Logo
news content
User
Kateqoriyalar

Analitika

Britaniyaya casusluq edən, Rusiyanın satdığı, İranın dara çəkdiyi nazir müavini – SENSASİON TƏFƏRRÜATLAR
“Onun verdiyi məlumat beynəlxalq birliyin İrana münasibətini kəskin dəyişdi”

“New York Times”da çıxan məqalədə İranın müdafiə nazirinin keçmiş müavini, Böyük Britaniyanın xeyrinə casusluq ittihamı ilə yanvarda asılan Əlirza Əkbərinin işinin yeni təfərrüatları açıqlanır. Yazıdan aydın olur ki, Əkbəri həqiqətən də Britaniya kəşfiyyatına İranın nüvə proqramı barədə qiymətli məlumatlar ötürüb, onu ifşa etməkdə isə Tehrana Rusiya xüsusi xidmət orqanları kömək ediblər.

Qəzetlə çoxdan əməkdaşlıq edən Farnaz Fassihi və Ronen Berqmanın məqaləsi Böyük Britaniyanın, İsrailin, ABŞ-ın, Almaniyanın və İranın keçmiş və indiki kəşfiyyatçılarının, diplomatlarının dediklərinə əsaslanır. Onların əksəriyyəti anonimlik şərtilə danışıb.

Edamından az əvvəl Əkbərinin ötürdüyü audioyazı BBC-nin Fars xidmətinin ixtiyarına keçib. Səsdə iddia olunur ki, etiraf ifadələri ondan təzyiqlə qoparılıb.

Qəzet həmin audioyazının keçmiş məmurun qohumları vasitəsilə ötürüldüyünü yazır.

Böyük Britaniya özünün kəşfiyyat xidmətlərinin fəaliyyətini heç vaxt şərh etmir. Qəzetə cavab verən XİN nümayəndəsi bu mövqeyi bir daha təkrarlayıb. 

ABŞ Dövlət Departamentində və Milli Təhlükəsizlik Agentliyində şərh verməkdən imtina ediblər. 

 

Qərb ölkələri Əkbəridən nə öyrəniblər?

 

İranın gizli şəkildə nüvə silahı hazırlaması haqqında şübhələr Qərbdə ən azı 2004-cü ildən mövcuddur. Tehran bunu inadla inkar edirdi və Əkbəri İranın müdafiə nazirinin müavini olduğu illərdə bu mövqeni mütəmadi şəkildə Qərb, o cümlədən Britaniya diplomatlarına çatdırırdı.

İran televiziyasında göstərilən etiraf görüntülərində Əkbəri özünün guya Tehrandakı Britaniya səfirliyində qəbul zamanı ələ alındığını deyir.

Ölümqabağı audioyazıda məhz bu etirafın işgəncə ilə alındığı söylənilir. Əkbərinin NYT-a danışan qohumları da eyni şeyi deyirlər, amma etirafdakı bir çox faktların gerçək olduğunu qəbul edirlər. 

Qəzetin məlumatına görə, yeraltı Fordo kompleksinin əsl təyinatını məhz Əkbəri Mİ6-ya xəbər verib. Qərb kəşfiyyatı həmin obyektin mövcudluğundan xəbərdar idi, amma yalnız ondan öyrəndilər ki, bura nüvə silahının yaradılması üçün zəruri komponentin - zənginləşdirilmiş uran istehsalının əsas mərkəzidir.

Mİ6 2008-ci ilin aprelində bu informasiyanı İsrail də daxil müttəfiqlərilə bölüşüb. Həmin dövrdə İsrailin Müdafiə Nazirliyində aparat rəhbəri olan və 2019-cu ildə vəfat edən Yoni Koren bunu açıq deyirdi. 

“Fordo barədə məlumat beynəlxalq birliyin İrana münasibətini kəskin dəyişdi”, - CIA-nın İran üzrə keçmiş meneceri Norman Rul belə deyir. 

 

Əlirza Əkbəri kimdir?

 

Əkbərin ən heyrətamiz xüsusiyyəti odur ki, Qərbə rəğbət bəsləyən adama heç  oxşamırdı. Əksinə, onu tanıyanların hamısı İslam inqilabına fanatik bağlılığından bəhs edirlər.

O, gəncliyində İslam İnqilabı Keşikçiləri Korpusu sıralarına qoşulub, 80-ci illərdə İraqla müharibədə iştirak edib və onu döyüş mükafatlarına malik komandir kimi bitirib. Sonrakı illərdə güc bürokratiyasının pillələri ilə inamla yuxarı çıxıb, axırda müdafiə nazirinin müavini və ölkənin bir sıra yüksək məmurlarının, məsələn, Milli təhlükəsizlik üzrə ali şuranın indiki katibi Əli Şamxaninin müşaviri vəzifəsinə qədər yüksəlib. 

Amma bir çox İran məmurları kimi Əkbəri də xaricdə biznes qurub. İranın rəsmi bəyanatlarına inanılsa, Mİ6 ona 2 milyon funt sterlinqə yaxın məbləğ ödəyib.

Əkbəri 2008-ci ildə nazir müavini vəzifəsindən pensiyaya çıxıb, amma Şamxaninin müşaviri postunu saxlayıb. Bu dövrdən etibarən mütəmadi olaraq xaricə, o cümlədən, Böyük Britaniyaya səfərlər edib. 

2010-cu ildə Londonda ürək tutması keçirib (istintaq zamanı qeydə alınan videolarda Birləşmiş Krallıqda çox qalmaq üçün simulyasiya etdiyini deyir). Sonrakı illərdə orada məskunlaşıb, şirkətlərinin gəliri ilə dolanıb və Britaniya vətəndaşlığı alıb. Eyni zamanda, İrana gedib-gəlməkdə davam edib. 

 

Onu kim ifşa edib və bu işdə Rusiyanın rolu barədə nə məlumdur?

 

Əkbəridən ilk dəfə 2008-ci ildə, istefasından az əvvəl şübhələniblər. O, həbsdə dörd ay keçirib, amma heç nəyi etiraf etməyib. Qohumlarının dediyinə görə, çoxsaylı dostları onun loyallığından əmin idilər.

Onu azad etdilər, işi bağladılar və azad şəkildə xaricə getməyə icazə verdilər. 

Əkbəri 2019-cu ildə növbəti dəfə Londondan Tehrana gəlir. Qardaşının sözlərinə görə, keçmiş məmuru Şamxani özü təcili çağırıb.

Gəlişindən bir neçə gün sonra Kəşfiyyat nazirliyinə çağırılan Əkbəri bir neçə saat sürən sorğu-sualdan sonra həbs edilib.

İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın olan iki iranlı mənbə “New York Times”a bildirib ki, Fordo haqqında informasiyanın Qərb xüsusi xidmət orqanlarına məhz Əkbərinin ötürdüyünü Tehranda artıq müəyyənləşdirmişdilər və bu işdə Rusiya kəşfiyyatı kömək edib.  “İranın yaxın müttəfiqi olan Rusiyanın bu məlumatı necə aşkar etməsi aydın deyil”, - qəzet yazır. 

İran hakimiyyəti casusun ifşa olunmasını və onun edama məhkum edilməsini rəsmən bu ilin yanvarında açıqlayıb.  Elə həmin vaxt etiraf videoları nümayiş olunub, Əkbəri isə asılıb.

İranın yüksək məmurlarının edamı çox nadir hadisədir, indiyə qədər yalnız 1982-ci ildə texnokratın edamı məlumdur (söhbət yəqin bir müddət xarici işlər naziri olmuş Sadeq Qotbzadədən gedir – tərc.), bu da Əkbəri olayının müstəsnalığından xəbər verir.

Qohumlarının “New York Times”a danışdıqlarına görə, onlara edamın tarixi əvvəlcədən deyilməyib və nə orada, nə dəfndə iştirak edə bilməyiblər, amma 40 mərasimi keçirməyə icazə verilib. Onlar Əlirza Əkbərinin çoxsaylı iş yoldaşlarını dəvət ediblər, amma kimsə gəlməyib. 

 

Hazırladı: Yadigar Sadıqlı

 

Mənbə: https://www.bbc.com/russian/news-65451241 

 

“Press Klub”dan: Əlirza Əkbəri 1961-ci ildə Şirazda anadan olub. 2000-2008-ci illərdə İran müdafiə nazirinin müavini vəzifəsini tutub. Bu ilin yanvarında yayılan rəsmi məlumatda başqa ittihamlarla yanaşı Əkbərinin verdiyi informasiyanın İranın aparıcı nüvə alimi Möhsün Fəxrizadənin qətlinə kömək etməsi iddiası yer alır (qətl Əkbərinin həbsindən sonra, 2020-ci ilin noyabrın 27-də həyata keçirilib). Yanvarın 14-də Əlirza Əkbərinin edam olunduğu bildirilib.