Duqinin “üçqütblü dünya” tezisi: Kremlin real planı, yoxsa ideoloji fantaziya?
Ekspert: Rusiyada cəmi bir ideoloq var, o da Vladimir Putindir
20 Yanvar 2026
Kremlə yaxınlığı ilə tanınan filosof və təbliğatçısı Aleksandr Duqin bəyan edib ki, “dünyanın yeni modeli”ndə suveren postsovet dövlətləri mövcud ola bilməz.
Duqin internetdə yayılan çıxışında “üçqütblü dünyanın” formalaşmasından danışır, Rusiyanın bu modeldə “güc mərkəzi”nə çevrilməli olduğunu və ətraf əraziləri nəzarət altına almalı olduğunu deyir.
“Hər şey sürətlə dəyişir, amma bizim məqsədimiz bu üçqütblü dünyada ən mühüm güc mərkəzinə çevrilməkdir – suveren, azad, müstəqil və nəhəng. Bizim nəzarətimiz altına almadığımız bütün ərazilər neytral qalmayacaq, İsveçrə kimi sakit və mehriban qalmayacaq”, – o bildirib.
Daha sonra Duqin faktiki olaraq suverenliyini inkar etdiyi ölkələrin adlarını sadalayıb.
“Ona görə də suveren Ermənistanın, suveren Gürcüstanın, suveren Azərbaycanın, suveren Qazaxıstanın, suveren Özbəkistanın, Tacikistanın, Qırğızıstanın mövcudluğu ilə razılaşmaq olmaz. Bu yeni modeldə heç nə suveren ola bilməz. Bitdi, suverenlik bitdi, milli dövlətlər keçmişdə qaldı. Bu, zibildir”, – o bəyan edib.
Qeyd edək ki, Aleksandr Duqin rus filosofu və publisistdir, neoavroazianın əsas ideoloqlarından biri sayılır.
Duqin dəfələrlə ultramillətçi və radikal baxışlarına görə tənqid olunub. Bir çox tədqiqatçılar və hüquq müdafiəçiləri bu baxışları faşist və ya faşizmə yaxın adlandırırlar. O, “düşmən” dövlətlərə qarşı zorakılığa və onların məhvinə çağırışları, həmçinin anti-liberal, anti-Qərb və anti-Ukrayna ritorikası ilə tanınır. Filosof artıq bir neçə ildir Qazaxıstanda arzuolunmaz şəxs – persona non grata elan edilib.
Eyni zamanda, yayılan şayiələrə görə, Rusiya lideri Vladamir Putinin düşüncə tərzinə məhz bu şəxs ideoloji təsir göstərir.
Xatırladaq ki, daha əvvəl rusiyalı teleaparıcı Vladimir Solovyov ölkəsinin təkcə Ukraynada deyil, yaxın xaricdəki digər dövlətlərdə də “xüsusi hərbi əməliyyat”a başlaya biləcəyini bildirmişdi.
Bəs Duqinin bəyanatlarını Kremlin gələcək planlarının açıq göstəricisi hesab etmək olarmı? Yəni, orada qonşuların suverenliyi hələ də beynəlxalq hüququn bütün normalarına uyğun fakt kimi deyil, “tarixin səhvi” kimi qiymətləndirilir?
Pressklub.az-ın suallarana tanınmış siyasi analitik, “Deutsche Welle”nin köşə yazarı Konstantin Eqqert (Vilnüs) cavab verib.

“Köhnə ətalət qanunlarına uyğun olaraq hələ də Kremlin ideoloqları adlandırılan Aleksandr Duqin, Sergey Karaqanov və Fyodor Lukyanov kimi şəxslərin bəyanatlarına diqqət yetirməzdim. Rusiyada bir nəfərdən başqa heç bir ideoloq yoxdur – o da Vladimir Putindir. O, Ukraynada müharibə ilə məşğuldur, sabah guya Özbəkistanı, Azərbaycanı və ya başqa bir ölkəni işğal edəcəyi barədə danışmaq Duqinin fantaziyasından başqa bir şey deyil.
Çeburaşka (cizgi filmi qəhrəmanı – red.) obrazını ciddi şəkildə hansısa “şeytani siması” kimi müzakirə edən adam ciddi ideoloq ola bilməz. Amma ən başlıcası odur ki, Putin rejiminin ideoloqlara ehtiyacı yoxdur, çünki bütün qərarları əsas ideoloq olan Putin özü qəbul edir. Bu gün mən tam əminəm: onun hələ də postsovet məkanı adlanan ərazilərdə təsirini yaymaq üçün resursları yoxdur”.
Onun fikrincə, bütün bu ölkələr öz yolu ilə gedəcək. “Müstəqil Dövlətlər Birliyi kimi bir qurumun bu günədək mövcudluğu isə sadəcə keçmişin maraqlı qalığıdır. Moskvanın fəal iştirakı ilə keçmiş SSRİ məkanında yaradılmış bütün təşkilatlar “canlı meyitlər”dir və tezliklə öləcəklər”, – Eqqert əmindir.
Rauf Orucov