Dublin Bəyannaməsi – A-dan B-yə qədər
Böyük Britaniya və Azərbaycan münasibətləri yeni səviyyəyə qaldırır, amma...
13 Noyabr 2026
Noyabrın 12-də Dublin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanmış "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" iki ölkə arasındakı münasibətləri tamamilə yeni, gələcəyə hesablanmış və şaxələndirilmiş paradiqmaya daşıyan fundamental siyasi-hüquqi sənəddir.
Ötən 30 ildən artıq dövrdə əsasən karbohidrogen ehtiyatları (AÇG və Şahdəniz layihələri) və ənənəvi diplomatik əlaqələr üzərində qurulan tərəfdaşlıq, bu sənədlə keyfiyyətcə tamamilə fərqli mərhələyə qədəm qoyur. Bu sənədin ən mühüm geosiyasi xüsusiyyətlərindən biri odur ki, Birləşmiş Krallıq Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında Ukrayna və Qazaxıstandan sonra Azərbaycan Respublikası ilə belə ali səviyyəli və hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalayır. Bu, Londonun Cənubi Qafqazda məhz Azərbaycanı əsas, etibarlı və aparıcı strateji tərəfdaş olaraq gördüyünün əyani sübutudur.
Dublin Bəyannaməsini əvvəlki onilliklərin sənədlərindən fərqləndirən əsas məqam yeni əməkdaşlıq sahələrinin ilk dəfə bu səviyyədə rəsmiləşdirilməsidir. Belə ki, ikitərəfli münasibətlərdə hərbi əməkdaşlıq uzun müddət sülhməramlı əməliyyatlar və təlimlərlə məhdudlaşmışdı. Bəyannamə, ilk dəfə olaraq, müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslərin araşdırılması istiqamətində konkret öhdəliklər ehtiva edir.
Paralel olaraq, neft-qaz erasından sonra tərəflər əməkdaşlığın oxunu "qara qızıl"dan yaşıl enerjiyə çevirirlər. Bərpa olunan enerjinin inkişafı, aşağı karbonlu texnologiyalar, sıfır tullantı hədəfləri və yaşıl maliyyələşdirmə mexanizmləri sənədin iqtisadi sütununun mərkəzində dayanır.
Qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı dövrdə sənəddə Orta Dəhlizin inkişafına, sərhədyanı ticarəti və nəqliyyat logistikasını asanlaşdıran infrastruktur layihələrinə strateji dəstək verilməsi Azərbaycanın Avrasiya məkanında əsas nəqliyyat habı kimi rolunu möhkəmləndirir.
Müasir iqtisadiyyatın və rəqabətliliyin tələblərinə cavab olaraq, sənəddə elmi-texniki əməkdaşlıq tamamilə yeni müstəviyə qaldırılıb. Belə ki, süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsi, həmçinin universitetlər, tədqiqat institutları və sənaye subyektləri arasında birgə tərəfdaşlıqlar təşviq edilir.
Bununla yanaşı, ali təhsil, peşə hazırlığı, eləcə də həyat elmləri sahəsində birgə tədqiqatlar gələcək iqtisadi dayanıqlılığın təməli kimi müəyyənləşdirilib. Həmçinin vətəndaş cəmiyyətləri və peşəkar şəbəkələr arasında qarşılıqlı mübadilələr xalqlar arasında dostluq körpülərini daha da genişləndirir.
Onu da qeyd edək ki, təhlükəsizlik və iqtisadi sabitlik anlayışı sənəddə institusional islahatlarla dəstəklənir:
Qanunun aliliyi, hüquq-mühafizə orqanları arasında tərəfdaşlıq, sərhəd idarəçiliyi, eləcə də məhkəmə-hüquq sahəsində əməkdaşlığın formalaşdırılması regional təhlükəsizliyin qorunmasında vacib elementdir.
Maliyyə sektorunun şəffaflığı, beynəlxalq bazarlara çıxışı, kiçik və orta biznesin (KOB) inkişafı və investisiya maliyyələşdirilməsi istiqamətində maliyyə qurumları arasında dialoqun dərinləşdirilməsi nəzərdə tutulur.
Bəyannamədə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinə xüsusi istinad edilməsi və Böyük Britaniyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə qəti dəstəyi Cənubi Qafqazda davamlı sülhün qlobal səviyyədə legitimliyini təsdiqləyir.
Sənəddə BMT Nizamnaməsi ilə yanaşı, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqlik bir daha qəti şəkildə bəyan olunur.
Beləliklə, Dublin Bəyannaməsi ikitərəfli münasibətlərin çərçivəsini qat-qat aşaraq, Azərbaycan ilə Birləşmiş Krallıq arasında gələcək onilliklərin qlobal çağırışlarına cavab verən çoxşaxəli "yol xəritəsi"dir. Bu sənədin dərin təhlili bir neçə fundamental geosiyasi və iqtisadi nəticəni ortaya qoyur:
Birləşmiş Krallığın MDB məkanında Ukrayna və Qazaxıstandan sonra Azərbaycanla bu səviyyədə hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalaması Bakının Qərb dünyasındakı unikal diplomatik çəkisini, müstəqil xarici siyasət kursunun uğurunu və Londonun Cənubi Qafqazdakı əsas istinad nöqtəsi olduğunu birmənalı şəkildə təsdiqləyir.
AÇG və "Şahdəniz" layihələri ilə qurulan ənənəvi karbohidrogen tərəfdaşlığı inkar edilmir, əksinə, daha da möhkəmləndirilərək yaşıl enerji keçidi, aşağı karbonlu texnologiyalar, yaşıl maliyyələşdirmə və Orta Dəhliz kimi qlobal əhəmiyyətli logistik layihələrlə sintez olunur. Bu, Azərbaycanın təkcə enerji təminatçısı deyil, həm də gələcəyin yaşıl texnologiyalar və tranzit habı kimi rolunu qətiyyətlə möhkəmlədir.
Sənəddə həmçinin müdafiə sənayesi sahəsində birgə təşəbbüslərin, süni intellektin (AI), rəqəmsal idarəetmənin və hüquqi-institusional islahatların yer alması iki ölkə arasındakı əməkdaşlığın artıq dərin təhlükəsizlik və innovasiya səviyyəsinə yüksəldiyini göstərir.
Bəyannamədə təsbit olunan illik Strateji Tərəfdaşlıq görüşləri mexanizmi sənədin kağız üzərində qalan siyasi bəyannamə deyil, hər il konkret nəticələrlə ölçülən dinamik bir proses olacağını təmin edir.
Nəticə etibarilə, Dublin Bəyannaməsi Azərbaycanın milli maraqlarına tam cavab verən, regional sabitliyi və sülhü dəstəkləyən, eyni zamanda qlobal miqyasda qabaqcıl texnologiyalar və iqtisadi şaxələndirməni hədəfləyən müasir dövrün ən mühüm strateji sənədlərindən biri kimi tarixə düşür.
Politoloq Fərhad Məmmədov Böyük Britaniya ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsinə dair Pressklub.az-a şərhində bildirib ki, bu sənəd çoxdan imzalanmalı idi. O qeyd edib ki, Böyük Britaniya Avropa İttifaqından çıxandan sonra ikitərəfli qaydada bu münasibətləri daha yüksək səviyyəyə qaldıra bilərdi və Azərbaycan hər zaman buna hazır olub. Politoloq xatırladıb ki, 44 günlük müharibədən və 2023-cü ildəki antiterror əməliyyatından sonra Avropanın bəzi ölkələri ilə oxşar sənədlərin imzalanması həmin dövrə təsadüf etdiyi halda, Böyük Britaniya Azərbaycan ilə ən sıx əlaqələrə və münasibətlərə malik dövlət olaraq bu tarixləri gözləməməli idi.
Fərhad Məmmədov vurğulayıb ki, əlbəttə, Avropa ölkələri ilə imzalanan bu cür sənədlər Azərbaycan üçün çox vacibdir, çünki Avropada anti-Azərbaycan qüvvələrə qarşı həmin ölkələrin çıxış etməsi və bu cür təşəbbüsləri neytrallaşdırması istiqamətində mühüm fəaliyyət göstərilib. Digər tərəfdən, politoloq hesab edir ki, Azərbaycan belə strateji tərəfdaşlıqlardan daha çox qazanmalıdır: “Biz tarixə baxsaq görərik ki, Böyük Britaniya və onun şirkətlərinin Cənubi Qafqazdakı siyasəti məhz Azərbaycan üzərində qurulmuşdu və demək olar ki, istədiklərinə nail olmuşdular. Çünki Azərbaycan öz öhdəliklərinə hər zaman məsuliyyətlə yanaşan dövlətdir.”
O düşünür ki, Böyük Britaniya Azərbaycana bundan daha çox dəstək verə bilərdi və etməli idi. Politoloqun sözlərinə görə, azad ticarətlə bağlı sənəd çoxdan imzalanmalı, Azərbaycan vətəndaşlarına sadələşdirilmiş viza qaydaları tətbiq edilməli, əmək miqrasiyası ilə bağlı Azərbaycana kvota verilməli, hazırda qeyd olunan hərbi sənaye və texnoloji mübadilə məsələləri isə çoxdan qəbul edilməli idi ki, bunun üçün Böyük Britaniyanın hər hansı məhdudiyyəti yox idi. O, əlavə edib ki, indi bu istiqamətdə razılaşmaların əldə olunması və bunların niyə əvvəlcədən mövcud olmaması suallar doğurur.
Eyni zamanda, politoloq diqqətə çatdırıb ki, Böyük Britaniyada həm hökumətin maliyyələşdirdiyi KİV-lər, həm də hökumətin birbaşa dəstəyi olan media qurumları Azərbaycana qarşı kampaniyalarda fəal iştirak edib və bu məsələyə də xüsusi diqqət yetirilməlidir.
Fərhad Məmmədov son iki il ərzində Böyük Britaniyanın Cənubi Qafqazdakı fəallığının Azərbaycandan daha çox Ermənistanda müşahidə olunduğunu bildirib: “Orada dövlət institutlarının qurulmasında Böyük Britaniya çox fəal rol oynamağa başlayıb, ələlxüsus, Rusiyaya qarşı fəaliyyətlərdə. Bu da öz növbəsində Cənubi Qafqaz regionunun Böyük Britaniya-Rusiya mübarizə meydanına çevrilməsinə gətirib çıxara bilər. Ermənistana Azərbaycana nisbətən daha çox diqqət yetirilir ki, bu da sözün doğrusu, suallar doğurur.”
Sonda politoloq qeyd edib ki, Böyük Britaniya rəhbərliyi Azərbaycana səfərlərlə bağlı fəallıq göstərmir: “Böyük Avropa ölkələrinin rəhbərləri Bakıya gəlirlər, Böyük Britaniyanın baş naziri isə Azərbaycana ancaq beynəlxalq tədbirlərdə – COP29-da gəlmişdi”.
Turqut