Logo
news content
User
Kateqoriyalar

Analitika

Əyilmək və yaltaqlanmaq siyasəti 
Sədəqə dilənən pafoslu dilənçi rolu onların uzun müddət sınadıqları roldur

Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Armen Gevorkyan oktyabrın 12-də AŞPA-nın payız sessiyasının plenar iclasında “Münaqişələrin qarşısının alınmasında, beynəlxalq strukturlara etimadın bərpasında və qlobal sülhün təşviqində Avropa Şurasının rolu” mövzusunun müzakirəsi zamanı çıxış edib.

Məsələn, A.Gevorkyan “postsovet məkanındakı vəziyyəti nəzərə alaraq, Avropa Şurasının və bu Assambleyanın gələcəyi ilə bağlı” iki qeyd edib.

O, deyib: “Bu gün Avropa Şurası xalqlarımızı real demokratiya ilə avtoritarizm arasında kifayət qədər təhlükəli seçim qarşısında qoyur. Belə qəribə seçim təşkilatımızın Türkiyə və Azərbaycan kimi siyasi rejimlərlə birgə yaşamağa loyal olması ilə bağlıdır”.

Bununla bağlı o, “demokratik idarəetmə və insan haqlarının müdafiəsi sahəsində lider olan təşkilatın, avtoritar rejimlərin sığınacağına çevrilməməsi üçün ayıq-sayıq olmağı” xahiş edir.

O, daha sonra əlavə edib: “İkili standartlar, güc siyasəti, neft və qaz beynəlxalq münasibətlərdə demokratik mədəniyyət, insan haqları və qanunun aliliyi əvəzinə dominant faktorlara çevrilib”.

Təbii ki, Gevorkyan bundan sonra “Azərbaycanın Dağlıq Qarabağda apardığı etnik təmizləmə” iddiaları təkrar etməyi unutmayıb və bildirib ki, “bu cinayət pislənməlidir”.

O, sözünü yekunlaşdıraraq Azərbaycan və Türkiyəyə qarşı sərt tədbir görməyə çağırıb: “Azərbaycan və Türkiyənin bundan sonra da Avropa Şurasına cəzasız üzvlüyü bu təşkilatın ideoloji ölümü demək olacaq”.

Erməni deputat elə danışır ki, sanki Ermənistan özü demokratiya nümunəsidir və məsələn, Türkiyə kimi dövlətlərin yanında durmamalıdır. Hansı səbəbdən? Ermənistan keçmiş sovet respublikasıdır, yumşaq desək, o qədər də inkişaf etməyib və işğalçı ölkə olan Rusiyadan asılıdır. Belə bir ölkə uzun müddətdir Avropa İttifaqına tamhüquqlu üzvlüyə iddia edən dövlətlə rəqabət aparmağa çalışır. Bəlkə İrəvan hesab edir ki, onlar azadlıq dərəcəsinə görə artıq Türkiyəni üstələyiblər? Ermənistan belə məsələlərdə Azərbaycanla haradasa rəqabət apara bilər, amma Türkiyə ilə... Bu baxımdan deputat Gevorkyan çox qəribə çıxış edib. Və bu çıxışın hədəfi nədir? Avropanın müxtəlif yerlərindən olan deputatların o qədər də böyük məlumatlı olmamasına?

old.pressklub.az-ın bu suallarına beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə cavab verib.

Onun sözlərinə görə, bu bəyanatlar, eləcə də ümumilikdə erməni siyasətçilərin oxşar yanaşmaları bizim üçün təəccüblü deyil. Vəlizadə vurğulayır ki, bu cür erməni iddialarının həmişə müəyyən auditoriyaya təsir etməsi faktı var: “Onların siyasətlərini həyata keçirmək üçün hər bir auditoriya üçün ayrıca alətlər dəsti var. Məsələn, dəfələrlə şahidi olmuşam ki, xristian ölkələrini təmsil edən deputatların və ya siyasətçilərin əhatəsində erməni xadimləri həmişə özlərinin xristian mənşəli olduqlarını qabardırlar. Biz onlardan tez-tez belə bəyanatlar eşidirik ki, guya Ermənistan müsəlman mühitində xristianlığın forpostudur. Və guya ki, burada həmin dəyərləri müdafiə edir. Bu iddianı irəli sürən zaman eyni andaca sədəqə üçün də əllərini açırlar”.

O, qeyd edir ki, AŞPA-da onlar vurğunu demokratiyaya yönəldirlər və Ermənistan bu zaman totalitar rejimlərlə əhatə olunmuş demokratiya çırağı obrazında çıxış edir. “Gevorkyana sual vermək maraqlı olardı ki, eyni Avrasiya İqtisadi İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir hissəsi olan bu cür “nümunəvi” Ermənistan özünü necə hiss edir? Axı Ermənistan bu təşkilatların üzvlərini də totalitar dövlətlər kimi təqdim edir, lakin eyni zamanda onların müttəfiqidir. Görünür, özünü o qədər də yaxşı hiss etmir, çünki MDB-nin son sammitində nə baş naziri, nə də prezidenti iştirak etməyib.

Yeri gəlmişkən, ərəb ölkələri ilə münasibətlərdə Ermənistan nümayəndələri həmişə onlara dostluq hisslərini vurğulayır, onlara yaxın olduqlarını, orada təsirli erməni icmalarının yaşadığını və ərəb mühitində özlərini əla hiss etdiklərini qeyd edirlər. Digər auditoriyalarda isə həmin insanlar bütün müsəlman dövlətlərini pisləyir, onları yenidən totalitar və despotik adlandırırlar.

Yəni, xristian mühitində bir şey, ərəb-müsəlman mühitində isə bunun əksini deyirlər. Bu, onların bacardığı və istifadə etdiyi spekulyasiya növüdür. Sədəqə dilənən pafoslu dilənçi rolu (təkcə maddi deyil, həm də siyasi) erməni diplomatiyasının uzun müddət, onilliklər boyu sınadığı roldur. Onlar bu siyasətə komplementarizm deyirlər, amma bu gözəl sözün altında böyük güclər qarşısında əyilmək və yaltaqlanmaq siyasəti yatır ki, məqsəd də birdir: Ermənistandan daha güclü olan Türkiyə və Azərbaycana təzyiq edilməsinə nail olsunlar. Bu, onların əsas məqsədidir. Vaxtilə İrəvan bu məqsədlə Rusiyadan istifadə etməyə çalışırdı. İndi bunu edə bilmir və özünü “avtoritarizmin qaranlıq əhatəsində demokratiya modeli” kimi göstərərək Qərb ölkələrinə üz tutur. Ümumiyyətlə, bu, gülməli görünür və mənə elə gəlir ki, dünyanın əsl nüfuzlu siyasətçiləri bunlara ciddi fikir vermirlər”, - deyə politoloq yekunlaşdırıb.

Rauf Orucov