Ermənistan müxalifətinin sülhü pozmaq şansı qalıbmı?
İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər
17 İyul 2026
Ermənistan müxalifətinin ölkədə uzun müddətdir davam edən siyasi böhranı öz xeyrinə həll etmək üçün real və bəlkə də ən perspektivli imkanı yaranıb. Bunu iyulun 15-də İrəvanda keçirilən “Ermənistan avtoritarizmə gedən yolda” mövzusunda müzakirələr zamanı politoloq Beniamin Matevosyan səsləndirib.
Onun qiymətləndirməsinə görə, həlledici məqam baş nazir Nikol Paşinyanın Konstitusiya islahatları paketini Milli Məclisin müzakirəsinə təqdim edəcəyi vaxt olacaq. Matevosyan bildirib ki, bu addım Paşinyan üçün sərt öhdəlikdir. Lakin bu, baş nazirin xarici qüvvələr qarşısında götürdüyü çoxsaylı vədlər və öhdəliklər zəncirinin yalnız bir hissəsidir. Məhz burada isə onu müxalifətin əlində olan siyasi tələ gözləyir. Çünki hakimiyyət qüvvəsi parlamentdə qeyd-şərtsiz konstitusion çoxluq formalaşdıra bilməyib və nəticədə parlamentdə təmsil olunan müxalifət təsir üçün ciddi rıçaq əldə edir.
Politoloq Beniamin Matevosyanın fikrincə, Konstitusiya islahatları layihəsi parlamentə təqdim olunan kimi müxalifətin hərəkət etməsi üçün aydın və Konstitusiyaya əsaslanan fəaliyyət alqoritmi mövcuddur.
“Məhz o anda – Paşinyan Konstitusiya dəyişikliklərini həyata keçirmək məqsədilə Milli Məclisə gələn kimi – müxalifətin siyasi böhranın həllinə nail olmaq imkanı yaranacaq. Əgər hakimiyyət müxalifətdən səs “oğurlaya” bilməsə və müxalifət layihənin əleyhinə səs versə, o zaman hakimiyyət konstitusion çoxluğu əldə etmək üçün yeni parlament seçkiləri keçirməyə məcbur olacaq. Məqsəd yenidən Milli Məclisdə konstitusion çoxluğu təmin edib həmin dəyişiklikləri qəbul etdirməkdir.
Bunun yeganə yolu isə Paşinyanın istefa verməsidir. Hazırkı parlamentdə, hətta “Çiçəklənən Ermənistan” Partiyasının iştirakı olmadan belə, müxalifətin öz namizədini baş nazir postuna irəli sürmək imkanı var. Bundan sonra prosesləri elə istiqamətə yönəltmək mümkündür ki, Konstitusiyaya dəyişikliklər paketi parlamentə təqdim olunan andan etibarən Nikol Paşinyan ciddi siyasi problemlərlə üzləşsin”, – Matevosyan bildirib.
Matevosyan belə bir sual da səsləndirib: “Müxalifət bu imkandan istifadə edəcəkmi? Təəssüf ki, bu suala cavabım yoxdur. Ancaq siyasi böhran məhz bu yolla – “Konstitusiya islahatları” adlandırılan paket parlamentə daxil olduğu anda həll oluna bilər”, – o vurğulayıb.
Politoloqun bu qiymətləndirməsi nə dərəcədə əsaslıdır? Doğrudanmı, erməni müxalifətinin keçirilmiş parlament seçkilərinin nəticələrini siyasi baxımdan dəyişmək və ya Paşinyan Konstitusiyanı islah etməyə cəhd edəcəyi təqdirdə yeni seçkilərə nail olmaq şansı var?
Pressklub.az-ın suallarını tanınmış erməni analitik və publisist İşxan Verdiyan cavablandırıb.
.jpg)
O etiraf edir ki, əslində Ermənistan Konstitusiyasının dəyişdirilməsi Nikol Paşinyanın bu və ya digər şəkildə həll etməli olacağı əsas məsələ və siyasi dilemmadır.
“Lakin mən hesab etmirəm ki, hər şeyi yalnız bir ssenariyə bağlamaq lazımdır. Əslində, bunun üçün daha çox variant mövcuddur.
Paşinyanın parlamentdə Konstitusiyaya dəyişikliklər təşəbbüsü irəli sürmək üçün kifayət qədər səsi yoxdur. Ancaq bu prosesi başqa yolla da başlatmaq mümkündür: vətəndaşların imzaları toplanaraq xalq təşəbbüsü vasitəsilə müvafiq prosedur işə salına bilər. Bu, mümkün variantlardan biridir.
Digər variant isə parlament tam formalaşdıqdan sonra ortaya çıxa bilər. Burada çox şey Nikol Paşinyanın bundan sonra hansı siyasət yürüdəcəyindən asılı olacaq. Əgər o, seçkiqabağı vədini yerinə yetirərsə və müxalif hərəkatın mafioz liderləri təcrid olunarsa, yəni müxalifətin bütün rəhbərliyi zərbə altına düşərsə, müxalifət daxilində parçalanma başlaya bilər.
Belə olan halda istisna deyil ki, Nikol Paşinyan çatışmayan səsləri məhz müxalifətin ayrı-ayrı nümayəndələrinin hesabına əldə etsin. Müxtəlif səbəblərdən həmin deputatlar onun təqdim etdiyi Konstitusiya dəyişiklikləri paketini dəstəkləməyə məcbur qala bilərlər.
Doğrudan da, kifayət qədər çox variant var. Ona görə də hadisələri yalnız bir ssenari üzrə qiymətləndirmək düzgün olmaz. Gözləyək, proseslər necə inkişaf edəcək. Amma bir daha təkrar edirəm: bu, son dərəcə ciddi və çox maraqlı məsələdir. Onun həlli Paşinyandan böyük siyasi iradə, çeviklik və uzaqgörənlik tələb edəcək”, – Verdiyan bildirib.
Rauf Orucov