Cənubi Qafqaz iddiası – İmperiya ambisiyası Rusiyanı sona aparır
Ekspert: Rusiya keçmiş sovet respublikalarının suverenliyi və azadlığını qəbul edə bilmir
24 İyul 2026
Son vaxtlar Rusiya media məkanında, xüsusilə də Telegram kanallarında Cənubi Qafqaz ölkələrinə münasibətdə ritorika kəskin şəkildə sərtləşib. Moskva getdikcə daha çox Azərbaycan, Ermənistan və Gürcüstanın addımlarını “xəyanət” və ya Qərbin zərərli təsirinin nəticəsi kimi təqdim edir, Rusiyanın bu regionu “itirdiyini” iddia edir.
Rusiya KİV-ləri əksər hallarda region ölkələrinin müstəqil xarici siyasət yürütmək hüququnu qəbul etmir. Bakı, İrəvan və ya Tbilisinin Moskvanın maraqlarına uyğun gəlməyən istənilən müstəqil addımı avtomatik olaraq anti-Rusiya siyasəti kimi damğalanır.
Rusiya informasiya məkanı öz siyasi səhvlərini təhlil etmək əvəzinə, baş verən hadisələrin sadələşdirilmiş izahını təqdim edir və bütün məsuliyyəti Qərbin üzərinə atır. İddia olunur ki, məhz xarici müdaxilə nəticəsində qonşu ölkələr Rusiyaya qarşı yönləndirilir.
Ukraynadakı müharibə Cənubi Qafqazda Rusiyaya münasibətin əhəmiyyətli dərəcədə dəyişdiyi dönüş nöqtəsinə çevrilib. Region ölkələrinin paytaxtlarında Moskvanın münaqişənin səbəbləri ilə bağlı izahı qəbul edilmir və ümumilikdə Ukrayna xarici təcavüzün qurbanı kimi qiymətləndirilir. Bununla belə, bu mövqe Azərbaycan, Ermənistan və Gürcüstanda müxtəlif səviyyədə diplomatik ehtiyatla ifadə olunur.
Beləliklə, Rusiya Cənubi Qafqaz dövlətlərinin öz milli maraqlarına əsaslanaraq tərəfdaş seçmək hüququna malik müstəqil subyektlər olduğunu qəbul etmək istəmir.
Maraqlıdır, Moskva niyə vəziyyətə bu qədər köhnəlmiş yanaşmada israr edir? Axı Rusiya rəhbərliyində dünyada baş verən dəyişiklikləri görməyən və anlamayan insanlar əyləşməyib. Hamıya məlumdur ki, qonşu ölkələrə təsir göstərmək üçün kobud gücdən daha çox “yumşaq güc” daha səmərəli və uzunmüddətli nəticə verir. Bəs nə üçün ömrünü başa vurmuş imperiyanı xatırladan və sanki özünü öz əli ilə məhv edən bu ölkədə sağlam düşüncə üstünlük qazana bilmir?
Pressklub.az-ın suallarını müstəqil politoloq Xəqani Cəfərli cavablandırıb.
Onun fikrincə, Rusiyanın postsovet ölkələrinin suverenliyini və həqiqi müstəqilliyini qəbul edə bilməməsinin əsas səbəbi onun hələ də imperiya olaraq qalmasıdır.
“Buna görə də Moskvanın siyasəti dəyişmir və bu, ölkəyə kimin rəhbərlik etməsindən asılı deyil. İstər Boris Yeltsinin dövründə, istərsə də bu gün Moskva postsovet dövlətlərinin suverenliyini qəbul etmir. Bu yanaşma ən bariz şəkildə Cənubi Qafqaz və Mərkəzi Asiya respublikalarına münasibətdə özünü göstərir.
Rusiyanı dərindən araşdıran analitiklərin fikrincə, ölkənin dövlət mahiyyəti, yəni imperiya xarakteri dəyişməyincə, Moskvanın keçmiş sovet respublikalarına münasibəti də dəyişməyəcək. İmperiyanın mahiyyəti sərhədlərin daim genişlənməsini tələb edir. Ərazi ekspansiyası dayandığı anda dağılma prosesi başlayır. Moskvada anlayırlar ki, bu qanun bütün imperiyalar üçün keçərlidir. Məhz “imperiyaların ölüm qanunu”nun diktə etdiyi aqibətdən yayınmaq cəhdi 17 milyon kvadratkilometrdən artıq əraziyə malik Rusiyanı yeni torpaqlar işğal etməyə sövq edir. Gürcüstanın, Ukraynanın və gələcəkdə digər keçmiş sovet respublikalarının ərazilərinin işğalı siyasəti imperiyanın sərhədlərini daha da genişləndirmək istəyindən qaynaqlanır”, – ekspert izah edib.
Onun sözlərinə görə, ekspansiyaya can atan Rusiyanın Cənubi Qafqaz respublikalarının suverenliyi ilə barışması mümkün deyil.
“Müsbət məqam ondan ibarətdir ki, postsovet ölkələri talelərinin ortaq olduğunu getdikcə daha yaxşı dərk etməyə başlayırlar. Məhz buna görə də onlar Ukrayna ilə həmrəylik nümayiş etdirirlər. Postsovet məkanındakı bütün dövlətlər anlayırlar ki, əgər Ukrayna məğlub olarsa, Rusiyanın növbəti hədəfi onlardan biri olacaq. Moskvanın məqsədi 1913-cü il nümunəsindəki Rusiya imperiyasının sərhədlərini bərpa etməkdir.
Keçmişi bərpa etmək cəhdi tənəzzülə uğrayan imperiyaların qaçılmaz sonu ilə barışmaq istəməməsinin təzahürüdür. Necə ki, bu cür cəhdlər tarixdə bütün dünya imperiyalarının süqutunu sürətləndirib, Rusiyanın da imperiya statusunu bərpa etmək cəhdləri onun sonunu daha da yaxınlaşdırır. Heç nə Rusiyanı bu aqibətdən xilas edə bilməyəcək. Cənubi Qafqaz ölkələri öz siyasətlərini bu reallıqlara uyğun qurmalı və milli maraqlarını qorumaqda qətiyyət nümayiş etdirməlidirlər”, – Cəfərli bildirib.
Rauf Orucov