Donbasın açılmayan düyünü – Rusiya geri çəkiləcəmi?
Ekspert danışıqların dalana dirəndiyini etiraf edir
29 Yanvar 2026
ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya ilə Ukrayna arasında sülh sazişinin bu ilin 15 may tarixinədək bağlanacağını gözləyirlər. Bu barədə Ukrayna Ali Radasının “Avropa həmrəyliyi” fraksiyasından olan deputatı Aleksey Qonçarenko məlumat verib. Onun sözlərinə görə, əgər razılaşma əldə olunmasa, ABŞ danışıqlar prosesindən çıxacaq və bu mövzudan tamamilə imtina edəcək.
Qonçarenko bildirib ki, belə bir vaxt çərçivəsinin müəyyənləşdirilməsinin əsas səbəbi noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləridir. Əgər Tramp bu seçkilərə qədər münaqişəni həll edə bilməsə, bu, respublikaçıların demokratlar tərəfindən tənqid edilməsinə əsas verəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Ukrayna üzrə sülh planını ilk dəfə məhz Qonçarenko dərc edib. Həmin plan 28 bənddən ibarət olsa da, Kiyev və Vaşinqton arasında aparılan məsləhətləşmələrdən sonra ixtisar edilib. Yekun versiya ABŞ nümayəndə heyəti tərəfindən Rusiya prezidenti Vladimir Putinə təqdim olunub. Bundan sonra 23–24 yanvar tarixlərində Əbu-Dabidə ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə ilk üçtərəfli danışıqlar keçirilib. Lakin görüş zamanı tərəflər ərazi məsələsi üzrə razılığa gələ bilməyiblər.
Putin müharibənin başa çatması üçün Ukraynadan Donbasın Rusiya ordusu tərəfindən işğal olunmayan ərazilərindən çıxmasını tələb edir. O, bu tələbi avqustda Alyaskada Trampla görüşü zamanı da təkrarlayıb. Ukrayna prezidenti Vladimir Zelenski isə Kiyevin heç bir halda Donbasın nəzarətlərində qalan ərazilərindən imtina etməyəcəyini bəyan edib.
“The New York Times” nəşrinin məlumatına görə, Vaşinqton kompromis variant kimi Donbasda neytral qüvvələrin yerləşdirilməsini və Ukrayna ilə Rusiya qoşunlarının çıxarılmasını müzakirə edib. Lakin Moskva bu ssenarilərin hamısını rədd edib. Kreml bildirib ki, Ukrayna ərazilərinin danışıqlar nəticəsində Rusiyaya verilməsi razılaşdırılmasa, Moskva bu ərazilərin hərbi yolla işğalına davam edəcək.
Öz növbəsində “The Financial Times”ın məlumatına görə, Tramp administrasiyası Ukraynaya bildirib ki, əgər Kiyev Donbasın Rusiyaya verilməsi ilə razılaşmasa, ABŞ təhlükəsizlik zəmanətləri təqdim etməyəcək. Eyni zamanda, nəşrin ABŞ-ın mövqeyinə yaxından bələd olan mənbəsi qeyd edib ki, Vaşinqton “Ukraynaya heç bir ərazi güzəştini zorla qəbul etdirməyə çalışmır”. Onun sözlərinə görə, ABŞ bildirib ki, təhlükəsizlik zəmanətləri hər iki tərəfin sülh sazişi ilə bağlı razılaşmasından asılıdır, lakin sazişin məzmunu “Rusiya və Ukraynanın öz işidir”.
Öz növbəsində Ağ Ev ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətlərini Kiyevin ərazi güzəştlərinə bağladığı barədə yayılan məlumatları təkzib edib.
“Bu, tamamilə yalandır. ABŞ-ın sülh prosesində yeganə rolu iki tərəfi bir araya gətirmək və razılaşmanın əldə olunmasına kömək etməkdir”, – Ağ Evin mətbuat katibinin müavini Anna Kelli “The Financial Times” qəzetinə açıqlamasında deyib.
Bu həftənin sonunadək tərəflərin Əbu-Dabidə daha bir görüşü planlaşdırılıb. Lakin yaranmış vəziyyət fonunda sual ortaya çıxır: sülh danışıqlarının perspektivi artıq indidən dalana dirənməyib? Axı əsas məsələ – ərazilərin döyüşsüz təhvil verilməsi mövzusunda Moskva və Kiyevin mövqeləri dəyişməz olaraq qalır. Əgər bu istiqamətdə irəliləyiş baş verməsə, Vaşinqtonun vasitəçi rolundan tamamilə geri çəkilməsi mümkündürmü?
Pressklub.az-ın suallarını cavablandıran Ukraynanın “Penta” Siyasi Araşdırmalar Mərkəzinin direktoru Volodimir Fesenko öncə onu qeyd edib ki, deputat Aleksey Qonçarenkonun açıqlamalarını mütləq etibarlı informasiya kimi qəbul etmək doğru deyil. Onun sözlərinə görə, Qonçarenkonun “özəl xəbərlərinin” böyük hissəsi sonradan təsdiqini tapmır.

“28 bənddən ibarət sülh planı ilə bağlı “sızma” məqsədli xarakter daşıyırdı. Həmin vaxt Qonçarenkodan sadəcə bu məlumatın yayılması üçün formal olaraq müstəqil kanal kimi istifadə olunmuşdu. Trampın mövqeyi ilə bağlı xəbərləri Ukrayna parlamentinin deputatında yox, Amerika mənbələrində axtarmaq lazımdır.
ABŞ tərəfinin danışıqlardan çıxması mümkündürmü? Mümkündür! Vaşinqton əvvəllər də danışıqlar dalana dirənəndə dəfələrlə belə edib. Buna baxmayaraq, sülh danışıqları davam edirdi, çünki bu hədələr real niyyətdən çox Rusiya və Ukraynaya təzyiq forması idi. Üstəlik, bu cür hədələr ukraynalı deputatın “özəl xəbəri” formasında yox, açıq şəkildə, o cümlədən Trampın özü tərəfindən səsləndirilirdi. Tramp tərəfindən hədələr dəfələrlə elan olunub və əksər hallarda onlar işləməyib”, – Fesenko xatırladıb.
Ekspert hesab edir ki, hazırda danışıqlar prosesində böhran yoxdur. “Əksinə, danışıqlar keyfiyyətcə daha yüksək mərhələyə keçib. İlk dəfədir ki, bu proses ABŞ-ın əvvəlki kimi Rusiya ilə ayrıca, Ukrayna ilə ayrıca apardığı “individual diplomatiya” formasında yox, üçtərəfli formatda birbaşa danışıqlar şəklində aparılır. Hər üç tərəf üçün bu danışıqlar sadəcə “danışıqlar naminə danışıqlar” deyil. Bu, ciddi danışıqlar prosesidir. Bunu bütün tərəflərin nümayəndə heyətlərinin yüksək və ciddi tərkibi, o cümlədən danışıqlarda yüksək rütbəli hərbi rəhbərlərin iştirakı təsdiqləyir. Biz bilirik ki, danışıqlarda təkcə ümumi siyasi məsələlər yox, hərbi əməliyyatların dayandırılması ilə bağlı konkret texniki mövzular və Trampın sülh planının icrasına dair ayrı-ayrı məsələlər də müzakirə olunub. Bu, bir müddət sonra çox lazım olacaq”, – ekspert qeyd edir.
Bununla belə, Fesenko yaxın perspektivdə konkret nəticələrin əldə olunacağını gözləməyi düzgün saymır. “Donbas məsələsində vəziyyət həqiqətən də dalan vəziyyətindədir. Əgər Rusiya öz ultimativ tələblərində israr edərsə, danışıqlarda irəliləyiş olmayacaq. Amma Putin perspektivdə Trampla danışıqlarda maraqlıdır. Məhz buna görə Əbu-Dabidə danışıqlar başlayıb və potensial olaraq müharibənin başa çatdırılması üçün müəyyən – çox böyük olmasa da – imkan pəncərəsi yaranıb. Lakin bu, indi yox, daha sonra baş verə bilər. Nə vaxt olacağını isə hazırda demək mümkün deyil.
Rusiyanın mövqeyi daha çevik olmasa, mövcud sülh danışıqları yenidən dalana dirənə bilər. Hazırda danışıqlarda dalan yoxdur, amma müəyyən müddətdən sonra onun yaranması tamamilə mümkündür. Amma bu da ABŞ-ın iştirakı ilə danışıqların tam dayandırılması anlamına gəlməyəcək. ABŞ-ın Ukrayna–Rusiya müharibəsinin dayandırılması üzrə danışıqlardan çıxması ABŞ və prezident Tramp üçün siyasi məğlubiyyət olardı”, – Volodimir Fesenko yekunlaşdırıb.
Rauf Orucov