Logo
news content
User
Kateqoriyalar

Analitika

Dünya və Avropa futbolunun çöküşü – “Ərəb tələsi”
Azərbaycan klubları da bu təhlükədən qaça bilmədi

Bu yay dünya futbolunda maraqlı tendensiyanın şahidi olduq. Söhbət ulduz futbolçuların Ərəbistana axınından gedir. Avropanın top-klublarında çıxış edən xeyli sayda məşhur oyunçu pulu ambisiyasından üstün tutaraq, ərəblərin fantastik təklifinə "hə" dedi. Təbii ki, hər bir idmançı karyerası ilə bağlı qərar sahibidir və nə zaman, harada olacağını özü müəyyənləşdirir. Ancaq məsələ tendensiya halını alırsa, deməli, burada bir və ya bir neçə futbolçunun deyil, ümumilikdə futbolun taleyi həll olunur.

Dünya praktikasında ulduz futbolçuların karyeralarının son illərində futbol məkanı sayılmayan ekzotik ölkələrə yollanması əvvəllər də olub. Kimisi Avropanı Çin və ya Yaponiyaya, kimisi ABŞ, Kanada və ya Meksikaya, kimisi Avstraliyaya, kimisi də Hindistan və başqa ölkələrə dəyişib. Hətta 2014-cü ildə Hindistan Super Liqasında çıxış edən 8 komandanın hər birinin qarşısında 1 ulduz futbolçu transfer etmək tələbi qoyulmuşdu. Bununla yerli çempionatın reytinqini qaldırmaq istəyirdilər. Həmin plan çərçivəsində Luis Qarsiya, Elano Blumer, Alessandro del Pyero, Rober Pires, Devid Ceyms, Freddi Lyunqberq, Joan Kapdevila və David Trezege kimi ulduzlar hərəsi bir hind klubuna keçmişdi.

Budəfəki durum fərqlidir. Birincisi, heç vaxt birdən-birə bu qədər futbolçu Avropanı tərk etməyib. İkincisi, əvvəllər yaşı 34-35-dən yuxarı olanlar ekzotik ölkələrə getməyə meyl edirdilər. Karyeralarının son illərini yaşadıqlarını və Avropadan sərfəli təklifin gəlməyəcəyini anlayaraq, bu qərara gəlirdilər. Amma bu yay Avropada daha bir neçə il sözünü deyə biləcək 30-32 yaşlı, hətta daha az yaşı olan futbolçular da pulun dalınca qaçdılar.

Ronaldo ilə başlayan…

Ulduz axını zəncirini başladan qışda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçən Kriştianu Ronaldo oldu. Futbol tarixinin ən yaxşılarından biri sayılan portuqaliyalı ötən ilin sonunda “Mançester Yunayted”lə arasındakı narazılıqlara görə komandasını dəyişmək məcburiyyətində qaldı. Avropadan istədiyi təklifi almayan Ronaldoya ərəblər “elçi düşdülər” və danışıqların yekununda CR 7 ildə 200 milyon dollar əməkhaqqı nəzərdə tutan başgicəlləndirici müqaviləyə imza atdı.

Həmin vaxt düşünmək olardı ki, Kriştianunun Ərəbistan macərası çox çəkməyəcək, qısa müddətdən sonra Avropaya qayıdacaq. Ancaq yayda tam əksini izləməyə başladıq. Ərəblər, xüsusən də Səudiyyə Ərəbistanı klubları digər dünya ulduzlarına da “qarmaq atdılar”. Nəticədə bir-birinin ardınca transfer xəbərləri dünya mediasının manşetlərini zəbt etdi. Bu xəbərlərin içində Birləşmiş Ərəb Əmirlikləri və Qətər klublarının da adları çəkildi. Amma əsas “transfer bombaları”nı həyata keçirən, Avropaya və dünyaya meydan oxuyan Səudiyyə Ərəbistanı təmsilçiləri oldu.

Artıq azarkeşlərin diqqət mərkəzində saxladığı liqalardan birinə, ulduz seyrangahına çevrilən Səudiyyə Ərəbistanı Pro Liqasında bu mövsümdən komandaların sayı 16-dan 18-ə qaldırılıb. Heyətlərinə nəzər salsaq, görərik ki, əksəriyyətində tanınmış simalar var.

…Neymar, Benzema və digərləri 

“Əl-Nəsr”: Ronaldonun komandası bu yay Sadio Mane, Marselo Brozoviç, Emerik Lapor, Aleks Telles, Seko Fofana və Otavionu heyətinə qatıb.

“Əl-Əhli”: Bu yay “Mançester Siti”dən Riyad Mahrez, “Liverpul”dan Roberto Firmino, “Çelsi”dən Eduard Mendi, “Atalanta”dan Merih Demiral, “Barselona”dan Frank Kessye, “Roma”dan Rojer İbanyez və “Nyukasl”dan Allak Sent-Maksimin bu komandaya keçib.

“Əl-Hilal”: Mövsümlərarası fasilədə komandanın “sükanı arxası”na “Fənərbaxça”dan ayrılan Xorxe Xesus gətirilib. Həmçinin bu yay PSJ-dən Neymar, “Çelsi”dən Kalidu Kulibali, “Fulhem”dən Aleksandr Mitroviç, “Latsio”dan Sergey Milinkoviç-Saviç, “Vulverhempton”dan Ruben Neves, “Sevilya”dan Yassin Bunu və “Zenit”dən Malkom transfer edilib.

“Əl-İttihad”: Komandanı keçən ildən portuqaliyalı mütəxəssis, “Valensiya”, “Porto”, “Vulverhempton” və “Tottenhem”in sabiq çalışdırıcısı Nuno Espirito Santo çalışdırır. Yayda “Real”dan Kərim Benzema, “Çelsi”dən Nqolo Kante, “Liverpul”dan Fabinyo və “Seltik”dən Jotanı transfer ediblər.

“Əl-İttifaq”: Yayda baş məşqçi postuna “Liverpul”un əfsanəsi Stiven Cerrardı gətirən klub ardınca “mersisaydlılar”ın daha bir sabiq üzvü Cordan Henderson və “Lion”un keçmiş üzvü Mussa Dembeleni heyətinə qatıb. Sabiq “Fənərbaxça”lı Marsel Tisseran da hazırda bu komandadadır.

“Əl-Halic”: 2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinmiş, ardınca “Ərzurumspor” və “Konyaspor”da çıxış etmiş bosniyalı qapıçı İbrahim Şehiç bu yay Səudiyyə Ərəbistanının “Əl-Halic” klubuna keçib. O, hazırda Argentina yığmasının sabiq üzvü Lisandro Lopeslə komanda yoldaşıdır.

Emrelinin keçmiş baş məşqçisi, “Qarabağ”ın sabiq futbolçusu

Səudiyyə Ərəbistanının digər klublarında da futbolsevərlərə tanış adlar var:

“Əl-Fateh”i hazırda Xorvatiya yığmasının, həmçinin Moskva “Lokomotiv”i, “Beşiktaş”, “Vest Hem”, “Vest Bromviç” və “Uotford”un sabiq baş məşqçisi Slaven Biliç çalışdırır. Bu komandada “Barselona”nın keçmiş oyunçusu Kristian Telyo, Belçika millisinin yarımmüdafiəçisi, vaxtilə “Qalatasaray”da çıxış etmiş Ceyson Denayer də oynayır.

“Əl-Riyad” bu yay “Betis”dən Xuanmini icarə əsasında heyətinə qatıb.

“Əl-Şabab”da məşhur futbolçu Ever Baneqa çıxış edir. O, 2020-ci ildən bu komandanın uğurları üçün çalışır.

“Əl-Fayha”da “Qalatasaray”ın sabiq nigeriyalı futbolçusu Henri Onyekuru oynayır. Həmçinin sabiq “Trabzonspor”lu Entoni Nvakaeme də bu komandadadır.

“Damaç”ı hazırda Rumıniya yığmasının sabiq futbolçusu və məşqçisi Kosmin Kontra çalışdırır. "Beşiktaş"dan ayrılan Kevin NKudu bu yay adıçəkilən kluba keçib. 28 yaşlı kamerunlu hücumçu 2 illik müqaviləyə qol çəkib.

“Abha”nı hazırda Çeslav Mixneviç çalışdırır. Mixneviç azərbaycanlı futbol azarkeçlərinə tanış addır. O, Varşava “Legiya”sında Mahir Emrelinin baş məşqçisi olub. Polşa yığmasının üzvü Qjeqoj Krikovyak da “Abha”nın formasını geyinir. Bundan əlavə, “Qarabağ”ın sabiq futbolçusu Uroş Matiç də 2021-ci ildən bu komandanın uğurları üçün çalışır. Rumıniya yığmasında 73 oyun keçirmiş”, “Fiorentina”, “Nant”, “Lion” və “Milan” klublarında da oynamış Çiprian Tataruşanu da hazırda “Abha”dadır.

Yenə gedənlər olacaq…

Həmçinin bu yay Roberto Mançininin Səudiyyə Ərəbistanı millisinin baş məşqçi postuna təyinatı rəsmiləşib. Digər ərəb ölkələrinə də son aylarda xeyli tanınmış futbol adamı üz tutub. Paulu Bentu Birləşmiş Ərəb Əmirlikləri millisinin baş məşqçisi təyin olunub. “Barselona”nın sabiq futbolçusu Andres İnyesta Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" klubuna keçib. Frank de Bur qarşıdakı 2 il ərzində Birləşmir Ərəb Əmirliklərinin "Əl-Cəzirə" komandasını çalışdıracaq. PSJ-nin futbolçusu Abdu Diallo Qətərin "Əl Ərəbi" klubu ilə 4 illik müqavilə bağlayıb.

Ulduzların Ərəbistana axınının qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir. Çünki ərəb klubları daha bir neçə tanınmış futbolçu ilə danışıqları davam etdirirlər. PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Qətərin “Əl-Ərəb”, "Aston Villa"nın yarımmüdafiəçisi Filipp Koutinyo isə "Əl-Duhail" klubuna keçməyə çox yaxındır. Tərəflərin müqavilə şərtlərində razılığa gəldikləri bildirilir. Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun növbəti hədəfləri isə "Liverpul"un hücumçusu Məhəmməd Salah və “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbadır.

Mikelsi “Sabah”ın əlindən aldılar

Gedişat Avropa futbolu adına heç də yaxşı gələcək vəd etmir. Təsadüfi deyil ki, ərəblər kisənin ağzını açdıqları üçün top-klublar belə, aparıcı oyunçularını saxlamaqda çətinlik çəkirlər. Deməli, orta və kiçik büdcəli klubların işi daha ağırdır. Asiya ölkələri, xüsusən də ərəblər bu yay futbolçuların transfer bazarına əməlli təsir etdilər. Bunun əziyyətini bir çox ölkələr kimi, Azərbaycan da çəkdi.

Ötən mövsümün gümüş mükafatçısı “Sabah” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Partizan”la ilk oyundan əvvəl “ərəb səddi”nə ilişdi. Komandanın aparıcı üzvü Coy-Lens Mikels matçdan öncə klub rəhbərliyinə yaxınlaşıb, Səudiyyə Ərəbistanından əla təklif aldığını bildirərək, maaşı artırılmayacağı təqdirdə, getməkdə israrlı olduğunu bildirdi. “Əl-Faysal” klubu Mikelsin müqaviləsində göstərilən təzminat məbləğini ödəməyə hazır olduğunu açıqladı. Danışıqların yekununda “Sabah” almaniyalı hücumçunun gedişinə mane ola bilmədi. Bu yay həmçinin “Neftçi”dən ayrılan gürcüstanlı müdafiəçi Solomon Kvirkvelia Səudiyyə Ərəbistanının “Əl-Oxdud”, “Sumqayıt”dan ayrılan Terrens Tisdell isə Liviyanın “Əl-Əhli” klubuna keçdi. Bundan əlavə, “Qarabağ” Ramil Şeydayevin Asiya ölkəsi Tailanddan aldığı sərfəli təklif qarşısında aciz qaldı.

“Bu, Avropa və dünya futbolunun çöküşü deməkdir”

Bəs yeni futbolçular gətirmək məsələsində Azərbaycan klubları ərəblərin rəqabəti ilə üzləşdimi? Bunu dəqiqləşdirmək üçün Premyer Liqamızda çıxış edən 3 komandanın baş məşqçisi ilə əlaqə saxladıq. “Səbail”in çalışdırıcı Şahin Diniyev old.pressklub.az saytına açıqlamasında yay “transfer pəncərəsi”ndə problem yaşadıqlarını etiraf etdi. O bildirdi ki, ərəblərlə yanaşı, digər Asiya ölkələri tərəfindən də futbola pulun hesabına böyük ziyan vurulur: “Futbolun keyfiyyəti aşağı düşür. Futbol artıq böyük tennis və qolf kimi elit idman növünə çevrilir. Bu, Avropa və dünya futbolunun çöküşü deməkdir. Çünki futbolçular karyeralarını, demək olar ki, bitirərək oraya gedirlər və beyinlərində ancaq pul məsələsi var. Futbolçuları da qınamaq olmaz. Onların futbol ömrü çox qısadır. Artıq maliyyə balansı pozulub. Əvvəlki illərdə də belə halların şahidi olurduq, amma bu dərəcədə deyildi. Konkret çalışdırdığım “Səbail”ə gəlincə, şahidi olduğum iki belə hal yaşadıq”.

“Gördük ki, Ərəbistandan 250 min dollarlıq təklif alıb”

Diniyev, adlarını açıqlamasa da, iki xarici futbolçu ilə ilkin razılığa gəldiklərini, lakin son anda ərəblərin həmin oyunçuları əllərindən aldıqlarını qeyd etdi: “Biri Fransa liqasında çıxış edən futbolçu idi. Bizim menecerlərlə onların menecerləri arasında danışıqlar gedirdi, artıq hər şey tamamlanmışdı. Müqavilə də yollamışdıq və qol çəkmişdilər. Sadəcə, qayda belədir ki, müqavilə futbolçunun yeni klubunda tibbi müayinədən keçməsindən sonra qüvvəyə minir. Məbləği də açıqlaya bilərəm. Bir mövsüm üçün 100 min dollarlıq müqaviləyə razılaşmışdıq. Di gəl, bir axşamın içində həmin futbolçu bizə yeni müqavilə göndərdi. Gördük ki, Ərəbistandan 250 min dollarlıq təklif alıb. Artıq onu transfer etmək bizim üçün qeyri-mümkün idi. Məcburən geri çəkildik”.

130 minlik futbolçuya 400 minlik təklif

Təcrübəli mütəxəssisin sözlərinə görə, bəyəndikləri digər futbolçu isə Portuqaliyada oynayırmış: “Onunla illik 130 min dollara razılaşmışdıq. Danışıqlar tamamlanmışdı, gəlişini gözləyirdik. Ərzurumda keçirdiyimiz təlim-məşq toplanışına qatılmalıydı. Birdən agenti bizə başqa müqavilə göndərdi. Baxdıq ki, həmin futbolçuya Ərəbistandan 400 min dollarlıq müqavilə təklif ediblər. Biz həmin müqavilənin qarşısında aciz qaldıq. Bax, ərəblərin futbola pul yatırımı ilə bağlı başımıza bu iki hadisə gəldi. İndi görün, Avropaya, böyük klublara necə təsir edir… Artıq Avropanın böyük klubları üçün də futbolçuları saxlamaq çox çətindir. Onlarla yanaşı, digər ölkələr, elə biz də çox çətin duruma düşmüşük. Daha futbol ticarətə çevrilib. Futbola Avropada, dünyada olan sevgi yavaş-yavaş azalacaq. Təsəvvür edin ki, bu gedişlə böyük futbolçuları Avropanın klub liqalarında yox, ancaq millilərin heyətində görə biləcəyik. Belə olan halda isə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının imici, keyfiyyəti aşağı düşəcək”.

“İstər-istəməz razılaşırlar, çünki karyeraları qısa olur”

Növbəti həmsöhbətimiz “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov oldu. İstedadlı mütəxəssis tək Ərəbistan ölkələri deyil, ümumən Asiya klublarının futbolçu bazarında qiymətlərin qalxmasına səbəb olduğunu vurğuladı: “Əvvəl Avropanın böyük klublarına transfer olunan oyunçuların qiyməti çox olurdusa, bu gün görürük ki, ulduzlar Asiyaya, ərəb klublarına üz tuturlar. Nəticədə həm yüksək, həm də orta səviyyəli futbolçuların qiyməti qalxıb. Azərbaycan çempionatından götürsək, Ramil Şeydayevin Tailand klubuna keçidini, Coy-Lens Mikelsin və Solomon Kvirkvelianın ərəb klublarına gedişini nümunə göstərmək olar. Bu futbolçuların transfer qiymətlərinə baxanda aydın olur ki, fantastik məbləğdə təkliflər alıblar. Futbolçular da istər-istəməz razılaşırlar. Çünki karyeraları çox qısa olur. Belə bir təklifi bundan sonra heç vaxt ala bilməyəcəklərini anladıqları üçün orada oynamaq istədiklərini bildirirlər. Gedişatın qarşısını almaq olmur”.

“Ərəblərə görə futbolçu qiymətləri çox qalxıb”

Abbasovun sözlərinə görə, onlar da bu yay transferlər edərkən ərəblərin varlığını əməlli hiss ediblər: “Təklifi olmayan hansısa bir futbolçunu bəyənirik, heyətimizə qatmaq istəyirik. Amma son anda görürük ki, ərəb klublarından və ya Tailanddan, Malayziyadan ona 2-3 dəfə çox pul təklif edirlər. Bu da futbolçuların həmin klubları seçməsinə səbəb olur. Çox maraqlıdır ki, bu tendensiya nə qədər çəkəcək? Ərəb, Asiya klubları səs-küylü transferlərlə öz çempionatlarını maraqlı etmək istəyirlər. Ərəblərə görə futbolçu qiymətləri çox qalxıb. Bu isə əsasən kiçik klublara zərərdir. Çünki maliyyəsi az olan klublar artıq rahatlıqla transfer edə bilmirlər. Amma məsələnin digər tərəfi də var. Ərəblərin transferlərə böyük pullar xərcləməsi həmin futbolçuları satan klubların pul qazanması deməkdir. Klubların böyüməsi üçün bu da lazımdır”.

“Oyunçudan keçə bilməyəndə risk etmək məcburiyyətində qalırsan”

Mikelsin “Sabah”dan gedişi onu göstərdi ki, klublarımız futbolçularla müqavilə bağlayarkən təzminat məsələsində ehtiyatlı davranmalıdırlar. Abbasovun sözlərinə görə, bu məsələ təkcə klubun istəyindən asılı olmur: “Klub futbolçu ilə danışıq aparanda hər iki tərəf şərtlərini irəli sürür. Bəzi futbolçular müqaviləyə müəyyən məbləğ qarşılığında buraxılacağını göstərən bəndin salınmasını istəyirlər. Sən də oyunçudan keçə bilməyəndə o riski etmək məcburiyyətində qalırsan. Bizim klubda da bəzi futbolçular müqavilələrinə sərbəstqalma məbləği əlavə ediblər. Bu, normal haldır. Amma bütün futbolçulara aid deyil. Mövsüm ərzində 1-2 futbolçu ilə bu formada müqavilə bağlanılır”.

“Bütün klublar bunun əziyyətini çəkəcək”

Ötən mövsüm “Qəbələ”yə Azərbaycan Kubokunu qazandırmış Elmar Baxşıyev də mövzu ilə bağlı fikirlərini bildirdi. O, yay “transfer pəncərəsi”ndə ərəb klubları ilə üz-üzə qalmadıqlarını desə də, futbolçuların qiymətində süni bahalaşmanın olduğunu təsdiqlədi: “Ərəblərin futbola böyük pullar ayırması yay transferlərində bizim kluba o qədər də təsir etmədi. Yəni hansısa ərəb klubu transferlərdə bizə rəqib olmadı. Dünya futbolunda belə hallar həmişə yaşanıb. Bu transferlərin hesabına, ulduz futbolçuların gəlişi ilə Asiya liqalarında da futbola maraq artmaqdadır. Futbolçuları da anlayışla qarşılamaq lazımdır, belə şərtlərə “yox” deyə bilmirlər. Amma razıyam ki, əvvəlki illərlə müqayisədə dünya futbolunda oyunçuların qiymətində süni bahalaşma var. Təbii ki, bu, bizim ürəyimizcə deyil. Nəinki “Qəbələ”, bütün klublar bunun əziyyətini çəkəcək. Aşağı büdcəli klublar üçün mövcud vəziyyət əlverişli deyil. Lakin bir neçə ulduz futbolçunun Ərəbistana gedişi Avropa futbolunun səviyyəsini aşağı salmayacaq. Avropada futbol həmişə üst səviyyədə qalacaq”.

Həmsöhbətlərimizlə danışıqlardan da aydın olur ki, ərəblərin strategiyası Avropa və dünya futbolu üçün heç də yaxşı şey vəd etmir. Bu tendensiya davamlı olsa, yəni qarşıdakı transfer dövrlərində də təkrarlansa, futbol nüfuzunu itirə bilər. Burada əsas məsələ ulduz futbolçuların üzərinə düşür. Aydın məsələdir ki, fantastik təkliflərdən imtina etmək heç də hər kişinin işi deyil. "Əl-Hilal"ın yeni transferi Neymar da mövcud tendensiyanın Kriştianu Ronaldo ilə başlandığını deyib: “Ronaldo "Əl-Nəsr"ə keçəndə hamı onu “dəli” adlandırırdı. Amma bu gün görürük ki, liqa getdikcə böyüyür”.

“Ərəb tələsi”nə düşməyənlər

Neymarın da dediyi kimi, Səudiyyə Ərəbistanı Pro Liqası böyüməkdədir. Əvəzində futbol kiçilir, cılızlaşır. Avropada hələ də sözünü demək gücündə olan ulduzlar futbolun inkişafı naminə ambisiyalarından vaz keçməməli, “ərəb tələsi”nə düşməməlidirlər. Yaxşı ki, pulun iyinə Ərəbistana qaçmayan ulduzlar da oldu. Toni Kroos, Robert Levandovski, Leon Qoretska, Paulo Dibala və Romelu Lukaku Səudiyyə Ərəbistanından gələn fantastik təklifləri rədd etdi və ərəb futbolu layihəsinə qoşulmaq istəmədi. Ümid edək ki, onlar kimi düşünən futbolçuların sayı artacaq və Avropa futbolu tənəzzülə uğramayacaq…

Rizvan BABAYEV