Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistan üçün “Moldova ssenarisi” – Lavrov niyə təhdid edir?
Ekspert: Kreml yaxşı anlayır ki, ona bağlı olan qüvvələrin məğlubiyyəti qaçılmazdır

Avropa İttifaqı (Aİ) Ermənistan hakimiyyətini 15 milyon avro məbləğindəki tranşın əvəzini destruktiv fəaliyyətlə, o cümlədən Rusiyaya qarşı addımlarla “ödəməyə” məcbur edəcək. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Lenta.ru”ya müsahibəsində bəyan edib.

Şübhə etmirəm ki, Brüssel bürokratiyası bizim erməni dostlarımızı bu 15 milyonluq tranşın hər sentini ödəməyə məcbur edəcək”, – diplomat bildirib.

Lavrov hesab edir ki, Aİ, o cümlədən birliyin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistan hakimiyyətinin xarici siyasətdə anti-Rusiya kursu tutmasına çalışır və iyun ayında keçiriləcək parlament seçkiləri ərəfəsində “destruktiv hərəkətlərə” yol veriləcəyini istisna etmir. O, həmçinin respublikada “Moldova ssenarisinin” təkrarlandığını iddia edib və hakimiyyətin səsvermənin nəticələrini “saxtalaşdıracağını” proqnozlaşdırıb.

Beləliklə, Moskva Paşinyanın və onun partiyasının mövqelərinin üstünlüyünü anladığını, lakin bununla barışmaq niyyətində olmadığını əvvəlcədən nümayiş etdirir.

Daha sonra Rusiya xarici işlər naziri bildirib ki, Moskva Ermənistan Apostol Kilsəsi ətrafında yaranmış vəziyyəti təəssüflə izləyir.

Biz, əlbəttə ki, Ermənistan Apostol Kilsəsi ətrafında vəziyyətin necə inkişaf etdiyini təəssüflə müşahidə edirik”, – Lavrov vurğulayıb.

Rəsmi İrəvanın Rusiya tərəfindən hibrid təhdidlərin mövcudluğu barədə bəyanatlarına münasibət bildirən Lavrov qeyd edib ki, Moskva bu iddiaları anlaşılmazlıqla qarşılayır. “Bu bizdə yalnız təəccüb doğura bilər”, – o bildirib.

Nazir yenidən Ermənistanın Aİ-yə mümkün üzvlüyü mövzusuna toxunaraq, bunun Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) üzvlüklə bir araya sığmasının mümkün olmadığını vurğulayıb.

Avropa İttifaqına üzvlük istiqamətində fəaliyyət Aİİ-də üzvlüyün saxlanılması ilə uzlaşa bilməz. Ermənistan müvafiq qərar qəbul edərsə, cənab Paşinyanın dediyi kimi, bunu erməni xalqının iradəsinə uyğun şəkildə edərsə, bu, Ermənistanın və erməni xalqının hüququdur”, – Lavrov bildirib.

Seçim, əlbəttə ki, erməni xalqına və erməni rəhbərliyinə məxsusdur. Amma həm bura, həm də ora üzv olmaq – qətiyyən mümkün deyil”, – nazir əlavə edib.

Maraqlıdır, Lavrovun bu “səs siqnalları” nəyə hesablanıb? Bu, Moskvanın növbəti təhdid cəhdidir? Putinin sadiq təbəəsi bu bəyanatlarla kimə və nəyi sübut etmək, nəyi göstərmək istəyir?

Pressklub.az-ın suallarına müstəqil siyasi ekspert Nəsimi Məmmədli cavab verib.

Onun sözlərinə görə, Ermənistan hökuməti ardıcıl və sistemli şəkildə Avropaya yaxınlaşma siyasəti həyata keçirir. “Ermənistanda Kreml ilə əlaqəli şəxslər və təşkilatlar Paşinyan hökumətinin ciddi nəzarəti altındadır. Seçkilərə altı ay qalmasına baxmayaraq, Paşinyanın siyasi kursunun erməni cəmiyyətində qələbə qazanması ehtimalı getdikcə daha real görünür. Kreml anlayır ki, onunla bağlı siyasi qüvvələrin məğlubiyyəti qaçılmazdır. Lakin bununla asanlıqla barışmaq istəmir.

Əgər Paşinyan hakimiyyətdə qalarsa, ilk növbədə Azərbaycanla sülh prosesini başa çatdıracaq. İstisna edilmir ki, Ermənistan MDB və KTMT kimi Rusiyanın geosiyasi, iqtisadi və təhlükəsizlik maraqlarına xidmət edən təşkilatlardan çıxacaq. Həmçinin Türkiyə, ABŞ və Avropa ilə daha yaxşı münasibətlərin qurulması ehtimalı yüksəkdir. Bütün bunlar Rusiyanı ciddi şəkildə narahat edir. Çünki bu halda Kremlin Cənubi Qafqazdakı təsiri xeyli zəifləyəcək”, – ekspert qeyd edir.

O bildirir ki, hazırda Ermənistan iqtisadi baxımdan Rusiyadan çox ciddi dərəcədə asılıdır. “Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlük Ermənistan üçün vacibdir. Lakin ölkə alternativ variantlardan istifadə etməklə bu asılılığı azaltmağa çalışır. Avropa İttifaqı ilə iqtisadi, siyasi və təhlükəsizlik məsələləri üzrə sıx əməkdaşlıq Ermənistan üçün son dərəcə mühüm əhəmiyyət daşıyır. Kreml Paşinyan hökumətinin Asiya İnkişaf Bankından iqtisadi asılılığından öz geosiyasi məqsədləri üçün istifadə etməyə çalışır.

Seçkilər ərəfəsində Kremlin Paşinyan hökumətinə qarşı müxtəlif təzyiq üsullarına şahid ola bilərik. Lavrov bir tərəfdən Rusiyanın erməni cəmiyyətində mühüm yerə malik olduğunu xatırladır, digər tərəfdən isə İrəvanın siyasi kursunu kəskin şəkildə dəyişməsinin təhlükələri barədə Ermənistana xəbərdarlıq etməyi zəruri sayır”, – Məmmədli yekunlaşdırıb.

Rauf Orucov