Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli?
Torpaqdan qaçışın pərdəarxası...
02 İyun 2026
Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirmişdi ki, genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə kütləvi köç təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. “Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır”, - ölkə başçısı vurğulayıb.
Dövlət başçısı bununla kəndlərdən şəhərlərə, xüsusən də paytaxt Bakıya axının həm şəhər infrastrukturuna böyük yük yaratdığını, həm də bölgələrin demoqrafik balansını pozduğunu vurğuladı. Bu çıxış, əslində, get-gedə böyüyən sosial-iqtisadi bir yaranın - kəndlərin boşalması probleminin rəsmi səviyyədə gündəmə gətirilməsidir.
Qeyd edək ki, Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) və büdcə gəlirlərinin təxminən 75-80%-i təkbaşına Bakının (Abşeron iqtisadi rayonu daxil olmaqla) payına düşür. Ölkə iqtisadiyyatının dörddə üçü bir şəhərdə cəmləşib. Geriyə qalan bütün regionların - 60-dan çox rayon və şəhərin ÜDM-dəki ümumi payı cəmi 20-25% civarındadır. Büdcə gəlirlərində isə regionların payı daha aşağıdır (əksər rayonlar hələ də dövlət büdcəsindən dotasiya alan yerli xərclərlə yaşayır).
Rəsmi statistikaya nəzər salsaq, Azərbaycanda şəhər və kənd əhalisinin nisbəti demək olar ki, yarıbayarıdır (təxminən 53% şəhər, 47% kənd). Lakin bu rəqəmlər real vəziyyəti əks etdirmir, çünki kənddə qeydiyyatda olan yüz minlərlə insan faktiki olaraq Bakıda və ya ölkə xaricində yaşayır.
Kəndli niyə torpaqdan qaçır? Dörd əsas səbəb
İnsanlar kəndi niyə tərk edir? Doğulduğu, böyüdüyü yurdu qoyub şəhərin səs-küyünə qaçmaq heç kim üçün xoş deyil. Bu, urbanizasiya yox, məcburi köçdür. Səbəblər isə dərindir:
Kəndli torpağa əkməyə keyfiyyətli, məhsuldar toxum tapa bilmir. Nəticədə min bir əziyyətlə əkilən sahədən alınan məhsul həm az olur, həm də xaricdən gələn, yaxud aqroparklarda yetişdirilən parıltılı məhsullarla rəqabətə dözmür;
Dövlətin aqrar sahəyə ayırdığı subsidiyalar və güzəştli kreditlər çox vaxt sıravi, kiçik kəndliyə gedib çatmır. Bürokratik əngəllər, "tanış-biliş" amili real istehsalçını dəstəkdən məhrum edir;
Kəndlinin ən böyük dərdi məhsulu satmaqdır. Böyük şəhərlərin bazarları və market şəbəkələri dəllalların (vasitəçilərin) əlindədir. Kənddən məhsulu 20 qəpiyə alan dəllal şəhərdə onu 2 manata satır. Qazanan tər tökməyən vasitəçi olur, müflis olan isə kəndli;
Xaricdən (məsələn, İran, Türkiyə və ya Rusiyadan) gələn ucuz və rəqabətədavamlı kənd təsərrüfatı məhsulları yerli istehsalı boğur. Dövlət daxili bazarı xarici dempinqdən (süni qiymət ucuzlaşmasından) qorumadıqca, yerli kəndli ziyana işləyir.
Bakıda 1 ay taksi sürüb kənddə 4 ayda qazandığını qazanır
Mənzərəni tam sadə bir dillə izah edək: Bu gün kənddən Bakıya gəlib, borc-xərclə bir maşın götürüb taksi sürən gənc, ayda təmiz 1000 manat qazana bilir. İndi isə kəndə qayıdaq. Bir kəndli ailəsinin həmin 1000 manatı torpaqdan, heyvandarlıqdan qazanması üçün ən azı 4 ay gecə-gündüz, qızmar günəşin, şaxtanın altında bel bükməsi lazımdır. Üstəlik, su qıtlığı, yem bahalığı və məhsulun sahədə qalıb çürüməsi riskini də bura əlavə etsək, kəndlinin niyə torpağı qoyub şəhərdə sükan arxasına keçdiyini anlamaq çətin deyil. İnsanlar sadəcə daha asan və zəmanətli çörək pulunun ardınca qaçırlar.
Nə etməli?
Kəndlərin tamamilə qocalıb sıradan çıxmaması və Bakının partlamaq nöqtəsinə gələn yükünü azaltmaq üçün təcili addımlar atılmalıdır:
İlk növbədə subsidiya sistemi şəffaflaşmalıdır. Subsidiya kənd təsərrüfatı nazirliyinin dəhlizlərində yox, birbaşa sahədə, torpağı qabaran kəndlinin kartında olmalıdır. Proses tam rəqəmsallaşmalı və ədalətli icra edilməlidir.
Həmçinin bölgələrdə dövlət tərəfindən laboratoriyalar və ucuz, keyfiyyətli toxum mərkəzləri yaradılmalıdır. Kəndli bilməlidir ki, əkdiyi toxum ona mütləq keyfiyyətli məhsul verəcək.
Daha sonra dövlət kəndlinin öz məhsulunu birbaşa şəhər bazarlarına çıxarması üçün "tarladan masaya" zəncirini qurmalıdır. Böyük şəhərlərdə kəndlilər üçün rüsumsuz, sərbəst satış sahələri yaradılmalıdır.
Daxili bazarı qorumaq üçün mövsüm vaxtı xaricdən gələn analoji kənd təsərrüfatı məhsullarına differensial qaydada yüksək gömrük rüsumları tətbiq edilməlidir ki, yerli məhsul dəyər qazansın.
Şəhərdən kəndə köçmək istəyən vətəndaşları stimullaşdırmaq üçün vacib addımlardan biri isə kəndlərdə elektrik, qaz, su paytaxta nisbətən daha aşağı tariflərlə əhaliyə verilməlidir. Məlumdur ki, az gəlirli vətəndaşlar üçün bu xərcləri ödəmək kifayət qədər ağır yükdür. İri kənd evlərinin aylıq kommunal xərcləri şəhərdəki mənzillərin sərfiyyatını bir neçə dəfə üstələyir.
Əlbəttə, bir yazıda mövzuya aid bütün problemləri sadalamaq mümkün deyil, urbanizasiyanı tətikləyən əsas çətinliklər bunlardan ibarətdir. Azərbaycan dövlətinin bu problemləri həll etmək üçün kifayət qədər pulu və kadr bankı var. Prezident İlham Əliyev məsələni gündəmə gətirib, qalır, iqtisadi komandanın işə keçməsi...
Turqut