Logo
news content
User
Kateqoriyalar

Analitika

Göydən yerə çırpılan “monstr”
İndiki və keçmiş “Vaqner”çilər “”Priqojinin ölümü haqda nələr danışdılar?

Avqustun 23-də axşam Rusiyanın Tver vilayətinin Kujenkino kəndinin sakinləri “göydə parıltı” gördülər. Bir neçə dəqiqədən sonra yerə qara tüstü çıxan “dəmirlər” düşdü. Bu, ÇVK “Vaqner”in (“Vaqner” Özəl Hərbi Şirkətinin) banisi Yevgeni Priqojinin və muzdluların komandiri Dmitri Utkinin uçduğu təyyarənin parçaları idi. Onların həmkarları və tabeliyində olanlar – 2014-cü ildə kompaniyadan onminlərlə rusiyalı keçib – heç bir rəsmi açıqlama verməyiblər.

“Komandirlər sanki müraciət yazmaq istəyirlər, amma o, ilk növbədə döyüşçülərə ünvanlanacaq, - Ukraynadan yenicə qayıtmış vaqnerçi “Meduza”ya deyib. – Çünki bizdə kimisi vahiməyə düşüb, kimisi dua edirdi. Hamımız bir qədər özümüzdə deyilik. Çoxları da qəzəblidir: qisas almaq istəyirlər. Nələr etmək istəyirlər! Avtomatla Kremlə getmək. Hamı bilir ki, bu, intiqam idi. Prezident belə şeyləri bağışlamır”. 

Təyyarə Priqojinin qaldırdığı qiyamdan düz iki ay sonra qəzaya uğrayıb. “Biz hamımız bunu gözləyirdik, - hazırda Ukraynada döyüşən “Vaqner” veteranı deyir. – Nə vaxt olacağı məchul idi. Mən düşünürdüm ki, Afrikada öldürərlər, amma belə öldürdülər. O, həmin marşla özünə hökm çıxardı: ya axıra qədər getməli, ya da heç başlamamalı idi”.

Fəaliyyətdə olan və veteran vaqnerçilər etiraf edirlər ki, ÇVK banisinin ölümünə cavab olaraq çətin ki, ciddi bir şey etsinlər. “Kədərlidir, əlbəttə. Yevgeni Viktoroviç ciddi kişi idi, biz ona Batya deyirdik, - bir neçə həftə əvvəl Afrikadakı kontingentə qoşulmaq təklifi almış vaqnerçi deyir. – Amma vaxt itirildi, başa düşürsünüz? Əgər bu, 27 iyunda, marşdan dərhal sonra baş versəydi, o zaman hə, reaksiya olardı. İndi isə... kimisi məzuniyyətdədir, kimisi öz həyatını sahmana salır. Kimisi artıq Müdafiə Nazirliyi ilə işləyir”.

“Heç bir həyəcan yoxdur: iki həftə bu zibili çeynəyəcəklər və unudulacaq, - ÇVK-nın başqa bir veteranı deyir. – İndi uşaqlardan kimisi Belarusda qapanıb, kimisi Afrikadadır, qalanları da Rusiyanın bütün ərazisinə yayılıb. Ölkə rəhbərliyi qabaqcadan öz təhlükəsizliyini təmin edib”.

Fəaliyyətdə olan vaqnerçi də onunla razıdır: “Özüm indi xəstəxanadayam. Mənə [Ukrayna müharibəsində ÇVK tərkibində döyüşməyə görə] nə maaşım gəlib, nə sığortam. Heç kəsə də zəng edə bilmirəm – telefonlar söndürülüb”.

Priqojinin öz ölümünü quraşdırması (2019 və 2022-ci illərdə belə edib) versiyasına yaxın ətrafı aviaqəzadan sonrakı bir neçə saat ərzində daha inanmayıb. 

“Hər iki feyk üzrə bizim konkret protokollarımız vardı: informasiyanı harada yerləşdirmək və necə təqdim etmək, - Priqojin imperiyasının iş metodu ilə tanış olan mənbə izah edir. – İndi isə qabaqcadan heç nə hazır deyildi”.

“O, çox şişmişdi”

Avqustun 23-də Priqojin və ən yaxın yoldaşları Afrikadan Sankt-Peterburqa qayıdırdılar. İki gün əvvəl Priqojin məhz Afrikadan sonuncu videomüraciətini çəkərək, ÇVK “Vaqner”in Rusiyanı bütün qitələrdə daha böyük edəcəyini bildirmişdi. 

Üç həmsöhbət “Meduza”ya bildirib ki, qiyam və aviaqəzanın nəticələri ÇVK-nın Afrikadakı fəaliyyətinə ən azı indilik təsir göstərməyib. “İyulun sonlarında məni oraya çağırmışdılar, - onlardan biri deyir. – Köhnə qayda ilə işləməyi və pul almağı vəd edirdilər, yəni Müdafiə Nazirliyindən kənar”.  

Hərçənd, Müdafiə Nazirliyindəki mənbə “Meduza”ya deyib ki, vaqnerçilərə “qara qitə”də fəaliyyətini davam etdirmək imkanı verilməyəcək. “Vajnıye istorii” aydınlaşdırıb ki, iki struktur “Vaqner”i əvəzləməyə çalışıb: ilhaq olunmuş Krımın “rəhbəri” Sergey Aksenov tərəfindən yaradılan ÇVK “Konvoy” və rus hərbçilərinin nəzarətində olan ÇVK “Redut”. “Şoyqu özü işləri aparmaq istəyir”, - “Vaqner”in Suriya veteranı deyir. 

Guya Priqojin bu planlara mane olmağa çalışırmış və Maliyə son səfəri də bununla bağlı olub. Bu versiyanı ÇVK “Vaqner”dəki bir neçə mənbə təsdiqləyir, ”VCK-OQPU” teleqram kanalının müəllifləri də bu haqda yazıblar. 

“Təyyarə partladıldı – soruşmadan Afrikaya girmək lazım deyildi”, - “Meduza” müxbirinin sualına Müdafiə Nazirliyindəki mənbə cavab verib. “O, çox şişmişdi, amma [hələ də] yeyirdi və RF bayrağını yelləyirdi. Bayraqsız o heç kimdir, onun muzdluları da heç kimdir”.

Mərkəzi Afrika Respublikasının (burada Priqojin strukturları daha güclüdür) rəhbərliyi biznesmenin ölümündən sonra “The Wall Street Journal”a bildirib ki, bir problem yaranacağını düşünmürlər. “Rusiya hakimiyyəti nəzarəti bərpa edəcək. Biz Rusiya dövləti ilə əməkdaşlıq edirik”,- strateji investisiyalar üzrə nazir Paskal Koyaqbele deyib. 

Priqojinin təyyarəsi Vladimir Putinin Valdaydakı iqamətgahından 50 kilometrlik məsafədə yerə çırpılıb. Prezident özü həmin vaxt Kursk döyüşünün 80 illik yubileyi münasibətilə hərbçilərə mükafat təqdim edirdi. Mərasim gedən zaman ÇVK-ya yaxın olan RSOTM və Grey Zone teleqram kanalları “satqınlarının əməllərinin nəticəsində Rusiya ölkənin həqiqi hərbi elitasından məhrum edildi”  yazdılar. 

Hadisə şahidləri yerdən hadisəni belə görüblər: təyyarənin bir qanadı qopub, özü isə “yarpaq kimi” yavaş-yavaş yerə düşüb. Bu düşüşün videosunu tədqiq edən ekspertlər təyyarədə - ola bilər, partlayışdan sonra – bütün idarə sisteminin dərhal sıradan çıxa biləcəyini mümkün hesab edirlər. 

Güc strukturlarına bağlı üç teleqram kanalının xəbərlərinə görə, göyərtədə partlayış versiyası araşdırılır: guya şahidlərdən biri deyib ki, uçuşdan əvvəl təyyarəyə içində bahalı çaxırlar olan yeşik yüklənib; bomba şassi seksiyasında da ola bilərdi. Müdafiə Nazirliyindəki mənbə də “Meduza”ya təyyarənin partladığını, raketlə vurulmadığını deyib. 

Amma bu versiyanın əleyhinə də arqumentlər var. Məsələn, videoların birində zenit raketinin inversiya izini xatırladan bulud görünür, şahidlər də qəzadan əvvəl iki partlayışın baş verdiyini deyirlər. Bir hədəfə iki zenit raketinin atılması vurulma ehtimalını artıran standart praktikadır. “Financial Times”a danışan qərbli məmur da hesab edir ki, Priqojin təyyarəsi HHM vasitəsilə vurulub.

“Çətin taleli adam”

İndi “Meduza”nın həmsöhbətləri “Vaqner” banisinin yelbeyinliyinə təəccüblənirlər. “Özünü qorumaq üçün aradan çıxıb, hər hansı ölkəyə, məsələn, Venesuelaya getməli idi”, - kompaniyanın veteranlarından biri deyir. “Əgər Rusiyada veyillənirdisə, özü günahkardır”, - indi də fəaliyyətdə olan vaqnerçi razılaşır. 

Həmsöhbətlər biznesmenin təhlükəsizlik xidmətinin fəaliyyətini də aşağı qiymətləndiriblər. “Orada hər şey situativ idi. Məsələn, Priqojin və Utkinin bir yerdə uçmamaları kimi qayda yox idi”

“Vaqner”in təhlükəsizlik xidmətində kütbeyin və dəlisov oğlanlar işləyirdilər” ÇVK dəstələrindən birinin keçmiş komandiri Marat Qabidullin deyir. “Onların yanından təyyarəyə atom bombası keçirərlər, xəbərləri olmaz”, - Qabidulin əlavə edir. Hərçənd, başqa veteran deyir: “Heç bir mühafizəçi zenit raketini vura bilməz”

Amma Priqojinin ehtiyatsızlığının başqa səbəbi də vardı.

[Qiyamdan dərhal sonra] onları Kremldə Putinlə görüşə dəvət edəndə prezident bu dəstənin üstünə üç saat çığırmışdı. Sözün əsl mənasında çığırmışdı. Amma o zaman toxunmadılar! Ola bilər, Priqojin fikirləşib ki, Putin çığırıb, ürəyini boşaltdı. “Dərhal öldürmədilərsə, deməli, heç öldürməzlər”? O, özünü toxunulmaz hesab edirdi. Düşünürdü ki, ölümsüzdür. 

“Mənimkilər heç nə anlamırlar, qeyri-müəyyən vəziyyətdir, - komanda heyəti ilə əlaqə saxlayan veteran deyir. – Elə həmin Afrikada, yəqin, öldürməyin bir lisenziyası olacaq - hərbi bilet. Hamını nazirliklə müqaviləyə məcbur edəcəklər. Ya imzalayın – və “Vaqner”in MAR-dakı bütün bazaları avtomatik Müdafiə Nazirliyinin olur, - ya da siz ölkədə qanunsuz yaşayan turistlərsiniz. Özünüz seçim edin”.

“Meduza”nın həmsöhbətləri əmindirlər ki, ÇVK “Vaqner”in qalıqlarına kimin rəhbərlik edəcəyindən asılı olmayaraq, kompaniyanın gələcəyi yoxdur. “Mən Priqojin-Utkin tandeminə layiqli əvəz görmürəm. Bundan sonrakı başqa cür bacarmayanların ətalət üzrə hərəkəti olacaq. Başqa həyat yaşamağı tərgidənlərin”, - Marat Qabidullin deyir.

Avqustun 24-də Vladimir Putin aviaqəzada ölənlərin ailələrinə başsağlığı verib. Yevgeni Priqojin haqqında keçmiş zamanda danışan prezident onu “lazımi nəticələr əldə edə bilən çətin taleli adam” adlandırıb.

 Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://meduza.io/feature/2023/08/24/on-schital-sebya-neprikasaemym-reshil-chto-bessmertnyy