Logo
news content
User
Kateqoriyalar

Analitika

Dünyanın “doğrulmayan ümidləri”
Hər şey daha ciddidir və dünya daha böyük xaosa sürüklənir

Rusiyanın Ukraynaya qarşı başladığı təcavüzkar müharibə hələ uzun müddət davam edəcək və dünya xaosa doğru sürüklənəcək. Bunu son günlər dünyada baş verən siyasi hadisələr və proseslər də göstərir.

Sözsüz ki, bədbin proqnozlara səbəb olan bu proseslərin başında Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin çoxdan gözlənilən görüşü durur. Məhz Ərdoğanın sentyabrın 4-də Rusiyanın Soçi şəhərinə səfər edərək Putinlə apardığı danışıqlardan sonra vəziyyətin stabilləşəcəyinə olan cüzi ümidlər də yox oldu.

Öncə onu qeyd edək ki, Ərdoğanın səfərini “doğrulmayan ümidlər” adlandırmaq doğru olar. Türkiyə prezidentinin səfəri qarşıya qoyulan əsas məqsədlərin heç birinə çatmadı. Ən əsası isə Vladimir Putin “dostu” Ərdoğanın bütün təkidlərinə baxmayaraq, taxıl sazişinə qayıtmaqdan imtina etdi. Putin, acıq şantaja gedərək, Rusiyaya tətbiq olunan sanksiyaların bir hissəsinin götürülməsini tələb edir. Qərbin isə bu şantaja boyun əyəcəyi az ağlabatandır. Çünki sanksiyalar Rusiyanı gücdən salmaq məqsədi daşıyırsa, təcavüzün davam etdiyi bir zamanda onun ortadan qaldırılması mümkün deyil.

Taxıl sazişinin uzadılmaması hansı nəticəyə səbəb ola bilər? Güman ki, taxıl sazişində maraqlı olan tərəflər uzun müddət Rusiyanın şantajına dözməyəcəklər. Hansısa mərhələdə Rusiya təhlükəsi nəzərə alınmadan tankerlərin hərəkətinə başlana bilər. Daha doğrusu, Qərb Ukraynadan çıxan tankerlərə öz təhlükəsizlik təminatını verə bilər. Bu halda isə bütün Qara dəniz hövzəsi hərbi qarşıdurma zonasına çevriləcək. Belə bir qarşıdurmada Rusiyanın qalib tərəf olacağı kifayət qədər şübhəlidir. 

Görüşdən sonra Putin danışıqların müsbət olduğunu bildirsə də, Ərdoğanın bəyanatında bu optimizmdən əsər-əlamət yox idi. Əksinə, Türkiyə prezidenti bu dəfə hər şeyi öz adı ilə çağırmağa qərar verərək, “Ukraynadakı müharibə üçün üfüqdə sülh görünmür” ifadəsini işlədib. 

İlk gündən diplomatiyanın tərəfdarı olduğumuzu deyirik. Daha çox qan tökülməsinin qarşısını almağa səy göstəririk. Təəssüf ki, il yarım əvvəl başlayan müharibə hələ də davam edir”, - deyə Ərdoğan davam edib. 

Bu sözləri söyləyən Ərdoğan hələ bir müddət öncə Ukrayna və Rusiya arasında danışıqlarda, eləcə də Zelenski və Putin arasında görüş keçirilməsi üçün vasitəçi ola biləcəklərini bildirirdi. İndi isə o, Rusiya rəhbəri ilə danışıqlardan sonra açıq mətnlə müharibənin davam edəcəyini və sülh üçün perspektiv olmadığını deyir. Türkiyə prezidenti sözsüz ki, aparıcı dünya liderləri ilə danışıqlarda, şəxsi və ya digər kanallarla Putinin barışmaz mövqeyinin detallarını onlara çatdıracaq. Görüşdən dərhal sonrakı bəyanat isə bütün dünyaya detalsız çağırış idi – hazır olun, müharibə davam edir və daha ağır olacaq. Müharibənin davam etməsi isə dünyanın daha böyük xaosa sürüklənməsi deməkdir...

Bu arada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun Ukrayna müharibəsi ilə bağlı dediklərinə də diqqət yetirmək lazımdır. O, hazırda dünyada baş verən proseslərin başa çatmayacağını söyləyib: “Əgər kimsə hesab edirsə ki, üçüncü dünya müharibəsi başlamayıb, böyük səhv edir. O, başlayıb və hansısa müddətdə hibrid formada davam edir, indi isə aktiv mərhələyə keçib. Əgər kimsə hesab edirsə ki, bu Rusiya və Ukrayna arasında münasibətlərin müəyyən edilməsidir, səhv edir. Hər şey daha ciddidir”.

Press Klub