Lavrov Ermənistana… və hamıya xəbərdarlıq edir
Rusiyanın baş diplomatı kiçik müsahibədə bütün postsovet məkanına münasibətini nümayiş etdirib
30 Dekabr 2023
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Ermənistandakı hərbi bazasını oradan çıxarmaq niyyətində olmadığını bildirib.
“Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində yerləşməsinin məqsədəuyğunluğu mövzusunda mühakimələri zərərli hesab edirəm. Bu bazanın orada yerləşməsi haqqında müqavilə 16 mart 1995-ci il tarixində, ilk növbədə milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi üzrə ortaq vəzifəsinə əsaslanaraq bağlanılıb. Bu gün bizim hərbiçilərimiz bu regionda sülhün təmin edilməsinin əsas elementidir”, - Lavrov TASS-a müsahibəsində deyib.
Rusiyalı diplomat son vaxtlar İrəvanın NATO və onun ayrı-ayrı üzv dövlətləri ilə əməkdaşlığı inkişaf etdirdiyini də qeyd edib.
“Bu il Ermənistan alyansın onlarla tədbirində iştirak edib. Öz silahlı qüvvələrini NATO standartlarına uyğun olaraq müasirləşdirməkdə davam edir, ölkə hərbiçiləri Şimali Atlantika Blokuna üzv olan bir sıra dövlətlərdə təlim keçir. Bu, bizdə narahatlıq doğurmaya bilməz. Biz dəfələrlə NATO-nun əsl məqsədinin regionda öz mövqeyini möhkəmləndirmək, “parçala və hökm sür” sxemi ilə manipulyasiyalar üçün şərait yaratmaq olduğunu ermənistanlı həmkarlarımızın diqqətinə çatdırmışıq”, - deyə Lavrov sözünə davam edib.
O, “İrəvanın alyansla əməkdaşlığın milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyin itirilməsinə səbəb olduğu barədə düşünəcəyinə” ümid etdiyini bildirib.
Rusiyanın açıq mənbələrində yer alan məlumata görə, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşdirilib və o, MDB-nin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyi həyata keçirir. Baza Rusiya Federasiyasının Şimali Qafqaz Hərbi Dairəsinin Zaqafqaziyada yerləşən Rusiya qoşunları qrupuna tabedir və S-300 zenit-raket kompleksləri və MiQ-29 qırıcıları ilə təchiz olunub. Bazanın 1995-ci ildə ikitərəfli dövlətlərarası müqavilə ilə müəyyən edilmiş qalma müddəti 2010-cu ildə bağlanan razılaşma ilə 2044-cü ilə qədər uzadılıb.
Ancaq müsahibədə söylənilməyən məqamlar var. Lavrov Rusiyanın Ermənistanda təkcə 102-ci hərbi bazasının olmadığını deməyi “unudub”. O, İrəvan hava limanı, eləcə də Ermənistanın İran və Türkiyə ilə xarici sərhədlərinin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nəzarətində olduğu faktını yada salmayıb. Bu isə həm də əlavə hərbi texnika və canlı qüvvə deməkdir.
Aydındır ki, Rusiyanın bu qüvvələrinin Ermənistanda qalması ilə bağlı müvafiq müqavilələrin qüvvədə olmasının müəyyən müddəti var. Bəs yaxın zamanda xarici və daxili şərait dəyişərsə və İrəvan Rusiya ilə bu hərbi müqavilələrə yenidən baxmağa, hətta onları tamamilə ləğv etməyə qərar verərsə, necə olacaq? Doğrudanmı bu sənədlərin özündə və ya beynəlxalq hüquqda bunun qanuni şəkildə həyata keçirilməsini nəzərdə tutan müddəalar yoxdur? Hətta kompensasiya, xərclərin ödənilməsi nəzərdə tutulsa belə. Ermənistanın bu cür bir istəyi yaranarsa, tələdən xilas ola bilərmi?
Politoloq, təhlükəsizlik eksperti İlham İsmayıl fikirlərini old.pressklub.az-la bölüşüb.
Onun sözlərinə görə, Sergey Lavrov Kremlin Ukrayna və Ermənistandakı vəziyyətə münasibətini göstərməklə bütün postsovet məkanına münasibətini nümayiş etdirir.
“Əlbəttə, bizi daha çox rusiyalı diplomatın Ermənistanla bağlı fikirləri maraqlandırır. Düzünü desəm, Sankt-Peterburq görüşündə Putinin Paşinyana yumşaq münasibəti Lavrovun müsahibəsində də hiss olunur. Ancaq düşünürəm ki, hər iki yanaşma fırtınadan əvvəlki sakit xəbərdarlıq xarakteri daşıyır. İndi Rusiya yumşaq xəbərdarlıqlarla Ermənistanı öz “çətiri” altında saxlamaq üçün əlindən gələni edir. Lakin digər vəziyyətdə ona qarşı ilk növbədə iqtisadi, sonra isə başqa təzyiq vasitələrindən istifadə edə bilər”, - ekspert qeyd edib.
Politoloq deyir ki, müstəqil dövlət kimi Ermənistan Qərb və ya Rusiya vektorunu seçməkdə azaddır və Paşinyanın siyasi xəttinin daha çox qərbyönlü olduğu məlumdur. Amma o, Rusiyadan nə qədər asılı olduğunu da anlayır.
“Hüquqi baxımdan, İrəvan Rusiya ilə 1995-ci il martın 15-də imzalanmış müqaviləni və bu müqavilənin 2044-cü ilə qədər uzadılması ilə bağlı 2010-cu ilin avqustunda imzalanmış razılaşmanı istənilən vaxt qanuni şəkildə poza bilər. Ermənistan parlamenti bu məsələ ilə bağlı qərar qəbul edərsə, saziş ləğv edilmiş hesab olunacaq. Rusiyanın etirazının heç bir hüquqi əsası olmayacaq və belə etiraz beynəlxalq məhkəmə tərəfindən baxılma predmeti ola bilməz. Oxşar nümunələrə müasir dünyanın siyasi praktikasında tez-tez rast gəlinir.
Amma Ermənistanın belə bir istəyi varsa, bu tələdən qurtula biləcəkmi sualı çox yerinə düşür. Əslində Ermənistan üçün bu istəyi reallaşdırmaq çox çətindir. Çünki uzun illərdir, qonşuları Türkiyə və Azərbaycana qarşı düşmənçilik siyasəti aparır. İranla əlaqələr kifayət deyil və onun Rusiyaya yeganə quru yolu Gürcüstandan keçir. Ermənistanın ticarət dövriyyəsinin 60 faizi Rusiya ilə bağlıdır, onun dəmir yollarının, atom elektrik stansiyasının sahibi Rusiya Federasiyasıdır, onun qaz təchizatı məsələlərini Moskva həll edir və s.
Qərb tezliklə Ermənistanda Rusiyanı əvəz etməyə hazır deyil. Ermənistan üçün çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasıdır. Amma təəssüf ki, ermənilərin Türkiyə və Azərbaycana qarşı 150 illik düşmənçilik siyasətinin nəticələrini qısa müddətdə aradan qaldırmaq mümkün deyil”, - İlham İsmayıl deyir.
Rauf Orucov