“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng
İsrail Azərbaycanın müdaxiləsindən sonra qondarma iddianın qarşısını alıb?
21 İyul 2026
Ötən ay İsrail hökuməti tərəfindən təsdiq edilən qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərar Azərbaycanın İsrailin Baş naziri Benyamin Netanyahuya göstərdiyi təzyiqdən sonra Knessetin (parlamentin) səsverməsinə çıxarılmayıb. Bu barədə İsrailin Haaretz nəşri məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, İsrailin xarici işlər naziri Gideon Saar bu məsələni irəli aparmağa çalışsa da, Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev İsrail Baş nazirinin Aparatı ilə əlaqə saxladıqdan sonra Netanyahu səsverməni bloklayıb. Haaretz yazır ki, bundan sonra İsrail tərəfi məsələnin Knessetin gündəliyindən çıxarıldığı və parlamentin yay tətilindən əvvəl keçiriləcək səsvermələr paketinə daxil edilməyəcəyi ilə bağlı Azərbaycan nümayəndələrini məlumatlandırıb.
Bununla yanaşı, İsrail Xarici İşlər Nazirliyinin rəhbərinin ofisi səsvermənin Netanyahunun təşəbbüsü ilə ləğv edildiyi barədə iddiaları təkzib edib. Lakin Knessetin məsələni niyə gündəliyə çıxarmadığına dair alternativ izah da təqdim edilməyib.
Haaretz qeyd edir ki, Azərbaycan İsrailin ən mühüm strateji tərəfdaşlarından biri olaraq qalır. İki ölkə hərbi, enerji və kəşfiyyat sahələrində sıx əməkdaşlıq edir.
Bəs İsrail tərəfinin bu qərarının əsl mahiyyəti nədən ibarətdir? Benyamin Netanyahunun məhz Bakının təkidi ilə Knessetdə səsvermənin qarşısını almağa razılaşdığını güman etmək olarmı? Və bunu Türkiyə ilə İsrail arasında onsuz da mürəkkəb olan münasibətlərin daha da pisləşməsinin qarşısını almaq cəhdi kimi qiymətləndirmək düzgündürmü?
Pressklub.az-ın suallarını tanınmış israilli jurnalist və tarixçi Şimon Briman cavablandırıb.
.jpg)
Onun sözlərinə görə, ermənilərlə bağlı məsələnin Knessetdə səsverməyə çıxarılmaması barədə İsrailin Baş naziri Benyamin Netanyahunun şəxsən göstəriş verməsi tamamilə mümkündür.
“Lakin bu, heç də Türkiyə ilə İsrail arasında onsuz da mürəkkəb olan münasibətlərin daha da pisləşməsinin qarşısını almaq məqsədilə edilməyib. Bunun səbəbini izah edim.
İsrail bu vəziyyətdə göstərdi ki, Azərbaycanla yaxşı münasibətləri qorumaq onun üçün Türkiyəni “qəzəbləndirməməkdən” qat-qat vacibdir.
Benyamin Netanyahu burada siyasi çeviklik nümayiş etdirdi – iki türk xalqına münasibətdə iki fərqli yanaşma. Ankara hazırda İsrailə qarşı ən sərt mövqe tutan ölkələrdən biridir və buna cavab olaraq İsrail hökuməti nümayişkaranə şəkildə “erməni soyqırımı”nın tanınması barədə qərar qəbul etdi.
Lakin Bakı bizim mühüm dostumuz və strateji tərəfdaşımızdır. Buna görə də Xəzər sahilində yerləşən Prezident Administrasiyasından Yerusəlimə (Qüds) telefon zəngi daxil olan kimi, İsrailin Baş naziri həmin qətnamənin Knessetdə müzakirəyə çıxarılmasının qarşısını aldı”, – ekspert bildirib.
Onun fikrincə, İsrailin hazırkı hökuməti bununla göstərdi ki, Bakı müraciət edəndə Yerusəlimdə bu müraciətə diqqətlə yanaşılır.
“Üstəlik, təkcə eşitmirlər, həm də azərbaycanlı dostlarının xahişlərini nəzərə alırlar. Bu, İsraillə Azərbaycan kimi strateji tərəfdaşlar arasında normal dialoq formasıdır.
Mən şadam ki, Knessetdə səsvermənin Xəzər sahillərindən gələn müraciət əsasında gündəlikdən çıxarılması iki ölkə arasındakı dialoqun və tərəfdaşlığın nə qədər möhkəm olduğunu bir daha nümayiş etdirdi. Çünki İranı və onun bütün qonşularını əhatə edən Yaxın Şərqdə hökm sürən xaos fonunda İsrail ilə Azərbaycan arasında sabit əməkdaşlığın dəyəri həqiqətən çox böyükdür”, – Briman vurğulayıb.
Rauf Orucov