Görkəmli azərbaycanlının nəvəsindən çağırış: “Vəziyyət dəhşətli və həyəcanlıdır”
Ülvi Pepinova erməni diasporunun xaricdəki Azərbaycan icmalarına kütləvi hücumundan yazır
30 Sentyabr 2023
Hazırda Qarabağın dağlıq hissəsində baş verən hadisələr insanları narahat etməkdə davam edir. Təbii ki, onların arasında taleyin hökmü ilə vətəndən çox uzaqlarda – xaricdə yaşayan azərbaycanlılar da az deyil. Onlardan biri Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Ömər Faiq Nemanzadənin nəvəsi, tanınmış rəssam, uzun illər Kembricdə (İngiltərə) yaşayan və işləyən Ülvi Pepinovadır. O, sosial şəbəkələrdə belə bir paylaşım edib. Mətn nəzərinizə çatdırırıq: “Mən əminəm ki, texnologiyaya, sübutlara, “etnik təmizləmə” əlamətlərini göstərməyən sənədləşdirilmiş faktlara baxmayaraq, ermənilər öz yeni “etnik təmizləmə” nağıllarını uydura biləcəklər. Erməni separatizminin yeni fəsli ermənilər, qərb elmi dairələri və mediasının qarşıdakı yüzillikdə yeni layihəyə başlaması üçün sadəcə başlanğıcdır. Onlar baş verənlərin Azərbaycanın xeyrinə olan istənilən izahını sarsıtmaq və məhv etmək üçün səylə və israrla çalışacaqlar. Ermənilərlə müqayisədə çox gənc və kiçik olan xaricdəki Azərbaycan icmaları uzun müddət və bəlkə də daima təqib, təhqir, kiber qorxutma, zorakı hücumlar, terror hücumları və böhtan hədəfləri olaraq qalacaqlar. Erməni diasporunun üzvlərinin kütləvi hücumları nəticəsində Azərbaycan icmasının bir çox üzvləri iş yerlərini itiriblər, bir sıra hallarda isə ailələrinin ermənilər tərəfindən daim təqib edilməsinin qarşısını almaq üçün digər qeyri-Avropa ölkələri (ya ABŞ-a, ya da əhalisinin az hissəsi erməni diasporuna daxil olan dövlətlərə) köçməyə məcbur olublar. Polis əlindən gələni edir, lakin Azərbaycan icmalarına o qədər də kömək etmirlər; erməni nümayəndələri ilə hüquqi çəkişmələr böyük sərvət bahasına başa gəlir və çox az adam bunu edə bilər. Bizə bu cür halların çoxlu nümunələri məlumdur. Mən çarəsiz halda qalaraq bir daha Azərbaycan siyasi isteblişmentinə, siyasi ekspertlərinə və dünyanın Azərbaycan icmalarına müraciət edirəm. Həm peşəkar, həm də aşağı səviyyədə siyasi təbliğat mütləqdir. Böyük Britaniyada siyasi təbliğatımız yoxdur. Böyük Britaniyada vəziyyət dəhşətli və qorxuludur. Mən Böyük Britaniyadakı Azərbaycan icmalarının gələcəyindən çox narahatam.