Heyvanlara “rifah”, yerli bazara bahalaşma…
AQTA-nın yeni qərarı nələrə yol açacaq?
15 İyul 2026
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxal olunan heyvanların daşınması ilə bağlı yeni və sərt qaydalar tətbiq etməyə hazırlaşır. Agentliyin rəsmi məlumatına görə, bundan sonra ölkəyə gətirilən heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalı və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə cavab verməlidir. Qurum bu addımı “ölkənin epizootik təhlükəsizliyi və heyvan rifahı” ilə əsaslandırsa da, sahə mütəxəssisləri və fermerlər məsələnin pərdəarxasında tam fərqli mənzərənin dayandığını bildirirlər.
Bəs real vəziyyət necədir? Bu qərar heyvandarlıq sektoruna xeyir verəcək, yoxsa süni bahalaşmaya və bürokratiyaya yol açacaq?
Fermerlərin fikrincə, bu qərar ilk növbədə yerli bazarda ət və ət məhsullarının qiymətinə mənfi təsir göstərəcək. Çünki əvvəla, əsas idxal yaxın qonşulardandır. Azərbaycana kəsim üçün gətirilən heyvanlar əsasən Gürcüstan və Rusiyadan idxal olunur. Yaxın məsafədən gətirilən bu heyvanlar üçün xüsusi bahalı maşınlara elə bir ehtiyac yoxdur. Avropadan gətirilən cins damazlıq heyvanlar isə onsuz da xüsusi şəraitli maşınlarla daşınır.
İkincisi, bu qərar monopoliya və süni qiymət artımına səbəb olacaq. Məlumdur ki, bazarda xüsusi ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin sayı olduqca məhduddur. Belə maşınlarla daşıma xərcləri adidən ən azı iki dəfə bahadır. Bu isə o deməkdir ki, yeni tələb birbaşa maya dəyərinə təsir edəcək və nəticədə idxal olunan heyvanların qiyməti kəskin qalxacaq.
Rəqəmlərə baxsaq, ölkəyə illik 80-100 min arası diri iribuynuzlu, 120-150 min arası xırdabuynuzlu heyvan idxal edilir. Son illərdə ölkədə yerli istehsalda 1 milyon 410 min baş qoyun və keçi, 230 min başa yaxın iribuynuzlu heyvanın azaldığı bir vaxtda, idxala qoyulan bu cür süni əngəllər birbaşa istehlakçının cibinə vurulan zərbədir.
O da qeyd olunmalıdır ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarından dəm vuran AQTA-nın daxili fəaliyyətində ciddi boşluqlar mövcuddur. Heyvandarlıqda əsas vəzifələrindən biri heyvanların identifikasiyası (birkalanması və qeydiyyatı) olan qurum, 2018-ci ildən bu yana bu prosesi başa çatdıra bilməyib. Bu sahədəki vəziyyəti qonşu ölkələrlə müqayisə etdikdə acınacaqlı mənzərə ortaya çıxır. Belə ki, sözügedən sistemi Gürcüstan hökuməti cəmi 8 aya qurub istifadəyə verib. Ölkədəki bütün heyvanlar qeydiyyata alınıb, hər birinin xəstəlik və peyvənd tarixçəsini əks etdirən məlumat bazası var. Sənədsiz heyvan daşına bilmədiyi üçün ölkədə heyvan oğurluğu tamamilə bitib.
Ermənistanda isə proses 1.5 il vaxt alıb, amma tamamilə pulsuz həll olunub.
Azərbaycanda bu sistem faktiki olaraq mövcud deyil. Rayonlardakı əksər kəsimxanalara gətirilən heyvanın diri ikən sağlamlığı yoxlanılmaq əvəzinə, baytar gəlib rüsumunu alır, artıq kəsilmiş heyvanın qulağına birka vurub şəklini çəkir və yuxarıya hesabat yollayır. Laboratoriya şəraiti bərbaddır, tək bir köhnə mikroskopla ciddi xəstəlikləri təyin etmək qeyri-mümkündür.
Əslində, AQTA yaranmazdan əvvəl bütün təsərrüfatlar rayon kənd təsərrüfatı idarələrinin baytarlıq şöbələrində qeydiyyatda olurdu, heyvanların peyvənd və sağlamlıq vəziyyəti izlənilirdi. Sağlamlıq sertifikatı almaq bir saatlıq iş idi.
Bu gün heyvanların real birkalanması həyata keçirilərsə, şəffaf rəqəmsal baza yaradılarsa, ortadakı böyük rüşvət, süni rüsum və bürokratiya silsiləsi dərhal çökər. Lakin mövcud sistem cərimə və qadağalar üzərində qurulduğu üçün real islahatlara maraq yoxdur.
“Ölkəmizdə geniş təcrübəyə malik olan heyvandarlarımız üçün sivil şəhər-loqistika qaydalarını yox, kəndin öz ənənələrini inkişaf etdirmək daha doğru və faydalı olardı”. Bunu peşəkar zoobaytar Abdulhəmid Həsənov Pressklub.az-a şərhində bildirib.
Ekspert qeyd edib ki, AQTA-nın nəzərdə tutduğu avtomobillərə maksimum yükləmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən edilib.
"Ən əvvəl, belə yersiz qərarlar idxal tədarükçülərinin xərclərini nə qədər artıracaq və bu, nə qədər doğrudur?" – deyə A.Həsənov sual edib.
Mütəxəssis vurğulayıb ki, idxal olunan heyvanlar damazlıq və kəsim məqsədilə nəzərdə tutulur. Rəsmi qurumlar bu qərarı heyvanların damazlıq keyfiyyətlərinin, cins tərkibinin respublikamızın damazlıq strategiyasına uyğunluğu və heyvanların idxal olunduğu ölkə ilə zonaların xəstəlikdən azad olması ilə əlaqələndirirlər. Hətta Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən yalnız epizootik vəziyyəti stabil olan ölkələrdən damazlıq heyvanların alınmasına maliyyə dəstəyi göstəriləcəyi bildirilir.
Statistikaya diqqət çəkən ekspert deyib: "2025-ci ildə ölkəyə 115 mindən çox iribuynuzlu, 306 mindən çox xırdabuynuzlu heyvan idxal olunub. Ölkəmizdə bu qədər potensial və ənənələr olduğu halda, qərarı verənlər maliyyənin xarici fermerlərin cibinə axmasında niyə bu qədər maraqlıdırlar? Bu cür süni əngəllər, savadsız qərarlar bazarda ətin, südün, yağın və digər heyvandarlıq məhsullarının qiymətini artırmırmı?"
A.Həsənov sənədləşmə və icazə prosesindəki bürokratiyanı da tənqid edib. O bildirib ki, heyvanların daşınma marşrutu üzrə tranzit icazələrinin alınmasına zərurət yarandıqda, icazənin alınması üçün AQTA tərəfindən əvvəlcədən tranzit ölkəyə müraciət olunmalıdır. Sahibkarlar idxal ediləcək damazlıq heyvanlara dair baytarlıq rəyi almaq üçün idxaldan əvvəl AQTA-nın regional bölmələri vasitəsilə elektron formada ərizə, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) razılıq məktubunu, ixracatçı ilə bağlanmış müqavilənin və heyvanların beynəlxalq baytarlıq sertifikatının surətini təqdim etməlidirlər.
AQTA-nın "Fermadan süfrəyə" prinsipi əsasında qida təhlükəsizliyinin təmin edilməsi və heyvanların izlənməsi sisteminə toxunan ekspert, indiyədək cəmi 1 milyon 48 min baş heyvanın identikləşdirildiyini xatırladaraq, "Bu qayda ilə hara gedirik?" deyə narazılığını ifadə edib.
Peşəkar zoobaytar kimi mütəmadi təkliflər verdiyini deyən A.Həsənov əlavə edib: "Gəlin, dayanmadan yerli kəndli-fermer təsərrüfatlarını inkişaf etdirək, onları genetik heyvanla, düzgün baytarlıq xidməti ilə, yem balansı və məhsulun realizasiyası imkanları ilə təmin edək, faizsiz kreditlərin verilməsinə şərait yaradaq".
Ölkədəki epidemioloji vəziyyətdən danışan mütəxəssis, Azərbaycanda zoonoz (heyvandan insana keçən) xəstəliklərə qarşı durumun normal olduğunu, lakin sahədə ciddi səriştəsizliyin hökm sürdüyünü diqqətə çatdırıb: "2025-ci ilin avqust ayında dabaq xəstəliyinin pandemiya halını alması ilə bağlı həyəcan təbili çaldım. AQTA-nın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevə şəxsən zəng edib məlumatlandırdım, sənədlər indi də əlimizdə durur. Lakin əhəmiyyət verilmədi. Nəticədə "Arxadan atılan daş topuğa dəyər" məsəlindəki kimi oldu, fermerlər böyük ziyan gördü".
Təhlükəli xəstəliklərin baş vermə səbəbini kadr peşəkarlığının aşağı olması ilə əlaqələndirən ekspert bildirib ki, səriştəsiz və təcrübəsiz həkimlər vaksinlə davranmağı bilmirlər. Məsələn, istifadə edilən vaksin açıldıqdan sonra altı saat müddətinə vurulub qurtarmalıdır. Bununla yanaşı, təsərrüfatlarda dezinfeksiya, dezinseksiya, deratizasiya, qan parazitar, qurd və yoluxmayan xəstəliklərin müalicəsi, heyvanların çimizdirilməsi, pasterellyoz, bradzot, emfizematoz və zəhərlənmələrə qarşı mübarizə tədbirləri davamlı şəkildə aparılmalıdır.
A.Həsənov yaranan eybəcərliklərin qeyri-peşəkar kadrlar hesabına formalaşdığını vurğulayaraq, aidiyyəti qurumları peşəkarlarla işləməyə çağırıb.
Sonda ekspert sahədəki pərakəndəliyi aradan qaldırmaq üçün konkret təklif irəli sürüb: "Nəticə etibarilə təklif edirəm ki, idarəetmədə çevikliyi və səmərəliliyi təmin etmək üçün AQTA və Kənd Təsərrüfatı Nazirliyi vahid bir nazirlik altında birləşdirilsin".
Ekspertlərin və fermerlərin ümumi rəyi ondan ibarətdir ki, kənd təsərrüfatındakı bu pərakəndəliyi və süni maneələri aradan qaldırmağın yeganə yolu AQTA-nın ləğv edilərək kənd təsərrüfatı sahəsindəki nəzarət funksiyalarının yenidən Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyinə qaytarılmasıdır. Yalnız vahid idarəçilik sistemi qurulduqdan sonra həm qida təhlükəsizliyini tam təmin etmək, həm də sahibkarlığı boğan qərarlardan xilas olmaq mümkündür.
Turqut