Logo
news content
User
Kateqoriyalar

Analitika

İrəvan “hazırıq” deyir, Ankara dəqiq tarix açıqladı, Bakı isə aydın mövqe tələb edir
Kommunikasiyaların açılması məsələsi sülh prosesinə necə təsir göstərir? 

Azərbaycanla Ermənistan arasında sülh danışıqları, müəyyən fasilələrlə olsa da, davam edir. Danışıqlarda sülh müqaviləsinin razılaşdırılması və imzalanması ilə yanaşı regionda kommunikasiya xətlərinin açılması da müzakirə olunur. Hətta bəzi epizodlarda kommunikasıyaların açılması məsələsi danışıqların əsas mövzusunu kölgədə də qoyur. 

BU mövzuda çox deyilib, yazılıb. Ondan başlayaq ki, ötən il dekabrın ortalarında Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərini açmağa hazır olduğunu bildirib. Bu, baş nazirin sözügedən mövzuda nə ilk, nə də son açıqlamasıdır. Rəsmi Bakı isə Ermənistanın bu tipli bəyanatları çox səsləndirdiyini, lakin real addımlar atılmadığını bildirir. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində də bu mövzuya bir daha toxunulub. Yeni ilin ilk günlərində yayımlanan müsahibədə Prezident köməkçisi Paşinyanın məlum bəyanatına belə cavab verib: “Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri - Qarabağın və Şərqi Zəngəzurun Ermənistan tərəfindən qeyri-qanuni işğalı səbəbindən Ermənistan regionumuzun əsas enerji və kommunikasiya layihələrindən kənarda qalıb. Ermənistan uzun illər özünü təcrid vəziyyətində saxlayıb. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində regional kommunikasiyaların açılması üçün müxtəlif layihələr də müzakirə oluna bilər. Ermənistan ərazisindən Naxçıvana nəqliyyat xəttinin istifadəyə verilməsi Ermənistanın Orta Dəhliz layihəsinə daxil edilməsində mühüm rol oynayacaq. Ancaq Ermənistan, nəhayət ki, nə istədiyini aydın şəkildə bəyan etməlidir”. 

Bu açıqlamadan bir daha aydın olur ki, rəsmi Bakı Ermənistan rəhbərliyinin mövqeyini kifayət qədər real və konstruktiv hesab etmir. 

Qapalı gedən danışıqlarda tərəflərin bu məsələyə necə və hansı formada yanaşdığı da mediaya açıqlanmır.  

Maraqlıdır, əsas fikir ayrılıqları hansı detallarla bağlıdır? Rəsmi İrəvanın mövqeyində Bakını qane etməyən nələrdir? Məqsəd kommunikasiyaların açılmasıdırsa və İrəvan təmsilçiləri də bunun mümkünlüyünü bildirirlərsə, razılaşma niyə yubanır? Hansısa məsələlərdə prinsipial mövqe ayrılığının, yaxud “diplomatik tələ”nin olması mümkündürmü?   

Deputat, politoloq Rasim Musabəyov old.pressklub.az-a açıqlamasında deyib ki, ümumi şəkildə, Azərbaycan-Ermənistan danışıqlarında və sülh müqaviləsinin mətnində kommunikasiyaların açılması ilə bağlı bənd olmalıdır. 

O, qeyd edib ki, bu məsələlər danışıqların gedişində konkret həll olunacaq. 

“Yəni, bu prosesin hansı ardıcıllıqla, hansı şərtlərlə aparılması ayrıca müzakirə tələb edəcək. Ermənistan tərəfi istəyir ki, kommunikasiyalar açılsın. Onlar bilməlidir ki, bu, istəklə olan məsələn deyil. Həm Qazax-İcevan yolu, həm də Naxçıvan-Zəngəzur yolu dağıdılıb. Əvvəlcə həmin yolları bərpa etmək lazımdır” – deputat bildirib.

R.Musabəyovun fikrincə, Ermənistan tərəfi ümid edir ki, Azərbaycan tərəfi Gürcüstandan keçərək Ermənistana yüklərin daşınmasına razılıq verəcək: “Düşünmürəm ki, biz bunu edəcəyik. Kommunikasiyaların açılması məsələsi tərəflərin maraqlarını qarşılıqlı şəkildə nəzərə alaraq həyata keçirilməlidir. Əks halda, mövcud vəziyyət olduğu kimi qalacaq. Nələrin olacağını isə sonrakı hadisələr göstərəcək. Hər bir halda, indiki sülh müqaviləsində o məsələnin bir mənalı şəkildə həll olunması nəzərdə tutulmayıb və bunu sonrakı danışıqlara saxlayıblar”.

“Kommunikasiya xətlərinin açılması və sərhədlərin müəyyən edilməsi sülh sazişinin xaricində qalacaq”. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu saytımıza açıqlamasında belə deyib.

Müsahibimiz hesab edir ki, sülh sazişi, böyük ehtimalla, bu il ərzində imzalanacaq. Amma bu, Azərbaycanla Ermənistan arasındakı bütün məsələnin həlli anlamına gəlməyəcək. Sülh sazişi iki dövlətin bir-birinin ərazi bütövlüyü tanıması anlamına gəlir və digər məsələlər üzrə danışıqlar, yəqin ki, sonrakı mərhələdə özünü göstərəcək: 

“Azərbaycanın artıq İranla razılaşması var. İran istiqamətində Arazın kənarı ilə bir dəmir yolu tikiləcək. Amma Ermənistan Azərbaycanın şərtlərini qəbul edərsə, Zəngəzur dəhlizinin açılması mümkündür. Sadəcə, bu məsələ problematikdir.

Ermənistanın tələbi odur ki, onların gömrük və sərhəd xidməti Azərbaycan vətəndaşlarını yoxlamalıdır. Bununla da Azərbaycan razılaşa bilməz. Çünki vətəndaşlarımız Azərbaycanın bir hissəsindən o biri hissəsinə - Naxçıvana gedəcəksə, niyə Ermənistan sərhəd və gömrük xidməti Azərbaycan vətəndaşlarını yoxlamaldır? Ona görə də bu məsələnin qısa müddətdə həllini gözləmək əbəsdir. Bu cür məqamlar, yəqin ki, uzunmüddətli danışıqlar tələb edəcək”

“Kütləvi İnformasiya Vasitələrində dərc edilən məlumatlara əsasən, Azərbaycanın sülh müqaviləsinə dair təklif etdiyi 5 prinsipdən biri kommunikasiyaların açılmasına aiddir”.

Bu sözləri isə iqtisadçı, Azərbaycan Dpvlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırov old.pressklub.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, Ermənistan rəhbərliyi keçən ilin noyabrında bəyan etmişdi ki, bu beş prinsipdən 3 ilə razıdır, o cümlədən kommunikasiyaların açılması prinsipi ilə, sadəcə olaraq öz yurisdiksiyası altında. Yəni, Ermənistan Rusiya tərəfindən Zəngəzur dəhlizinə nəzarət edilməsini öz suverenliyinin pozulması kimi qiymətləndirir və bu səbəbdən həmin prinsipin məzmununa bu məqamın qeyd edilməsini istəyir. Bu, anlaşılması çətin olan istəkdir və müəyyən suallar doğurur.

“Necə olur ki, Rusiya əsgəri Ermənistanın sərhədlərini qoruyanda suverenlik pozulmur, Zəngəzur dəhlizinə nəzarət etdikdə suverenlik pozulur? Və ya Rusiyanın Ermənistandakı hərbi bazası, Ermənistan Dəmir Yollarının Rusiya Dəmir yolları tərəfindən idarə edilməsi, Ermənistanın bir çox sənaye müəssisələrinin Rusiya şirkətlərinin tam və ya qismən mülkiyyətinə keçməsi faktları Ermənistan suverenliyinin müəyyən dərəcədə itirilməsi demək deyilmi? Bunları Ermənistan rəhbərliyi bilmirmi? Əlbəttə, bilir. Bəs nədir onda səbəblər?”

Müsahibimiz deyir ki, səbəblər sırasında ilk növbədə Ermənistandakı vəziyyət dayanır. Bir tərəfdə hakimiyyəti yenidən ələ keçirmək istəyən şovinist qüvvələr, digər tərəfdə isə hələ miflərdən əl çəkməyən toplumun böyük qismi. Daha bir səbəb - Rusiya amilidir. Belə şəraitdə, savaşı uduzmuş ölkə rəhbərliyi üçün sülh müqaviləsini imzalamaq çətin işdir. 

“Kommunikasiyaların açılması məsələsinin sülh prosesinə mane olması, onu yubatması barədə iddialara gəlincə, əvvəla, “sülh prosesi” dedikdə biz nəyi nəzərdə tuturuq? Yalnız sülh müqaviləsi ətrafında aparılan danışıqlarımı? Yəqin razılaşarsınız ki, “sülh prosesi” məfhumu daha genişdir və istənilən sahədə əməkdaşlıq təşəbbüslərini əhatə edə bilər. Baxın, sülh müqaviləsi ətrafında danışıqlarla yanaşı, bu yaxında Azərbaycan və Ermənistan birgə bəyanatla çıxış etdilər”.

Sabit Bağırov Qlobal İqlim Dəyişmələri üzrə BMT Çərçivə Konvensiyasının Ali Orqanı olan növbəti İllik Konfransının (COP29) Bakıda keçirilməsinə Ermənistanın razılıq verməsi və Ermənistanın Büro Üzvlüyünə Azərbaycanın razılıq verməsi barədə birgə Bəyanatı nəzərdə tutur. Deyir ki, həmin Bəyanat sülh prosesinin bir komponentidir və bu Bəyanatın dünyada şok effekti müşahidə olundu. 

Əlavə edir ki, digər komponentlər üzərində də işlər aparıla bilər və bəlkə də aparılır. Bütün bu komponentlər isə “sülh prosesi”ni gücləndirə bilər.

“Ermənistana bağlı səbəblərdən ölkələrimiz arasında sülh müqaviləsinin imzalanması hələ müəyyən müddətə uzana bilər. Amma bütün bunlara baxmayaraq, biz birgə bəyanatın şahidi olduq. Bəlkə digər birgə bəyanatlar da “yoldadır”. Dünya təcrübəsi də onu təsdiq edir ki, sülh müqaviləsi imzalanmadan ölkələr arasında bir çox sahələrdə əməkdaşlıq inkişaf edir. Məsələn, Almaniya və SSRİ arasında müvafiq müqavilə 1968-ci ildə imzalandı. Amma əməkdaşlıq xeyli öncə başlamışdı. Və ya deyək ki, keçən əsrin iyirminci illərində Türkiyə ilə Yunanıstan arasında savaş bitdikdən 5 il sonra sülh müqaviləsi imzalandı. Başqa misallar da var ki, sülh müqaviləsi imzalanmadan müəyyən sahələrdə əməkdaşlıq inkişaf etməyə başlayır və sülh prosesinə xidmət edir. Fikrimcə, sülh prosesinin müxtəlif komponentləri üzrə əməkdaşlıq addımlarının atılması regionumuzda sülh və əmin-amanlığın bərqərar olmasını tezləşdirə bilər. Əminəm ki, ölkəmiz bu addımlara hazırdır. Lakin Ermənistan hazırdırmı?”- deyə, Sabit Bağırov sual edir.

Yeri gəlmişkən, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə ilə Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin 2028-ci ildə açıla biləcəyini deyib.

Nazirin ötən gün yayılan açıqlamasında bildirilir ki, Ermənistan son vaxtlar dəhlizlə bağlı müsbət mesajlar verdiyini bildirib.

Dəhlizlə bağlı tikinti və tender işlərinin davam etdiyini vurğulayan Uraloğlu, "Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. O hissənin də planlama və tender prosesi həyata keçiriləndən sonra işlər tamamlanacaq. Bu ərazi üzərindən Türk dünyasına daha asan çıxış əldə edəcəyik - deyib.

İranın da Zəngəzur dəhlizinə qoşulmaq istədiyini vurğulayan Uraloğlu sözlərinə belə davam edib: “İran tərəfinə deyirik, buradan sizə bir keçid verə bilərik. Onların da bu məsələdə müəyyən istəkləri var və biz bunu müzakirə edirik. Bizim üçün Zəngəzur dəhlizi vazkeçilməzdir. Türkiyə ərazisinə düşən hissə ilə bağlı addımlar atmışıq. Bu hissənin uzunluğu 224 kilometrdir. Təxminən 5 ilə buranı bitirdikdən sonra, 2028-ci ildə marşrut bütövlükdə hazır olacaq”.

Prosesin nüvəsi isə Bakı ilə İrəvanın apardığı müzakirələrdir. Müsahiblərimizin dediklərindən təxminən belə nəticə ortaya çıxır: kommunikasiyaların açılması məsələsində Bakı ilə İrəvanın fərqli təsəvvürləri var. Ortaq fikrə gəlmək üçün müzakirələr gedir və gedəcək. Əsas olan təmasların davam etməsi və ən mühümü, prosesə üçüncü, yaxud daha neçənci maraqların daxil olmamasıdır.

Mədinə Useynova