Kreml üçün ən ağır 40 gün? Zelenski Putinə qarşı yeni planı başladı
Əməliyyatlar uğurla nəticələnsə, müharibə tezliklə dayana bilər
27 İyun 2026
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidməti (SBU) üçün Rusiyaya təsir göstərməyə yönəlmiş 40 günlük əməliyyatı təsdiqləyib. Məqsəd Moskvanı müharibənin başa çatdırılmasına məcbur etməkdir. Bu barədə o, SBU-nun rəisi, general-mayor Yevgeni Xmaranın məruzəsindən sonra özünün Telegram kanalında məlumat verib. Zelenskinin sözlərinə görə, məruzə zamanı “uzaqmənzilli sanksiyalar planı, orta mənzilli sanksiyalar” və Xüsusi Əməliyyatlar Mərkəzi “Alfa”nın cəbhədəki fəaliyyətinin nəticələri müzakirə olunub. Prezident vurğulayıb ki, SBU artıq bir neçə aydır müxtəlif tipli pilotsuz uçuş aparatlarının tətbiqi sayəsində mövqelərin müdafiəsində ən yaxşı nəticələri nümayiş etdirir, “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzi isə Rusiya ordusunun canlı qüvvəsi və texnikasının məhv edilməsi baxımından liderdir. Dövlət başçısı qarşıdakı əməliyyatın təfərrüatlarını açıqlamayıb.
“Alfa” Mərkəzi antiterror əməliyyatları və düşmən arxasında xüsusi əməliyyatların həyata keçirilməsi üzrə ixtisaslaşıb. Bu bölmə iyunun əvvəlində Kronştadta, Leninqrad vilayətindəki Hərbi Dəniz Qüvvələrinin arsenalına və Kubandakı “Ust-Labinsk” neft bazasına endirilən zərbələrin arxasında dayanır.
Qeyd edək ki, Ukrayna Rusiyanın enerji infrastrukturuna hücumları gücləndirib. May ayında 16 neft emalı zavodu, o cümlədən sahənin ən iri on müəssisəsindən səkkizi hücumlara məruz qalıb. Ukraynanın zərbələri Rusiyanın neft emalı gücünün əhəmiyyətli hissəsini sıradan çıxarıb ki, bu da benzin qıtlığına, yanacaq qiymətlərinin artmasına və bir çox regionlarda yanacaqdoldurma məntəqələrində uzun növbələrin yaranmasına səbəb olub.
İlhaq edilmiş Krımda neft obyektlərinə və nəqliyyat marşrutlarına edilən hücumlar nəticəsində yanacaq qıtlığı yaranıb. İyunun 21-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra isə hakimiyyət həm fiziki, həm də hüquqi şəxslərə benzin satışını dayandırıb. Sentyabrın 1-dək uşaq düşərgələrinə qəbul və planlaşdırılmış bütün yarışlar ləğv edilib.
Zelenski iyunun 24-də bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin Krımda həyata keçirdiyi əməliyyat “dəqiq hesablanıb”, G7 sammitində tərəfdaşların vəd etdiyi yardımın alınması isə Ukraynaya Rusiyanın sülhü seçməyə məcbur olacağı şəraiti operativ şəkildə yaratmağa imkan verəcək. O, söhbətin konkret olaraq hansı yardımdan getdiyini dəqiqləşdirməyib, lakin Kiyevin müsbət cavaba “böyük ümid bəslədiyini” və “söhbətin nədən getdiyini dəqiq bildiyini” vurğulayıb.
Yarımadaya edilən hücumlar nəticəsində bərə keçidi bağlanıb və Krım körpüsü ilə iri yük avtomobillərinin hərəkəti qadağan edilib, elektrik enerjisində fasilələr isə yarımadanın Şimal-Qərb, Mərkəzi və Cənub enerji rayonlarını əhatə edib. Aluşta, Armyansk, Krasnoperekopsk və Cankoyda elektrik enerjisinin növbəli kəsilməsi tətbiq olunub, iyunun 24-də isə Sevastopolda elektrik tamamilə kəsilib. Bununla paralel olaraq, Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Razdolnoye kəndi yaxınlığında Şimali Krım kanalı üzərində yerləşən və cənub istiqamətindəki Rusiya qoşunlarının təminatında istifadə olunan dəmir yolu körpüsünün tamamilə məhv edildiyini bildiriblər.
Ukraynanın müdafiə naziri Mixail Fyodorov daha əvvəl Krımın təcrid olunması kampaniyasından danışmışdı. “Krım dronlar vasitəsilə təcrid olunur. Görünən odur ki, yaxın vaxtlarda Krım adaya çevriləcək”, – o qeyd etmişdi. Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (“Madyar”) isə bildirmişdi ki, yaxın gələcəkdə Krımı nəqliyyat təcridi, turizm mövsümünün pozulması və resurs çatışmazlığı gözləyir. Krım tatar xalqının Məclisinin sədri Refat Çubarov isə öz növbəsində rusiyalıları “Kerç körpüsü hələ yerindəykən” yarımadanı tərk etməyə çağırmışdı.
Maraqlıdır, hansı konkret təzyiq alətləri Rusiya rəhbərliyini cəbhənin hazırkı xətti boyunca atəşkəsə razı salmağa məcbur edə bilər? Sülhə məcburetmə mexanizmi məhz hansı tərkib hissələrindən ibarət olmalıdır? Bu tədbirlər miqyas və intensivlik baxımından hansı həddə çatmalıdır ki, Kreml onları münaqişənin dondurulması üçün kifayət qədər əsas hesab etsin? Nə hərbi zərbələrin, nə də ciddi itkilərin indiyədək Moskvanı döyüş əməliyyatlarını dayandırmağa məcbur etmədiyini nəzərə alsaq, həlledici amil nə ola bilər?
Ukraynanın “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin Təhlükəsizlik Departamentinin rəhbəri Qleb Parfyonov bununla bağlıı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, əvvəlcədən bir məqama aydınlıq gətirmək lazımdır – Rusiya ordusunun komandanlığı siyasi rəhbərliyi bilərəkdən yanlış məlumatlandırır. “Cəbhədəki real vəziyyətlə Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamaları arasında uyğunsuzluq dəfələrlə müşahidə olunub. Belə ki, guya əldə edilmiş “irəliləyiş” bəzən Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin 15 kilometr dərinliyinədək göstərilir. Real vəziyyəti bilməyənlərlə danışıqlar aparmaq, yumşaq desək, çətindir. Üstəlik, danışıqların hazırda təklif olunduğu formada qəbul edilməsi Rusiyanın daxilində siyasi ölüm deməkdir və təbii ki, onlar buna getməyəcəklər”, – hərbi ekspert qeyd edib.
Onun fikrincə, məcburetmə mexanizmi yalnız bir ola bilər – Rusiyanın hərbi məğlubiyyəti. “Problem ondadır ki, Ukraynanın bu məqsədə təkbaşına nail olması çətindir. Üstəlik, Ukrayna cəbhəsində vəziyyət Rusiyanı qane etmədiyi üçün o, Ukraynadakı mövqe çıxılmazlığını aradan qaldırmaq məqsədilə getdikcə daha çox digər mümkün hərbi əməliyyat teatrlarına yönəlir.
Buna görə də hadisələrin aşağıdakı ssenari üzrə inkişaf edəcəyini gözləyirəm – ağır yaz-yay kampaniyası və Ukrayna Silahlı Qüvvələrinin cəbhənin müəyyən sahələrində bir sıra uğurları. Bu isə Moskvada qeyri-populyar qərarların qəbul edilməsinə, ilk növbədə kişi əhalinin səfərbər edilməsinə gətirib çıxaracaq. İkincisi isə NATO ölkələri arasında parçalanma yaratmaq və Ukraynanı öz şərtləri ilə danışıqlara məcbur etmək məqsədilə Baltik istiqamətində yeni cəbhənin açılması”, – Parfyonov bildirib.
Rauf Orucov
P.S. Ukrayna ordusu artıq 40 günlük əməliyyata başlayıb və iyunun 27-də Rusiya hərbi-sənaye kompleksinin vacib müəssisələrindən birinə raket zərbələri endirib.
Söhbət Volqoqradda yerləşən "Titan-Barrikadı" adlı elm istehsal mərkəzindən gedir. "Roskosmos"un tərkibindəki bu zavod aşağıdakı strateji təyinatlı məhsulların layihələndirilməsi, sınaqları və istehsalında iştirak edir:
- "Topol M" qitələrarası ballistik raketi;
- "Yars" qitələrarası ballistik raketi;
- "İsgəndər" operativ-taktiki raket kompleksi;
- Sualtı qayıqlar üçün "Bulava-30" ballistik raketi;
- "Start 1.2" beşpilləli daşıyıcı raketi;
- Gəmi əleyhinə sahil müdafiə kompleksləri;
- Ağır artilleriya sistemləri.