“Dağılırsa, qoy dağılsın” – Avropa liderindən gələcəklə bağlı sərt mesaj
Avropa İttifaqı parçalanma həddindədirmi? Slovakiya baş nazirinin qalmaqallı çıxışı
29 Dekabr 2025
Bu günlərdə Slovakiyanın baş naziri Robert Fitso kifayət qədər diqqətçəkən bəyanatlarla çıxış edib. Onun sözlərinə görə, əgər Avropa İttifaqı suveren siyasətə, ənənələrə və tarixi köklərə hörmət etməsə, “dağılacaq”. Siyasətçi bu fikirləri respublika parlamentinin plenar iclasında səsləndirib.
Fitso ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını dəyərləndirib. Həmin strategiyada Avropa İttifaqının öz əsas dəyərlərindən və liderlik rolundan imtina etdiyi bildirilir. Baş nazirin sözlərinə görə, o, bu mövqe ilə razıdır.
“Avropa İttifaqının öz ənənələrindən tamamilə imtina etdiyini deyən ABŞ-ın vitse-prezidentinə qəzəblənə bilərikmi? Xeyr, o, tamamilə haqlıdır. Əgər Aİ eyni ruhda davam edərsə və suveren siyasətə, ənənələrə, tarixi köklərə hörmət etməzsə, o, dağılacaq. Əgər onun dağılması qaçılmazdırsa, qoy dağılsın”, – Fitso bildirib.
Onun sözlərinə görə, Slovakiya öz mövqeyinə, ənənələrinə və “bir üstəgəl bir iki edir” prinsipinə sadiq qalacaq. Fitso bununla Slovakiya Konstitusiyasında iki cinsin mövcudluğunu təsbit edən düzəlişi nəzərdə tutub. Eyni zamanda, Fitso hesab edir ki, ABŞ-ın yeni təhlükəsizlik strategiyası dəyərlər üzərində qurulub.
“Bu, ABŞ-ın Avropaya və Avropa İttifaqına tamamilə yeni baxışıdır. Bu materiallarda dəfələrlə vurğulanır ki, Avropa İttifaqı öz əsas dəyərlərindən imtina edir, onun lideri yoxdur və Aİ beynəlxalq arenada mövqelərini itirir”, – baş nazir bildirib.
O, əlavə edib ki, bu, “uzunmüddətli perspektivdə bizim üstünlük verdiyimiz baxışdır”. Fitsonun sözlərinə görə, Aİ artıq keçmişdə olduğu kimi real liderliyə malik deyil və dünyada öz mövqelərini itirir.
Xatırladaq ki, bundan əvvəl ABŞ özünün yeni milli təhlükəsizlik konsepsiyasını təqdim edib və bu sənəd Aİ-də şok effekti yaradıb. Həmin konsepsiyada Vaşinqton Avropa ilə transatlantik tərəfdaşlıqdan imtina etdiyini bəyan edib. Bundan əlavə, strategiyada qeyd olunur ki, Aİ-ni sadəcə iqtisadi tənəzzül deyil, yanlış seçilmiş istiqamətlər səbəbindən onun sivilizasiyasının məhv olması perspektivi gözləyir.
Maraqlıdır, Fitsonun Aİ ilə bağlı bu cür öncəgörmələri nəyə əsaslanır? Üstəlik, Slovakiya özü Avropa İttifaqının üzvüdür və məntiq etibarilə onun qorunub saxlanması və möhkəmləndirilməsində maraqlı olmalıdır.
ABŞ-ın “Asset Management Co.” analitik şirkətinin beynəlxalq münasibətlər üzrə baş strateqi, amerikalı ekspert Kayl İnan mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

O, əvvəlcə qeyd edib ki, bu məsələlər illərdir yetişən və indi daha açıq müstəviyə çıxan müzakirəni əhatə edir.
“Bizim Robert Fitsonun bəyanatlarında və qismən də hazırda Vaşinqtonda gedən müzakirələrdə gördüyümüz mənzərə ani mövqe dəyişikliyi deyil, daha çox Avropa layihəsi ətrafında uzun illərdir mövcud olan bir neçə ziddiyyətin üst-üstə düşməsidir.
Birincisi, söhbət suverenlik və inteqrasiya anlayışları arasındakı ziddiyyətdən gedir. Avropa İttifaqı yaranan gündən iki impuls arasında balans saxlayıb: daha dərin siyasi inteqrasiya və milli muxtariyyətə hörmət. Avrozonadakı böhran, miqrasiya, COVID-19 pandemiyası və Ukraynada müharibə kimi böhran dövrləri, bir qayda olaraq, Brüsseli mərkəzləşməyə doğru itələyib. Fitso kimi liderlər üçün isə bu, koordinasiyadan müdaxiləyə keçid deməkdir – xüsusən də ənənəvi olaraq milli dövlətlərin səlahiyyəti sayılan sahələrdə, o cümlədən konstitusiya normaları, mədəniyyət siyasəti, təhsil və sosial dəyərlər məsələlərində. Onun ritorikası, ilk növbədə, demokratik seçimlərinin hansısa institutlar tərəfindən sual altına alındığını hiss edən daxili auditoriyaya hesablanıb.
İkincisi, mədəni və dəyər aspektini də nəzərdən qaçırmaq olmaz. Kimlik, gender, din və tarixi yaddaşla bağlı debatlar Avropanın nəyi təmsil etdiyi və bunu kimin müəyyən etmək hüququna malik olduğu uğrunda daha geniş mübarizənin vasitələrinə çevrilib. Aİ institutları müəyyən sosial siyasətləri universal Avropa dəyərlərinin tərkib hissəsi kimi təqdim etdikdə, tənqidçilər hesab edirlər ki, plüralizm ideoloji konformizmlə əvəz olunur. Fitsonun “bir üstəgəl bir iki edir” fikri riyaziyyatdan daha çox, onun sosial normaların siyasiləşdirilməsi kimi qəbul etdiyi prosesə qarşı müqavimətlə bağlıdır. Onunla kiminsə razılaşmasından asılı olmayaraq, bu yanaşma bir sıra üzv dövlətlərdə, xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələrində rezonans doğurur”, – politoloq qeyd edir.
Onun sözlərinə görə, üçüncüsü, ABŞ nöqteyi-nəzərindən Aİ-yə dair məyusluğun bir çox mənbələri var. “Vaşinqton Avropanı getdikcə strateji baxımdan parçalanmış, qərarları ləng qəbul edən və təhlükəsizlik məsələlərində ABŞ-ın sərt gücündən asılı olan, lakin siyasi bütövlükdən məhrum məkan kimi görür. Avropanın öz əsas dəyərlərindən imtina etməsi ilə bağlı tənqidlər tez-tez mədəni problemləri zəif liderlik, qeyri-ardıcıl xarici siyasət, enerji baxımından həssaslıq və daxili parçalanmalar kimi strateji məsələlərlə birləşdirir. Bu, Avropadan tam imtina demək deyil, lakin vahid geosiyasi oyunçu kimi fəaliyyət göstərməkdə çətinlik çəkən Aİ-yə qarşı səbrin azaldığını göstərir.
Bəs suverenliyə və ənənələrə hörmətsizlik Aİ-nin süqutuna gətirib çıxara bilərmi? “Süqut” bəlkə də həddən artıq dramatik ifadədir, amma eroziya real riskdir. Aİ-nin legitimliyi sonda həm hökumətlərin, həm də vətəndaşların razılığına əsaslanır. Əhalinin əhəmiyyətli hissəsi inteqrasiyanın demokratik seçimlər və ya mədəni identiklik üzərində üstünlük təşkil etdiyini hiss etdikdə, layihəyə dəstək zəifləyir. Tarix göstərir ki, çoxmillətli siyasi strukturlar vahidlik hesabına deyil, uyğunlaşma sayəsində mövcud olur.
Eyni zamanda, əks qütbə ifrat meyllənmə – milli baryerlərə tam qayıdış da Avropanın iqtisadi rəqabət qabiliyyətini, özünü müdafiə etmək və qlobal proseslərə təsir göstərmək imkanlarını zəiflədəcək. Aİ-nin qarşısında duran vəzifə inteqrasiyadan imtina etmək deyil, onu yenidən tənzimləmək, subsidiarlıq prinsipini bərpa etmək, sosial modellərin müxtəlifliyinə dözümlülüyü təmin etmək və öyrədən deyil, inandıran siyasi liderliyi yenidən qurmaqdır.
Bir sözlə, Fitso kimi siyasətçilər Avropa layihəsində mövcud olduğunu düşündükləri balanssızlığa reaksiya verirlər, Amerika rəhbərliyinin bir hissəsi isə Avropanı maraqlara əsaslanan daha strateji prizma ilə yenidən dəyərləndirir. Bunun parçalanmaya aparan ilkin mərhələ, yoxsa islahatların katalizatoru olacağı Aİ-nin vəhdətliyi plüralizmlə uzlaşdıra bilib-bilməyəcəyindən asılı olacaq. Bu, keçmişdə mümkün olub, lakin gələcəkdə necə olacağı hələ bəlli deyil”, – İnan yekunlaşdırıb.
Rauf Orucov