Logo
news content
User
Kateqoriyalar

Analitika

“Əsas məqsəd Moskvanı bu coğrafiyadan sıxışdırıb çıxarmaqdır”
Ekspert: “ABŞ-ın dövlət katibi məşhur erməni lobbiçisi senator Bob Menendezin yaxın dostudur”

Birləşmiş Ştatlar nəhayət anladı ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesində daha fəal iştirak etməsə, Rusiya və İran nəticə əldə olunmasına daima mane olacaqlar.

“The Wall Street Journal”ın məlumatına görə, bu barədə ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran bildirib.

Müəllifin məqaləsində qeyd olunur ki, ABŞ-dan başqa Rusiya prezidenti Vladimir Putin də vasitəçi rolunu öz üzərinə götürüb. Problemin yekun həlli və sülhün əldə olunması Qarabağda yerləşdirilən Rusiya qüvvələrinə ehtiyacı aradan qaldıra bilər. Rusiya qüvvələri isə Putinin oradakı əsas alətlərindən biridir.

M.Doran yazır ki, Ermənistan xüsusilə hərbi sahədə Rusiyadan ciddi şəkildə asılıdır. “Rusiya hərbçilərinin Ermənistanda ən azı üç mühüm mövqeyi var: orada hərbi baza yerləşdirilib, rus əsgərləri Ermənistanın sərhədlərinin əsas hissələrinə nəzarət edirlər, ölkənin hava məkanı isə onların tam şəkildə əlindədir”, - məqalədə deyilir.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev Moskvanın nəzarətindən qurtula bilib. Azərbaycan ölkənin neft və qaz tədarük etdiyi Avropa ilə güclü iqtisadi əlaqələri qurmaqla yanaşı, eyni zamanda Türkiyə və İsraillə də güclü hərbi əlaqələr inkişaf etdirib. Azərbaycanın Türkiyə və İsraillə üçtərəfli əməkdaşlığı Tehranı xüsusilə qorxudur. Bu qorxu həm də ölkə əhalisinin ən azı beşdə birini (bu, müəllifin qiymətləndirməsidir, real rəqəm isə 40 faiz və daha çoxdur – red.) təşkil edən İran azərbaycanlılarının Bakıya verdiyi dəstəkdən irəli gəlir.

Son nəticədə, Tehran Türkiyə-İsrail-Azərbaycan birliyinə qarşı durmaq və sülh danışıqlarını pozmaq üçün Moskva və İrəvanla işləyir.

Buna dolayısı ilə Cənubi Qafqazda diplomatiyaya böyük enerji sərf edən və Ermənistanın tərəfini tutan Fransa prezidenti Emmanuel Makron da kömək edib. Böyük erməni icmasının məskunlaşdığı Fransa Avropa Şurasının sədri Şarl Mişele təzyiq edərək, Aİ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqlarına müdaxilə etdi. Bu, Bakının gözündə Avropanın vasitəçiliyinin qeyri-legitim olmasına gətirib çıxardı.

Beləliklə, Blinken indi etiraf edir ki, Ermənistanı sülhə cəlb etmək və bununla da Rusiya-İran alyansı ilə əməkdaşlıq formalarını məhdudlaşdırmaq üçün Amerikanın danışıqlarda iştirakı yeganə düzgün yoldur.

“Əgər İrəvanın ağlı başına gəlsə, ABŞ və müttəfiqləri Qarabağ ermənilərinin rifahını təmin etmək üçün Rusiya qoşunlarına arxalanmadan İrəvan və Bakı ilə birgə işləyə biləcəklər. Təəssüf ki, ABŞ-dakı erməni icmasının bir çox nüfuzlu dostları, məsələn senator C. Bob Menendez və konqresmen Adam Şiff İrəvanı bu istiqamətə sövq etməkdən imtina edirlər”, - M.Doran qeyd edir və sual qoyur: “Ermənistanın Demokrat Partiyası daxilindəki dostları onu düz yoldan sapdırmayacaqlarmı?” Və suala özü də cavab verir: "Gələcək göstərəcək".

Ortaya sual çıxır: Rusiya-İran tandemi sülh prosesinə nə dərəcədə güclü müqavimət göstərə bilər? Bunun üçün Moskva və Tehranın bu gün hansı real təzyiq alətləri var? Bəs partiya yoldaşları arasında erməni lobbisinin nümayəndələrinin olduğunu nəzərə alsaq, Blinken sona qədər prinsipial möhkəmlilik göstərə biləcəkmi?

Press Klubun suallarını beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah cavablandırıb.

Onun sözlərinə görə, Rusiyanın Qafqazda sülhün qarşısını almaq üçün Ermənistanda hərbi baza, hərbi elita və iqtisadi sahə kimi alətləri var. Azərbaycanda isə bu, İlham Əliyevlə avtoritar müttəfiqlik rıçaqdır.

“İranın bu istiqamətdə imkanları məhdud olsa da, rəsmi Tehran Ermənistana siyasi təzyiq imkanlarını özündə saxlayır. İran Ermənistanın açıq sərhədi olan iki qonşusundan biridir. İrəvanla Kreml arasında münasibətlər soyuyub, Ermənistanın Türkiyə üzərindən qərbə, Azərbaycandan keçməklə şərqə çıxışı bağlıdır, Moskva və Bakının ikitərəfli təzyiqi altında olan Gürcüstandan çıxış yolu o qədər də etibarlı deyil. Bu asılılıq İrana Ermənistana təzyiq etmək üçün yaxşı imkanlar verir. Bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane ola bilməsə də, prosesi ləngidə bilər.

Qafqazda sülhün bərqərar olması bir sıra səbəblərə görə hər iki ölkənin - həm Rusiyanın, həm də İranın strateji maraqlarına cavab vermir. Məsələn, Rusiyanın Qafqazdakı maraqları burada daimi münaqişə ocaqlarının olmasını diktə edir. Rəsmi Moskva “yaxın xaricdəki” Şərqi Avropa ölkələrini və postsovet coğrafiyasını özünün “arxa bağçası” hesab edir. Lakin Qərbdən və Çindən fərqli olaraq, Rusiyanın yumşaq güc alətləri yoxdur. Kreml nə iqtisadi, nə də demokratik baxımdan heç bir ölkə üçün cəlbedici deyil. Bu baxımdan, Moskva öz coğrafi maraqlarını yalnız yerli münaqişə mərkəzləri üzərindəki hərbi təzyiq yolları ilə qoruya bilər. Əgər münaqişə ocağı olan Qafqazda davamlı sülh bərqərar olarsa, Rusiya bu coğrafiyanı itirməli olacaq. İran üçün dinc Qafqaz regionda yeni güc mərkəzinin yaranması deməkdir. Bu da hazırda Qafqaza təsir etmək imkanına malik olan İranın Qafqazın təsir dairəsinə düşməsinə gətirib çıxarardı.

Blinkenin əsas məqsədi Qafqazda bu və ya digər formada sülhə nail olmaqla Moskvanı bu coğrafiyadan sıxışdırıb çıxarmaqdır. Təəssüf ki, erməni lobbisinin ABŞ siyasi elitasına təsiri xeyli güclüdür. Erməni lobbisi hələ də “Böyük Ermənistan” xülyasında, Türkiyə və Azərbaycana torpaq iddiasında, Türkiyəni 1915-ci il hadisələrinə görə qınamaqda israrlıdır. Erməni maraqlarına gəlincə, lobbi ABŞ siyasi elitasının gücündən məharətlə istifadə edərək üç məqsədə çatır - Torpaq, Təzminat, Tanınma. Blinken özü tanınmış erməni lobbiçisi - senator Bob Menendezin yaxın dostudur. Bu səbəbdən də Blinkenin Azərbaycanla Ermənistan arasında ədalətli sülhə nail olmaq üçün güclü iradə nümayiş etdirə bilib-bilməyəcəyi sualına dəqiq cavab vermək çətindir. Əslində, ABŞ-ın Rusiyanı Qafqazdan sıxışdırıb çıxara bilməsi bu sualın cavabından asılıdır. Prosesin gedişində bizə daha aydın olacaq: Ağ Evin Qafqaz gündəmində prioritet nədir - erməni lobbisinin təsiri, yoxsa ABŞ-Rusiya münaqişəsi”, - deyə E.Fəttah yekunlaşdırıb.

Rauf Orucov