Avropa İttifaqı Rusiyanın aktivlərini həmişəlik dondura bilər
08 Dekabr 2025
Avropa İttifaqı bütün Aİ ölkələrinin yekdil təsdiqini tələb edən qaydadan yan keçərək Rusiyanın dondurulmuş aktivlərini həmişəlik dondurmağa imkan verən boşluq tapıb.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
"İndiyə qədər sanksiyaların hər altı aydan bir yekdil səsvermə yolu ilə yenilənməsi riski var idi, yəni Budapeşt kimi bir paytaxt Moskvanın aktivlərə çıxışını bərpa edə və bütün strukturu çökdürə bilərdi. Yeni qanunvericilik bunu dəyişdirmək məqsədi daşıyır. Brüssel Aİ-nin təsis müqavilələrində ciddi iqtisadi sarsıntılar qarşısında yekdil razılığa ehtiyac olmadan tədbirlər görməyə imkan verəcək bənd tapıb", - məqalədə deyilir.
Nəşr yazıb ki, bu cür şoklara Qərbin Aİ-yə qarşı hibrid hərəkətlərdə ittiham etdiyi Rusiyanın hərəkətləri də ola bilər. Odur ki, bunu nəzərə alaraq, qadağanın ləğvi ilə bağlı oxşar, ayrıca qərar qəbul edilənə qədər Rusiya aktivlərinin qeyri-müəyyən müddətə dondurulması təklif edilir.