İrəvan üçün cavabı açıq qalan sual: Konstitusiya dəyişəcək, sülh gələcək?
Ermənistan güzəştə getsə, Azərbaycan nə qazanacaq, nə itirə bilər...
04 Noyabr 2026
Ermənistan yeni Konstitusiyanın qəbulunun Azərbaycanla sülhün bərqərar olması üçün kifayət edib-etməyəcəyi və sülh sazişinin imzalanmasının bütün mübahisəli məsələlərin birdəfəlik həlli demək olub-olmayacağı barədə suallara cavab almaq niyyətindədir. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, İrəvan yeni Konstitusiyanın qəbulunun Azərbaycanla sülh sazişinin imzalanmasına gətirib çıxarıb-çıxarmayacağını və həmin sənədin iki ölkə arasında hərtərəfli sülhün bərqərar olması, münasibətlərdə münaqişə gündəliyinin aradan qalxması demək olub-olmayacağını aydınlaşdırmaq istəyir.
Paşinyan vurğulayıb ki, yaxın vaxtlarda Ermənistan tərəfinin səyləri məhz bu suallara cavab tapmağa yönələcək.
Burada bir məqamı qeyd etmək lazımdır: Ermənistanda Rusiyayönümlü müxalifətin müxtəlif qollarının nümayəndələri artıq çoxdan iddia edir ki, Bakı yeni reallıqlarda İrəvanın zəif mövqeyindən istifadə edərək ondan getdikcə daha çox güzəşt qoparmaq üçün məkrli oyun aparır. Onlar həm mediada, həm də parlament tribunasından çıxışlarında təkrar-təkrar bildirirlər ki, Ermənistan Konstitusiyasını dəyişdikdən sonra Azərbaycan rəhbərliyi sülh sazişinin imzalanması üçün növbəti çətin şərtin yerinə yetirilməsini tələb edəcək. Müxalifət düşərgəsində əmindirlər ki, bu prosesin nə qədər davam edəcəyi də bəlli olmayacaq.
İndi isə eyni sualı Paşinyanın özü də gündəmə gətirib. Əslində, vəziyyətin necə inkişaf edəcəyi hər kəsə maraqlıdır. Ermənistan Konstitusiyasının preambulasından Dağlıq Qarabağa dair bütün istinadlar çıxarıldıqdan dərhal sonra Azərbaycan rəhbərliyinin Ermənistanla yekun və tamhüquqlu sülh müqaviləsini imzalayacağına tam əminlik varmı?
Təhlükəsizlik məsələləri üzrə mütəxəssis İlham İsmayıl Pressklub.az-a açıqlamasında xatırladıb ki, tərəflər vaxtilə sülh müqaviləsinin müddəalarını qarşılıqlı şəkildə müzakirə ediblər.

“Bəzən Azərbaycanın şərtləri, bəzən də Ermənistanın şərtləri qəbul edilmirdi, lakin sonda konsensusa nail olundu. Yekun sülh müqaviləsi yalnız Bakının irəli sürdüyü məlum şərt yerinə yetirildikdən sonra imzalana bilər. Söhbət Ermənistan Konstitusiyasının preambulasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasından gedir. Yəni 2025-ci il avqustun 8-də Ağ Evdə paraflanmış sülh müqaviləsinin gələcəkdə imzalanması da bu şərtlə bağlıdır.
Burada problem artıq Azərbaycanda deyil, Ermənistan parlamentindədir. Belə ki, Rusiyayönümlü müxalifət fraksiyaları demək olar, yekdilliklə konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsinin əleyhinə çıxış edir. Hakim partiyanın konstitusiya dəyişikliklərini qəbul etmək üçün parlamentdə 6 səsi çatmır. Eyni zamanda, müxalifət konstitusiya dəyişikliklərini Azərbaycana “daha bir güzəşt” kimi qiymətləndirdiyindən, Paşinyan ehtiyatlı danışır və məlum şərt yerinə yetiriləcəyi təqdirdə yekun sülh müqaviləsinin imzalanacağına və bütün mübahisəli məsələlərin həll olunacağına müəyyən qədər şübhə ilə yanaşır”, – ekspert vəziyyətə dair mövqeyini açıqlayıb.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi Ermənistan Konstitusiyasında təsbit olunmuş Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra yekun sülh müqaviləsini imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib. “Bu mövqe Ağ Evdə də ifadə olunub. Hesab edirəm ki, sülh müqaviləsinin imzalanmasına mane ola biləcək başqa amillər yoxdur. Anklav ərazilərlə bağlı məsələ sərhədlərin delimitasiyası və demarkasiyası prosesində həllini tapacaq və bu, sülh müqaviləsinin imzalanmasına mane ola biləcək amil deyil.
Eyni zamanda, Ermənistan qeyd olunan şərti yerinə yetirdikdən sonra Azərbaycan sülh müqaviləsini imzalamaqdan imtina etsə və yeni tələb irəli sürsə, bu, əks nəticəyə səbəb ola bilər. Nəticədə beynəlxalq ictimai rəy Azərbaycana qarşı yönələr və onun əleyhinə işləməyə başlayar”, – İlham İsmayıl mümkün nəticələri izah edib.
Rauf Orucov