Dezinformasiya, yoxsa... – Ukrayna Krıma desant çıxarmağa hazırlaşır?
Rusiyapərəst kanallardan birində yayılan məlumatın nəyə hesablandığı maraq doğurur
03 İyul 2026
Ukrayna Silahlı Qüvvələri Krımın şimal-qərb sahillərinə hava desantı çıxarmağı planlaşdırır. Bu barədə “Xerson Müqaviməti” Telegram kanalı Xerson, Nikolayev və Odessa vilayətlərindəki hərbi mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, söhbət hava-desant əməliyyatından gedir.
“Ukrayna Silahlı Qüvvələri Krımın qərb sahillərinə desant çıxarmaq imkanını nəzərdən keçirir və bunun üçün Oçakov və Odessada ehtiyat qüvvələr toplayır. Həmin bölgələrə Latın Amerikasından olan muzdlular gətirilir. Onlar əvvəllər sudan desant çıxarma üzrə hazırlığın keçirildiyi dəniz piyadalarının təlim mərkəzlərində yerləşdirilir. Belə mərkəzlərə Nikolayevdə Hərbi Dəniz Qüvvələrinin 198-ci Tədris Mərkəzinin bazasında fəaliyyət göstərən dəniz piyadaları üçün təlim və rekrutinq mərkəzi, 241-ci Dəniz Piyadaları Tədris Mərkəzi və digər obyektlər daxildir”, – məlumatda deyilir.
İddia olunur ki, Ukrayna Baş Qərargahı bu əməliyyatı artıq iyul ayında keçirməyi planlaşdırır. Baş Qərargah hesab edir ki, “Xerson vilayətində Dnepr çayı üzərindən əks-hücum mövzusunun geniş təbliğ olunmasına baxmayaraq”, Rusiya Krımda taktiki hava desantının qəfil endirilməsinə hazır olmayacaq.
Telegram kanalının yazdığına görə, Ukrayna hərbi strateqləri hesab edirlər ki, Rusiya diqqəti Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin sağ sahilində cəmləşən bölmələrinə yönəldəcək və nəticədə Krıma desant çıxarılmasını vaxtında aşkar edə bilməyəcək. Hazırda Dnepr-Buq limanı ətrafında hərbi qüvvələrin cəmləşməsinin artdığı müşahidə olunur. Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Stanislav, Aleksandrovka, Sofiyevka, Dneprovskoye və ətraf kəndlərdə yerləşdirilir. Eyni zamanda, Nikolayev və Odessa vilayətlərində də Ukrayna hərbçilərinin sayı artırılır. Kanalın qənaətinə görə, görünür, Volodimir Zelenski Kursk ssenarisini bu dəfə Krımda təkrarlamağı planlaşdırır.
Bu məlumatlara əsasən, Ukrayna artıq cari ayda Krımın azad edilməsi əməliyyatına başlamağı planlaşdırır. Bəs bu məlumatlar reallığı nə dərəcədə əks etdirir? Onlara hansı qiyməti vermək olar?
Tanınmış ukraynalı analitik, Kiyevdə fəaliyyət göstərən “Strategiya XXI” mərkəzinin hərbi eksperti Pavlo Lakiyçuk məsələ ilə bağlı Pressklub.az-a açıqlama verib.

O, ilk növbədə, bunun açıq-aşkar xüsusi informasiya-psixoloji əməliyyatı olduğunu bildirib.
“Birincisi, mesajın özünü qiymətləndirək. Taktiki hava və dəniz desantı əsas qüvvələrin cəbhədən irəliləməsinə dəstək məqsədi daşıyan köməkçi əməliyyatdır. Belə desantın məqsədi düşmənin taktiki dərinliyində və arxa cəbhəsində mühüm obyektləri sürətlə ələ keçirmək və əsas qüvvələr çatana qədər onları nəzarətdə saxlamaqdır. Desantın vəzifələrinə düşmənin müdafiəsinin dərinliyində idarəetmə, rabitə və logistika sisteminin pozulması, yol qovşaqlarının, keçidlərin və ya plasdarmların əsas qüvvələr gələnədək tutulub saxlanılması, eləcə də düşmən ehtiyatlarının operativ şəkildə döyüşə daxil olmasının və ya geri çəkilən qüvvələrinin geri çəkilmə marşrutlarının bağlanması daxildir. Desant əməliyyatının icra müddəti resursların məhdudluğu səbəbindən adətən yarım sutkadan bir sutkayadək olur. Bəs iyul ayında Krımda endiriləcəyi iddia olunan “qəfil taktiki hava desantı” bu müddət ərzində nə edəcək və nə qədər davam gətirəcək?
İkincisi, məlumatın mənbəyini qiymətləndirmək lazımdır. “Xerson Müqaviməti” işğaldan azad edilmiş Xersonda guya gizli Rusiyapərəst hərəkat kimi təqdim olunsa da, əslində Rusiyanın tanınmış təbliğat resursudur. Bu kanal Rusiya xüsusi xidmət orqanları və kollaborasionistlər tərəfindən informasiya-psixoloji əməliyyatlar aparmaq məqsədilə idarə olunur. Yeri gəlmişkən, “Xerson Müqaviməti” may–iyun aylarında da Krımda Ukrayna dəniz desantı ilə bağlı analoji mövzunu geniş tirajlayırdı. Onların iddiasına görə, “Ukrayna Baş Qərargahı əməliyyatı artıq iyun ayında keçirməyi planlaşdırırdı”. Buna cavab olaraq Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü, II dərəcəli kapitan Dmitri Pletençuk istehza ilə belə demişdi: «Ümid edirəm ki, belə desantlar hələ olacaq. Mən, belə bir əməliyyat baş tutacağı təqdirdə, şəxsən desanta qatılmaq üçün adımı yazdırmışam”, – ekspert bildirib.
O, yayılan məlumatın detallarının da diqqət çəkdiyini qeyd edib.
“Müəyyən təlim hərbi hissələrinə istinad edilməsi, Dnepr-Buq limanının sahilində yerləşən yaşayış məntəqələrinin adlarının çəkilməsi bu dezinformasiyaya “etibarlılıq” görüntüsü vermək məqsədi daşıyır. Lakin cənub cəbhəsindəki vəziyyətdən az-çox xəbəri olanlar üçün məhz bu “xırdalıqlar” dezinformasiyanın əlamətidir. Rusiya təbliğatının ən sevimli klişelərindən biri olan “Latın Amerikasından olan muzdlular” barədə iddialar isə bunu daha da aydın göstərir. İnanın, Krımda istər dəniz, istərsə də hava desantı əməliyyatı keçiriləcəyi təqdirdə, bu, yalnız Krımın işğaldan azad olunması üçün zəruri şərait formalaşdıqdan sonra həyata keçiriləcək genişmiqyaslı hərbi əməliyyatın vahid planının bir hissəsi olacaq. Bu məsələyə ordumuz Armansk–Novoalekseyevka xəttinə çıxa bilsə yenidən qayıdarıq”, – Lakiyçuk yekunlaşdırıb.
Rauf Orucov