Həkəri körpüsündə görüş – Bakı və İrəvan arasında səssiz razılaşma
Məhbusların qaytarılmasını sülh prosesinin nəticəsi saymaq olarmı?
16 Yanvar 2026
“Gevorq Sujyan, David Davtyan, Vigen Eulcekciyan və Vaqif Xaçatryan bu günlərdə Azərbaycan Respublikasının müvafiq qurumlarının nümayəndələri tərəfindən Həkəri körpüsündə Ermənistan Respublikasının müvafiq qurumlarının nümayəndələrinə təhvil verilib və hazırda Ermənistan ərazisindədirlər”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.
Hökumət başçısı müvafiq bəyanatı sosial şəbəkələrdəki səhifəsində paylaşıb. O, təhvil prosesi və bundan sonrakı addımlarla bağlı hər hansı təfərrüat açıqlamayıb.
“İlkin tibbi müayinənin nəticələrinə görə, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanın sağlamlığı ilə bağlı problem yoxdur. Vaqif Xaçatryanın səhhəti ilkin olaraq qənaətbəxş qiymətləndirilir. Onlar İrəvana aparılıb”, – Paşinyan yazıb.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatında isə bildirilir ki, 2026-cı il yanvarın 14-də Azərbaycan Respublikası David Davtyanı, Gevorq Sudjanı, Vigen Eulcekciyanı və Vaqif Xaçatryanı Ermənistan Respublikasına təhvil verib.
“Proses Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında davam edən sülh prosesinin praktik nəticəsi kimi həyata keçirilib”, – Ermənistan MTX-si qeyd edib.
Elə həmin gün News.am portalı xəbər yayıb ki, “44 günlük müharibə zamanı ermənilərə qarşı fəaliyyət göstərmiş suriyalı muzdlular Türkiyə üzərindən Suriyaya təhvil verilib”.
Ermənistan Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir: “2026-cı il yanvarın 14-də Ermənistan Respublikasında ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Suriya Ərəb Respublikasının vətəndaşları Yusef Alaaabet əl-Hadji və Muxxrab Muhammad əl-Şxeri onlara barəsində çıxarılmış hökmün icrasının vətəndaşı olduqları dövlətin ərazisində davam etdirilməsi məqsədilə Türkiyə Respublikası vasitəsilə Suriya Ərəb Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.
Təhvil prosesi müvafiq səlahiyyətli qurumlar arasında əməkdaşlıq çərçivəsində və qüvvədə olan hüquqi mexanizmlərin tətbiqi ilə həyata keçirilib”.
Amma Ermənistanın heç bir rəsmi qurumu bu iki hadisə arasında əlaqə olduğunu qeyd etmir. Bakı və Ankara da bu məsələyə münasibət bildirmir. Lakin istər-istəməz belə bir fikir yaranır ki, İrəvan və Bakıda barələrində hökm çıxarılmış məhbusların mübadiləsi aparılıb. Və söhbət İkinci Qarabağ müharibəsinin iştirakçılarından gedir. Bəs, bunun məhz belə olduğu ilə razılaşmaq olarmı? Tərəflərin belə bir mübadiləni həyata keçirmək zərurəti haradan yaranıb? Bu, nəyi göstərir? Bundan sonra nə ola bilər?
Pressklub.az-ın suallarına tanınmış ekspertlər cavab veriblər.
Politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov hesab edir ki, bu iki prosesin bir-biri ilə nə dərəcədə əlaqəli olması sualı daha çox siyasi yox, hüquqi xarakter daşıyır.

“Tamamilə mümkündür ki, hansısa qeyri-rəsmi razılaşma mövcuddur. Lakin nə Bakıda, nə də İrəvanda bu əlaqəni açıq şəkildə səsləndirən yoxdur.
Ümumilikdə isə düşünürəm ki, müharibə, düşmənçilik və qarşıdurma dövrünün artıq geridə qaldığını nəzərə alsaq, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması çərçivəsində bu münaqişə ilə bu və ya digər şəkildə əlaqəli olan şəxslərin təhvil verilməsi prosesi müsbət qiymətləndirilə bilər”, – deputat bildirib.
Erməni analitik və publisist İşxan Verdyan isə qeyd edib ki, suriyalıların azad olunması və Türkiyə vasitəsilə Suriyaya qaytarılması məsələsini şərh etmək onun üçün çətindir.

“Çünki onlar barədə rəsmi açıqlamalardan başqa heç bir konkret informasiya yoxdur – tutulublar, məhkum ediliblər, geri qaytarılıblar. Üstəlik, onlar hətta Azərbaycana da qaytarmayıblar.
Qaytarılan ermənilərlə bağlı məsələ isə son dərəcə böyük simvolik məna daşıyır. Çünki Bakıda saxlanılan ermənilər mövzusu Ermənistanda aktualdır və müxalifət tərəfindən siyasi məqsədlərdə çox fəal şəkildə istifadə olunur”, – analitik bildirib.
Onun sözlərinə görə, ermənilərin Bakı həbsxanasında saxlanılması revanşist qüvvələr tərəfindən hər zaman Azərbaycanın düşmənçilik mövqeyinin və sülhə getmək istəməməsinin göstəricisi kimi təqdim olunub.
“Halbuki həmişə aydın idi ki, Ermənistanla Azərbaycan arasında yekun sülh əldə edildikdən sonra bu insanlar öz evlərinə qayıdacaqlar və bunun üçün Ermənistanın xüsusi səy göstərməsinə ehtiyac qalmayacaq. Əslində, indi də məhz bu baş verir. Mən əminəm ki, ən ağır cinayətlərdə təqsirli olanlar – “artsax” rəhbərləri istisna olmaqla bütün həbsdəkilər azad ediləcək.
Mübadilənin əvvəlcədən razılaşdırılıb-razılaşdırılmadığını, yoxsa spontan xarakter daşıdığını demək çətindir. Amma qətiyyətlə söyləmək olar ki, Ermənistan və Azərbaycan düşmənçilik irsindən xilas olur və real, həqiqi sülhə doğru addımlar atır”, – Verdyan yekunlaşdırıb.
Rauf Orucov