Logo
news content
User
Kateqoriyalar

Analitika

“İki stulda oturmağın bədəli” – Paşinyan nəyisə qurban verməlidir
Putin və müttəfiqlərinin tələbi Ermənistan baş nazirini çətin vəziyyətə salıb

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin gələcəkdə Avropa İttifaqına (Aİ) üzvlüklə Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlığın davam etdirilməsi arasında seçim etməklə bağlı referendum keçirmək çağırışını rədd edib. O, hazırda ümumxalq səsverməsi üçün heç bir əsas olmadığını bildirərək, belə bir çağırışı “məntiqsiz” adlandırıb.

Biz Aİİ-də işləyirik və Aİİ ilə Avropa İttifaqı arasında seçim qaçılmaz olana qədər işləməyə davam edəcəyik”, – Ermənistanın baş naziri Facebook-da canlı yayım zamanı qeyd edib.

Onun sözlərinə görə, “bu gün bu seçim nəzəri xarakter daşıyır və nəzəri seçimi referenduma çıxarmaq, çox da məntiqli və düzgün deyil”.

Nikol Paşinyan referendum ideyasını ölkə “rəsmi olaraq Avropa İttifaqına üzvlük üçün müraciət edənə və ya namizəd statusu almağa yaxınlaşana qədər” təxirə salmağı təklif edib.

Paşinyan əlavə edib ki, həmin vaxta qədər Ermənistan Avrasiya İqtisadi İttifaqında “sakit, dinc, əsəbsiz və mübahisəsiz şəkildə işləməyə davam edəcək”, çünki ölkənin “bu istiqamətdə hələ də potensialı var” və yaxın gələcəkdə bu potensialdan istifadə edəcək.

O, bununla, Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı referendum keçirməsinin vacibliyi barədə mayın sonunda Rusiya prezidenti Vladimir Putinin, daha sonra isə Aİİ-yə üzv olan digər üç ölkənin liderlərinin səsləndirdiyi çağırışa münasibət bildirib.

Onlar Kremlin saytında dərc olunmuş birgə bəyanatda İrəvandan Avropa İttifaqına üzvlük və Aİİ-də qalmaq arasında seçim etməyi tələb ediblər.

Putinin və Aİİ-də onun “ağzına baxan tərəfdaşlarının” referendum keçirilməsi ilə bağlı müraciətindəki ton nə qədər qəbuledilməz görünsə də, Ermənistanın hakim komandasının bu məsələnin gələcəyini necə gördüyü yenə də maraqlıdır? İrəvan hansı səbəblərdən Aİİ ilə əlaqələri kəsmək istəmir və ya kəsə bilmir? Bəlkə, Brüsselin belə bir addımdan sonra Ermənistanı “öz qanadı altına alacağına” və Avropa İttifaqına namizəd ölkə statusu alana qədər ona maliyyə dəstəyi göstərəcəyinə əminlik yoxdur? Digər tərəfdən, Paşinyan anlayır ki, Aİİ Kremlin nəzarəti altındadır və Nikol da məhz ölkəsini Moskvanın təsirindən maksimum uzaqlaşdırmağa çalışır. Bununla belə, onun bəyanatlarından görünür ki, o, Putinin təsiri altında olan bu birlikdən çıxmadan prosesi son ana qədər uzatmaq niyyətindədir.

Bütün bu vəziyyətdə müəyyən bir dissonans müşahidə olunmurmu?

Yaranmış vəziyyətlə bağlı Pressklub.az-a danışan Milli Məclisin deputatı, tanınmış politoloq Rasim Musabəyov eyni zamanda bir siyasi-iqtisadi birlikdə yer alıb Avropa İttifaqının bir hissəsinə çevrilmək niyyətini bəyan etməkdə müəyyən dissonansın mövcud olduğu fikri ilə razılaşır.

Bu, belə görünür: məni ora qəbul etmədikləri müddətdə Aİİ-nin verdiyi imtiyazlardan istifadə edəcəyəm, Avropa İttifaqına üzvlük üçün “hazır olanda” isə ora keçəcəyəm. Ermənistan öz istəyini bəyan etməklə Avropa İttifaqından müəyyən dəstək almağa ümid edir. Bu vəziyyəti partnyorlardan birinin daha varlı şəxslə yaxınlıq etməyə çalışdığı nikahla müqayisə etmək olar; belə bir ittifaqı qoruyub saxlamaq çətindir. Məhz buna görə də Putin və Aİİ-nin onun təzyiqi altında olan digər üzvləri Paşinyana Ermənistan elə indi seçim etməli olduğunu deyirlər. Birliyin daxilində qalmaq, tam hüquqla onun gələcəyinin müzakirəsində iştirak etmək və eyni zamanda başqa bir birliyə can atmağın mümkün olduğunu düşünmək tam doğru deyil.

Mən hesab edirəm ki, seçkilərdən sonra Paşinyan bu və ya digər şəkildə mövqeyini müəyyənləşdirməli olacaq. Onun üçün ən sərfəli variant indiki vəziyyəti qorumaq olardı: formal olaraq Aİİ-də qalmaq, lakin addım-addım Avropa İttifaqına doğru irəliləmək. Bu vəziyyəti saxlamaq mümkün olacaqmı, bunu demək çətindir. Böyük ehtimalla, Ermənistanı mərhələli şəkildə müxtəlif imtiyazlardan məhrum etməyə başlayacaqlar. Paşinyan tədrici addımlara hazır olsa da, Rusiyanın enerji resursları üzrə yeni tarifləri və Ermənistan vətəndaşlarının Rusiya ərazisində qalma şərtlərinin dəyişdirilməsi onun üçün ağrılı ola bilər. Paşinyan Aİİ ilə bu “ayrılığı” mümkün qədər yumşaq şəkildə həyata keçirməyə çalışacaq, lakin bunun nə dərəcədə alınacağı bəlli deyil”, – analitik qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistanın ambisiyalarını dəstəkləməyə hazır olduğunu, lakin hələlik onların xərcini ödəməyə hazır olmadığını başa düşmək lazımdır.

Avropa İttifaqının təqdim edə biləcəyi imtiyazlar, Aİİ çərçivəsində məhdudiyyətlər tətbiq olunacağı təqdirdə, Ermənistanın üzləşə biləcəyi itkiləri kompensasiya etməyə qadir olmayacaq. Siyasətin mahiyyəti ziddiyyətləri uzlaşdırmaq bacarığındadır və Paşinyanın bu işdə nə dərəcədə məharətli olduğunu yalnız gələcək göstərəcək.

O, ilk növbədə seçkilərdə qalib gəlməli və hökumət formalaşdırmalıdır. Bundan sonra isə ilk növbədə Moskva ilə ciddi dialoq aparmalı olacaq. Qarşıda atom elektrik stansiyası və qaz tarifləri ilə bağlı qərarlar dayanır. Tariflərin artırılması qaçılmaz addım kimi görünür və Ermənistanın bu vəziyyətdən necə çıxacağı hələlik aydın deyil.

Ola bilsin ki, Ermənistan “Qazprom”un erməni törəmə şirkəti üçün vergiləri azaltmağa məcbur olacaq. Nəhayət, bu həyatda hər şeyin bir bədəli var. Düşünürəm ki, Paşinyan artıq kifayət qədər təcrübəli rəhbərdir və bu həqiqəti yaxşı anlayır: imtiyaz istəyirsənsə, nələrdənsə güzəştə getməlisən”, – Musabəyov yekunlaşdırıb.

Rauf Orucov