Başımız üzərindəki təhlükə - Növbəti nüvə dövləti hansı olacaq?
Ekspert: Beynəlxalq ictimaiyyət hələ də bunun qarşısını almağa qadirdir, sadəcə, hərəkət etmək lazımdır
23 İyul 2026
Son bir həftə ərzində beynəlxalq KİV-lərdə bəzi nüfuzlu dövlətlərin nüvə silahına sahib olmaq istəyini əks etdirən narahatedici məqalələr dərc olunub. Söhbət ilk növbədə Almaniya, Yaponiya və Səudiyyə Ərəbistanından gedir. Hazırda bu ölkələrin hamısı rəsmi olaraq Nüvə Silahının Yayılmaması Müqaviləsinə (NPT) əməl edir. Lakin qlobal münaqişələrin kəskinləşməsi, Yaxın Şərqdə davam edən müharibələr və ABŞ-ın təqdim etdiyi “nüvə çətiri”nin etibarlılığı ilə bağlı artan şübhələr fonunda hər üç ölkədə həm ictimai müzakirələr, həm də ekspertlərin “gizli nüvə ambisiyalarının əlaməti” kimi qiymətləndirdiyi praktiki addımlar fəallaşıb.
Hazırda Yaponiyada hələ 1967-ci ildə qəbul edilmiş “Üç qeyri-nüvə prinsipi” qüvvədədir. Həmin prinsiplərə əsasən ölkə nüvə silahına sahib olmamalı, onu istehsal etməməli və öz ərazisinə gətirməməlidir. Lakin 2026-cı ilin iyulunda Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi açıq şəkildə bu qadağa ilə vidalaşmağın və ölkənin qeyri-nüvə siyasətinə yenidən baxılmasının vacibliyini bəyan edib. Bu çağırış 2026-cı ilin sonunadək hazırlanacaq yeni Milli Təhlükəsizlik Strategiyası çərçivəsində səsləndirilib.
Texniki baxımdan Yaponiya bunun üçün kifayət qədər böyük potensiala malikdir. Ölkənin böyük plutonium ehtiyatları və inkişaf etmiş kosmik texnologiyaları var. Mütəxəssislərin fikrincə, Yaponiya qısa müddət ərzində nüvə bombası hazırlamaq imkanına malik olan, yəni “nüvə həddi” (threshold state) statusunda olan dövlətlərdən biridir.
Buna sərt mövqeyi ilə tanınan Baş nazir Sanae Takatinin hakimiyyətdə olması, Şimali Koreyanın raket-nüvə təhdidi, Çinin güclənməsi və Vaşinqtonun təhlükəsizlik zəmanətlərinə etimadın azalması əlavə stimullar kimi göstərilir.
Səudiyyə Ərəbistanı indiyədək nüvə silahından azad Yaxın Şərqin tərəfdarı olduğunu bəyan edirdi. Lakin bir neçə gün əvvəl Ər-Riyad və Vaşinqton mülki nüvə əməkdaşlığına dair layihə sənədini – “123 Sazişi”ni razılaşdırıblar. Bu sənəd Səudiyyə Ərəbistanına öz ərazisində uranı müstəqil şəkildə zənginləşdirmək hüququ verir. Eyni zamanda, krallıq MAQATE-nin sərt yoxlamalarını nəzərdə tutan Əlavə Protokolu imzalamaqdan imtina edib.
Hazırda krallığın öz nüvə texnologiya bazası olmasa da, uranın zənginləşdirilməsi ona bu istiqamətdə əsas texnoloji imkan yaradır. Bundan əlavə, Səudiyyə Ərəbistanının nüvə silahına malik Pakistanla Strateji Qarşılıqlı Müdafiə Sazişi qüvvədədir. Vəliəhd şahzadə Məhəmməd bin Salman isə bundan əvvəl açıq şəkildə bəyan etmişdi ki, əgər İran nüvə bombası əldə etsə, Səudiyyə Ərəbistanı da eyni addımı atacaq. Hazırda davam edən ABŞ–İran qarşıdurması isə bu prosesləri daha da sürətləndirir.
Almaniya Federativ Respublikasının 1990-cı ildə imzalanmış “İki üstəgəl dörd” müqaviləsinə əsasən nüvə silahı hazırlamaq qadağası var. Bununla yanaşı, NATO-nun birgə nüvə missiyaları çərçivəsində ABŞ-ın taktiki nüvə silahları Almaniya ərazisində yerləşdirilib. Xarici kəşfiyyat xidmətlərinin məlumatına görə, Almaniya siyasi qərar qəbul ediləcəyi təqdirdə, təxminən bir il ərzində nüvə qurğusu hazırlamaq üçün lazım olan bütün infrastruktur və yüksək ixtisaslı kadrlara malikdir. Hesab olunur ki, Donald Trampın yenidən Ağ Evə qayıtması, Avropa İttifaqına qarşı gömrük rüsumları tətbiq etməsi və ABŞ-ın NATO qarşısındakı öhdəliklərini zəiflətməsi Berlini Amerika “nüvə çətiri”nə alternativ axtarmağa vadar edə bilər.
Bütün bunlar, təbii ki, bir sıra ciddi suallar doğurur.
Texnoloji cəhətdən inkişaf etmiş dövlətlərin öz nüvə arsenalını yaratmağa başlaması realdırmı? Bu ölkələri belə addımı atmağa vadar edə biləcək səbəblər hansılardır? Dünyada artan təhlükə və qeyri-sabitlik hissi prosesin əsas stimulu hesab oluna bilərmi? Hazırda nüvə silahlarının yayılmasının qarşısını ala biləcək təsirli beynəlxalq mexanizmlər hələ də mövcuddurmu? Və nəhayət, çoxsaylı dövlətlərin eyni vaxtda nüvə silahlanması yarışına qoşulması hansı qlobal nəticələrə gətirib çıxara bilər?
Pressklub.az-ın suallarını Milli Məclisin deputatı, tanınmış politoloq Rasim Musabəyov cavablandırıb.
.jpg)
Onun sözlərinə görə, iqtisadi və sənaye baxımından inkişaf etmiş dövlətlər öz nüvə silahlarını asanlıqla yarada bilərlər.
“Əgər yoxsul Şimali Koreya, çox kasıb Pakistan və vaxtilə Cənubi Afrika Respublikası nüvə silahı hazırlaya bilibsə, Yaponiya, Almaniya, Türkiyə və ya Səudiyyə Ərəbistanı üçün bunu etmək heç bir çətinlik yaratmaz. Eyni qaydada Braziliya, Argentina, Kanada və Avstraliya da bunu rahatlıqla edə bilər.
Məsələ ondadır ki, nüvə silahının yayılmaması haqqında beynəlxalq müqavilədə təsbit olunmuş müəyyən öhdəliklər mövcuddur”, – analitik bildirib.
O, etiraf edir ki, hazırda “dəcəllik edən” Şimali Koreya nümunəsi var, həmçinin “qonşu ölkələrdən qaynaqlanan təhlükələr” əsas gətirilərək İsrailin nüvə potensialına da göz yumulur.
“Amma əgər İran nüvə silahına sahib olsa, Səudiyyə Ərəbistanı artıq bəyan edib ki, dərhal onun yolunu tutacaq. Düşünürəm ki, Türkiyə və Misir də eyni addımı atacaq.
Çox güman ki, bu zəncir davam edəcək. İnkişaf etmiş ölkələrin Nüvə Silahının Yayılmaması Müqaviləsinin qoyduğu məhdudiyyətlərə bundan sonra da əməl edəcəyinə ümid etmək çətindir. Bu, hadisələrin ən arzuolunan inkişaf istiqaməti deyil. Lakin beynəlxalq ictimaiyyət hələ də bunun qarşısını almağa qadirdir. Sadəcə, hərəkət etmək lazımdır”, – Musabəyov vurğulayıb.
Rauf Orucov