oxuyan minlərlə qız - İranın bir çox şəhərlərində etirazların nüvəsini təşkil edən məhz onlar idi - naməlum zəhərdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirildilər. Hüquq müdafiəçiləri kütləvi zəhərlənmənin hakimiyyət tərəfindən təşkil edildiyinə və bir məqsəd güddüyünə - qızları qorxutmaq və ya etirazlarda iştiraklarına imkan verməmək üçün xəstəxanalıq etmək - əmindirlər. Hakimiyyət isə israr edir ki, zəhərlənmə simptomu ilə xəstəxanaya düşənlər əslində ifrat yorğunluq yaşayıblar, stress keçiriblər, ya da müəyyən şəxsi sarsıntı yaşayırlar.
“İran əxlaqı ruhunda” təhsil islahatı
Ümumiyyətlə, hakimiyyət və onlarla birlikdə hərəkət edən dini radikallar etirazçı əhval-ruhiyyə ocağı kimi məktəblərə xüsusi diqqət ayırırlar. Etirazların qızğın vaxtı İranın dini lideri ayətullah Əli Xamenei müəllimlərlə görüşərək şagirdlərlə necə davranmaq barədə nəsihətlər verdi. Qoca ilahiyyatçı başqa fikirlərlə yanaşı təhsil sistemində islahatların zəruriliyi haqda da danışıb. Gerçəkdən də tezliklə islahatlar başladı. Doğrudur, heç də etirazçı əhvalda olan pedaqoqların və şagirdlərin gözlədiyi məzmunda yox. Qeyri-loyallıqda şübhəli bilinən müəllimləri ya işdən çıxarmağa, ya da vaxtından əvvəl pensiyaya göndərməyə başladılar, yeni müəllimlər üçün də işə başlamazdan əvvəl zəruri olan ideoloji hazırlığın vaxtını uzatdılar.
Nəticədə, İran indiki təhsil ilinə təxminən 200 min müəllim çatışmazlığı ilə başladı. Hökumət pedaqoq çatışmazlğını loyallığı şübhə doğurmayanlar hesabına doldurmağa çalışdı: 7 min məktəbə direktor və müəllim qismində şiə ruhani mədrəsələrinin məzunları göndərildi. Onlara təkcə məktəb fənlərini keçmək deyil, həm də şagirdləri “ənənəvi İran əxlaqı ruhunda” tərbiyələndirmək tapşırıldı.
Təhsil nazirliyinin təsdiqlədiyi xüsusi təhsil proqramı işə qəbul zamanı ilahiyyatçılara üstünlük verilməsini təsdiqlədi. Həmin proqram çərçivəsində 20 mindən çox mədrəsə məzunu artıq sinif otaqlarındadırlar. Bu zaman hətta rəsmi media bu cür yanaşmanın məqsədəuyğunluğunu şübhə altına alır.
İran mətbuatında zaman-zaman yer alan məqalələrdə ilahiyyatçıların şagirdlərlə yararlı ünsiyyət yarada bilməyəcəkləri, şagirdlərin özlərini yabançı hiss edəcəkləri və bunun da onları son nəticədə radikal müxalifətçiliyə sövq edəcəyi bildirilir. Amma özünə qarşı etirazı ilahi düzənə qarşı etiraz kimi qəbul edən, dünyəvi cəmiyyət üçün azacıq güzəştə belə hazır olmadığını nümayiş etdirən teokratik rejimin məktəb və universitet təhsilini daha da diniləşdirməkdən başqa yolu yoxdur.
Uşaqlarla işləmək üçün zəruri təhsilə və vərdişlərə malik olmayan ilahiyyatçıların peşəkar müəllimləri əvəzləməsi, eləcə də iranlıların davam edən yoxsullaşması və gələcəklə bağlı inamsızlıqları getdikcə daha çox məktəblinin şəhadətnamə almadan məktəbi tərk etməsinə səbəb olur. 2015-2016-cı illərdə şagirdlərin 1 faizindən azı məktəbi atmışdı. İndi belələri 5,5 faizdir.
Yalnız son iki ildə İranda üç milyona yaxın oğlan və qız məktəb təhsilini yarımçıq saxlayıb. Müxalifət bunda təhsilin əsas üstünlüklərdən biri olduğu rəqabətli iqtisadiyyat qurmaq əvəzinə başı İsrail və Qərblə qarşıdurmaya qarışan hakimiyyəti ittiham edir.
Müasir İranda təhsil firavan gələcəyin təminatı deyil. Kasıb ailələrdən olan çoxlu yeniyetmə məktəbdən gedir və ixtisas tələb etməyən işlərə düzəlir: çünki nə onlar, nə də valideynləri ilahiyyatçılardan alınan attestatın daha yaxşı iş tapmağa kömək edəcəyinə inanmırlar. Onların fikri statistika ilə də təsdiqlənir. Ali təhsilli kişilərin 10 faizi, qadınların isə 20 faizi sanksiyalar üzündən durğunluq keçirən İran iqtisadiyyatında özlərinə iş tapa bilmirlər.
Hazırladı: Yadigar Sadıqlı